İranda daha 24 nəfər edam edilib

Hit: 496
İranda daha 24 nəfər edam edilib

İranda narkotik maddələrin qaçaqmalçılığında, qətldə və silahlı oğurluqda günahlandırılaran daha 24 nəfər edam edilib. Hadisə son iki-üç gündə baş versə də, bu barədə xəbər yenicə yayılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, narkotik maddə qaçaqmalçılığı və silahlı oğurluq ittihamına görə 3 nəfər yanvarın14-ü sübh saatlarında İranın Qəzvin şəhərinin mərkəzi zindanında, 16 nəfər Kərəcin Rəcayişəhr və mərkəzi “Nidamətgah” zindanlarında, 2 nəfər isə Rəşt şəhərinin Lakan həbsxanasında dara çəkilib.

Həmçinin qətldə günahlandırılan 21 yaşlı daha 1 müttəhim, həmin gün Sari şəhərinin zindanında, eyni ittihama görə 2 məhbus da, Kirman və Həmədan həbsxanalarında dara çəkilib. Edam edilənlərdən bəzilərinin adlarını müəyyənləşdirmək mümkün olsa da, onların məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti, öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

Faktor.az









Redaktorun seçimi