Tibb tarixində şok effekti yaradan hadisə

Hit: 581
Tibb tarixində şok effekti yaradan hadisə
1972-ci ildə ABŞ psixoloqu David Rosenhan (Stanford Universitetinin professoru) tərəfindən aparılıb. Təcrübə çöl eksperimenti və hadisənin öyrənilməsi metodlarına aiddir. Təcrübənin məqsədi isə qoyulan diaqnozların nə dərəcədə həqiqətə uyğun olduğunu göstərmək məqsədi daşıyırdı.
 
Təcrübə iki hissədən ibarət idi. Birinci hissədə 8 nəfər iştirakçı uydurulmuş mental problem simptomu ilə müxtəlif psixiatrik klinikalara müraciət etdilər. Təcrübənin ikinci hissəsində bir neçə psixiatrik klinikaya xəbər verildi ki, növbəti üç ayda bir neçə şəxs onlara uydurma simptomlarla müraciət edəcək.
 
Təcrübənin birinci hissəsində Rosenhan və 7 nəfər psevdopasient olaraq klinikalara müraciət edir.
Aralarından Rosenhan’ın da olduğu 20 yaşlarında psixologiya ixtisaslı universitet məzunu, pediatr, psixiatr, rəssam, evdar qadın, və üç psixoloq psevdonimlərlə klinikalara müraciət edir. Təcrübə ərzində səkkiz iştirakçı Amerikanın müxtəlif ştatlarında 12 psixiatrik klinikaya xəstə kimi müraciət etdilər. İştirakçılar klinikaya eyni şikayətlə gəlirdilər: onlar səslər eşidirlər. Bu səslər “boş”, “boşluq”, “düşmək” kimi sözlər deyirdilər. İştirakçıların uydurma şikayətləri bununla bitirdi, bundan sonra isə hər bir iştirakçı klinika həkimlərinə öz həyatında baş verən real hadisələri təsvir edirdi. Bu real hekayələr onların öz ətrafındakı insanlar ilə olan münasibətlərini əhatə edirdi. İştirakçılar klinikadakı psixiatrlara həyatlarında baş verən hadisələri olduğu kimi danışır, bu hadisələrin onları sevindirdiyini və ya məyus etdiyini açıq bildirirdilər. Bu hadisələr və iştirakçıların onlara reaksiyası əslində tam normal idi və onlarda heç bir patologiya yox idi.
 
Səkkiz iştirakçıdan yeddisi müraciət etdikləri klinikalara şizofreniya diaqnozu ilə qəbul edildilər. Müddətin sonunda onlar həmin klinikalardan “şizofreniya remissiyada” diaqnozu ilə buraxıldılar. Klinikada olduqları müddətdə heç kim onların davranışından şübhəyə düşmədi və onların uydurma xəstə olduqlarını fikirləşmədi. İştirakçılar şizofreniya diaqnozu ilə daxil olduqlarından klinikada onları müalicədən sonra da mental cəhətdən normal, sağlam adam kimi qəbul etmədilər.
 
Təcrübənin ikinci hissəsi isə diaqnozun vacibliyini bir daha ortaya çıxarır.
Təcrübənin birinci hissəsi göstərdi ki, psixiatrik klinikalar asanlıqla sağlam adamı xəstə kimi qəbul edirlər. Xəstəxanadan ayrılandan sonra, bunun bir eksperiment olduğunu söyləyən professora xəstəxana bildirib ki, professor daha bir neçə psevdopasient göndərsin ki, xəstəxana onları taparaq düzgün diaqnoza sahib olduqlarını sübut eləsin. Rosenhan da təcrübəni davam etdirmək qərarına gəlib Bir neçə psixiatrik klinikaya xəbərdarlıq edildi ki, növbəti üç ay ərzində onlara bir və ya daha çox psevdopasient müraciət edəcək. Klinikalarda xəstələrlə üzləşməli olan hər kəsdən xahiş edildi ki, onlara müraciət edən şəxsin nə dərəcədə sağlam və ya mental xəstə olduğuna diqqət etsinlər.
 
İkinci təcrübənin nəticəsi isə daha dəhşətli idi.  Klinika işçiləri onlara müraciət edənlərdən 193 nəfərini dəqiq yoxlamadan keçirdi. Onlardan 41-i klinikanın müxtəlif işçiləri tərəfindən psevdopasient hesab edildi. Bu o demək idi ki, klinika işçiləri bu şəxslərin şikayətlərini uydurulmuş hesab etdilər. Əslində isə bu müddətdə həmin klinikalara təcrübə iştirakçıları müraciət etməmişdilər.  D. Rosenhan təcrübənin nəticələri 1973-cü ildə Science jurnalında, “On being sane in insane places” məqaləsində nəşr etdirdi. pahoo.az








Redaktorun seçimi