Oyun bitdi: HDP-dən geriyə külləri qaldı - Türkiyə hara gedir?

Hit: 1503
Oyun bitdi: HDP-dən geriyə külləri qaldı - Türkiyə hara gedir?

Türkiyədə bir müddətdir ki, kürdyönümlü deputatların həbsləri davam edir. HDP-li deputatlar terror təşkilatı PKK-nı dəstəkləməkdə ittiham olunurlar. 

Maraqlıdır, bu proses nə qədər davam edəcək? Sözügedən vəziyyət nə ilə nəticələnəcək?

Məsələ ilə bağlı "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, Vüqar Zifəroğlu Faktor.az-a açıqlama verib.

O, bildirib ki, dövlətin bütövlük və təhlükəsizliyinə zərbə endirəcək istənilən şəxs məsuliyyətə cəlb olunmalıdır:

“Doğrudur, sözügedən vəziyyət Türkiyədə asayişi poza bilər. Gəlin, bir qədər diqqət edək. O zaman görərik ki, həbslərin ardından Diyarbəkirdə baş verən partlayış qarşı tərəfin cavabı idi. Belə terror hücumları cənub-şərq bölgəsində baş verdiyi kimi, Türkiyənin iri şəhərlərində də gözləniləndir. Ancaq istənilən halda rəsmi Ankara HDP ilə bağlı verdiyi qərarlarla birlikdə bu cür təzyiq elementlərinin olacağını da öncədən nəzərə alıb.

Onu da qeyd edək ki, HDP öz fəaliyyəti dönəmində daha çox separatçı qruplaşmaların siyasi qanadı funksiyasını icra edib. Heç şübhəsiz ki, bu amil də barələrində ciddi qərarların verilməsini zəruri edib. İstənilən halda dövlətin təhlükəsizlik və bütövlüyünə xələl gətirə biləcək hər hansı fəaliyyətdə olan bir qüvvə, statusundan asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir”.

Rəhim Ramiz // Faktor.az









Redaktorun seçimi