ABŞ-ın sanksiya torbası - İran gündə nə qədər itirir? - FOTOLAR

Hit: 699
ABŞ-ın sanksiya torbası - İran gündə nə qədər itirir? - FOTOLAR

ABŞ Senatı İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

İran xarici işlər naziri sanksiyaların uzadılmasının dünya ictimaiyyətinin ABŞ-a qarşı etimadsızlığına səbəb olacağını bildirib.

ABŞ İrana qarşı sanksiyaları uzatmağa çalışır

Yaxın keçmişə bir qədər nəzər salaq...

İranın nüvə proqramından hərbi məqsədlərlə istifadə edə bilmə ehtimalı bu ölkəyə qarşı təzyiqləri daha da artırır. Bu səbəbdən Amerika İranın neft-kimya və enerji sektoruna qarşı sanksiyalar irəli sürməkdə davam edir. Bir neçə il öncə İlk dəfə olaraq ABŞ İranın Mərkəzi Bankı da daxil olmaqla, Amerika ilə biznes əlaqələri qurmağa cəhd edən bank sektorunu da hədəf aldı. Bu sanksiyalar artıq təsirini göstərməkdədir.

Sanksiyalar İranı beynəlxalq ictimaiyyətdən təcrid edərək biznes əlaqələrini riskli, qeyri-mümkün edib.

Sözügedən sanksiyalar İranın qəbuledilməzliyinə işarədir, yoxsa, Amerikanın hegemonluğunamı? Cavab böyük bir müəmma…

Məsələnin iqtisadi tərəfinə diqqət etdikdə maraqlı sual ortaya çıxır. Sanksiyalara görə İran və bölgə nə qədər itirir?

İrana tətbiq edilən sanksiyaların xronologiyasına diqqət edək:

1979-cu ildə ABŞ səfirliyinə edilən basqından sonra ABŞ İrana qarşı ilk sanksiyaya başladı. Ardınca 90-cı illərdə İran məhsullarının ABŞ-a satışı qadağan olundu.Bununla da İran təxminən 30 milyarda yaxın zərərə uğradı.  

2000-ci illərin əvvəllərində isə BMT Təhlükəsizlik Şurası, İrana nüvə silahı və texnologiya ticarətini qadağan etdi.

2010-cu ildə isə BMT Təhlükəsizlik Şurası silah qadağasını bir qədər də genişləndirdi, Başda hərbi vertolyot və raket kimi ağır silahların alınması olmaqla, enerji və bank sektoruna qoyulan sanksiyalar da artırıldı. Ardınca İran dövlət bankı olan Sənaye və Mədən Bankı ABŞ tərəfindən qara siyahıya salındı.

2011-ci ildə isə ABŞ, Böyük Britaniya və Kanada İrana qarşı birgə sanksiyaların tətbiqinə başladı.

2012-ci ildə ABŞ İranın 7 əsas müştərisi olan Türkiyə, Hindistan, Cənubi Koreya, Malayziya, Cənubi Afrika, Şri-lanka və Tayvan istisna olmaqla, dünya banklarına İrandan neft mübadiləsini başa vurmalarını qadağan etdi. 2012-ci ilin iyununda Aİ-nin neftlə bağlı sanksiyası qüvvəyə mindi. Yekun statistikaya əsasən deyə bilərik ki, sanksiyalar İrana təxminən 100 milyarda qədər zərər vurub.

Sanksiyaların uzadılması ABŞ-a qarşı etimadsızlığa səbəb olacaq

İran rəsmiləri ABŞ-ı Tehrana qarşı sanksiyaların uzadılmasını nəzərdə tutan qanun layihəsinin qəbul olunmasının qarşısını almağa çağırıb.

Xatırladaq ki, bir neçə gün öncə İran XİN-i Məhəmməd Cavad Zərif İran-ABŞ münasibətlərinə toxunaraq sanksiyalar uzadıldığı halda ABŞ dünya ictimaiyyəti tərəfindən etibarsız tərəfdaş kimi qəbul olunacaq deyə bildirib.

“ABŞ prezidenti sanksiyaları uzadarsa, bunun heç bir təsiri olmayacaq, amma dünya ictimaiyyəti tərəfindən ABŞ etibarsız tərəfdaş kimi qəbul olunacaq”.

Ümumiyyətlə, bu çağırışla İran nəyə çalışır, ikiüzlülük edir, yoxsa, ABŞ-a etinadsızlıq edir?

Vüsalə Qəzənfərqızı //Faktor.az









Redaktorun seçimi