Putin Obamanı necə “sındırdı”, yaxud “qara oğlan”ı bitirən - Üç səbəb

Hit: 1126
Putin Obamanı necə “sındırdı”, yaxud “qara oğlan”ı bitirən - Üç səbəb

Bu gün Barak Obama Ağ Evi tərk edir. ABŞ-ın ilk qaradərili prezidenti, Şərq leksikonu ilə desək “qara oğlan” yerini Donald Trampa verir. “Gallup” İnstitutunun məlumatına görə, 58 faiz amerikalı Obamanın vəzifəsinin öhdəsindən layiqincə gəldiyini düşünür. Lakin dünyanın mənzərəsi isə fərqli şeylər haqqında danışıb.

Faktor.az publika.az-a istinadən xəbər verir ki, Obama dünyanı sözün əsil mənasında öz rənginə boyayıb gedir.

“Xoş niyyətlə cəhənnəm yaratmaq”. ABŞ-ın 44-cü prezidentinin fəaliyyətini bu ifadə ilə xarakterizə etmək mümkündür.

O, Amerikanı daxildən modernləşdirməyə, iqtisadiyyatını və cəmiyyətini sağlamlaşdırmağa, həmçinin oğul Buş dövründə sarsılmış beynəlxalq mövqelərini möhkəmləndirməyə səmimiyyətlə çalışırdı. Lakin nəticə heç də ürəkaçan olmadı və Amerika daha çox bataqlığa yuvarlandı, həm xaricdə, həm də daxildə.

Buşun müharibələri və Məsihə çevrilən “qara oğlan”



Prezident səlahiyyətlərinə başladığı ilk dövrdə Obama planetin ən məşhur insanlarından biri idi. İlk qaradərili prezident Amerika xəyallarının reallaşmasının, ölkənin yenilənməsinin simvoluna çevrilmişdi. Oğul Buşun müharibələri və “böyük düşmən” obrazı yaratması Amerikanı təngə gətirmişdi. Obama az qala Məsihə çevrildi və xilaskar olaraq qəbul edildi. Sonda isə o, ABŞ-ın ən uğursuz liderlərindən biri oldu. Amerika cəmiyyəti parçalandı, bədbinləşdi, dünya isə bu super gücə nifərtlə, kinlə yanaşmağa başladı.

Seksual azlıqların inqilabı

Obama gələr-gəlməz antiböhran planı qəbul etdi, seksual azlıqların diskriminasiyaya uğramasının qarşısını almaq üçün addımlar atdı. Bu, dünya üçün inqilab idi. Bir sıra əhəmiyyətli qanunların təşəbbüskarı kimi çıxış etdi. Miqrasiya qanunlarını yumşaltdı, qeyri-leqal miqrantların ABŞ-da qanuni yaşamasına şərait yaratdı. Əsasən tibbi sosial sığortanı əhalinin kasıb təbəqəsinin də üzünə açmaqla növbəti inqilabını etdi.

Çinlə əməkdaşlıq, Rusiyaya qarşı yumşalma

Obama xaricdə ABŞ-ın mövqelərini bərkitməyə və hegomonluğunu təmin etməyə çalışırdı. Onun gəlişi ilə Amerika Avropa və Asiyada müttəfiqləri ilə daha çox yaxınlaşdı. Çinə strateji əməkdaşlıq təklif etdi, Rusiyaya qarşı yumşaldı. “Quantanamo” həbsxanasını bağlayacağını desə də, bacarmadı. O, qlobal xeyriyyəçi rolunu üzərinə götürməyə çalışırdı. Buşun hərbi müdaxilə siyasətindən imtina etdi, görünən o idi ki, daha real xarici siyasət aparmağa üstünlük verdi. Rusiyaya qarşı demokratiya və insan haqları ilə bağlı tənqidləri azaltdı. NATO-nun Ukraynaya girişini təxirə saldı. Hətta 2010-cu ildə Rusiyanın post-sovet məkanında nüfuzunu de-faktı tanıdı.

Əsəd onu necə bitirdi?

2011-ci ildə “ərəb baharı” başlayandan sonra isə o, dəyişməyə başladı və verdiyi vədləri asanlqla unutdu. Bəşər Əsədin getməsini tələb etdi, əks təqdirdə müdaxilə edəcəkdi. Beləliklə, Suriyada vətəndaş müharibəsinin başlamasına səbəb olan addımlar atdı. Xüsusilə Əsədin getməsi üçün atdığı addımların uğur qazanmaması regionda ona qeyri-ciddi münasibət formalaşdırdı.

Putinin müdaxiləsi

Rusiyanın Suriyaya müdaxiləsi isə Obama üçün alçaldıcı vəziyyət yaratdı. Putin nəinki Əsədin getməsinin qarşısını aldı, həmçinin regionda ABŞ təsirlərini məhv etdi. Türkiyəyə qarşı yanlış siyasət Ankaranın Moskva ilə yaxınlaşmasına səbəb oldu.

Təbii ki, Obamanın xarici siyasəti başdan-ayağa qara deyil. Misal üçün, İranla nüvə razılaşması, Kuba ilə münasibətlərin bərpası, Hindistanla yaxınlaşma, Trans-Sakit okean bölgəsində müttəfiqlərlə sazişin imzalanması kimi müsbət addımlar atmağı bacardı. Lakin yeni administrasiyanın Obamanın mirasını qəbul edib-etməyəcəyi hələ ki sual altındadır.

Bəs, niyə Məsih kimi qəbul edilən Obama belə uğursuzluğa düçar oldu? Niyə prezidentliyinin ilk dövründə ABŞ-ın nüfuzunu artıran prezident ikinci dövrdə üzüaşağı yuvarlanmağa başladı?

Yenilənmə bəlası: SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov məhz yenidənqurmanın qurbanı oldu. Hərçənd, onun missiyasının əslində yenidənqurma ilə imperiyanı dağıtmaq olduğu haqda iddialar var. Lakin gerçək odur ki, Qorbaçov yenidənqurma ilə həm də öz postunu itirdi. Obama haqqında da eyni sözləri demək olar. ABŞ-ın yenilənməsi siyasəti onun nüfuzdan düşməsinə gətirib çıxartdı.

1. Hər kəs ondan möcüzələr gözləyirdi, lakin bu olmadı.

2. Obama lap başdan müqavimətlə qarşılaşdı. Respublikaçılar onun yenilənmə siyasətinə qarşı çıxdılar. Bir çox halda Obama özü buna şərait yaratdı. Çünki o respublikaçıların fikrinə məhəl qoymadan addımlar atdı və daxili müqaviməti yetişdirdi.

3. Obamanın ən böyük səhvi dünyanı yanlış oxuması oldu. O düşünürdü ki, dünya Amerikanın oxu ətrafında birləşəcək. Lakin bilmirdi ki, dünya artıq əvvəlki deyil. O, ölkələrin maraqlarını və mövqelərini nəzərə almadan siyasət aparmağa üstünlük verdi. Bundan isə yalnız Amerikanın özü itirdi.

İndi əsas sual budur: Tramp ABŞ-ın dünyadakı nüfuzunu gücləndirə və fövqəlbəşər dövlət olmaq arzularını reallaşdıra biləcəkmi?

Faktor.az









Redaktorun seçimi