Bakıdan Kərkükə səsimiz niyə çatmır? - VİDEO

Hit: 4390
Bakıdan Kərkükə səsimiz niyə çatmır? - VİDEO

 

Kәrkükdәn keçdi hasa, 
Hasa batıbdı yasa.
Kәrkükü viran etdi,
Yad ayaq basa- basa.

Əvvəlcə qədim Azərbaycan torpağı olan Kərkükün tarixi haqda biraz məlumat verək:

Kәrkük Şimali İraqın cәnubunda yerlәşәn tarixi bir şәhәrdir. Zaqros dağlarının әtәklәrindә, dәniz sәviyyәsindәn 310 m yüksәklikdә yerlәşir. İraqda türk toplumunun әsas mәrkәzlәrindәn olan Kәrkük Bağdad şәhәrinin 248 km-də yerlәşir. Şәhәrin adı tarix boyu fәrqli adlarla dәyişdirilib. Miladi tәqvimindәn әvvәl ikinci yüzilliyin ortalarında Arrapkha, Sasanilәr hakimiyyәti dövründә Kәrmәkan adlanıb. XlV yüzilliyin sonlarına doğru buranı fәth edәn Әmir Teymurun hakimiyyәti dövründә isə şәhәrә Kәrkük adı verilir vә bu günә kimi dә belә qalmaqdadır. Şәhәrin ilk yaranma, salınma dövrü dәqiq bilinmәsә dә, tarixdә Assur hökmdarı tәrәfindәn Miladdan әvvәl ilk dәfә burada qala tikilib, bununla da Kәrkükün tәmәli qoyulmuş hesab olunub. Sonralar bu torpaqlar Makedoniyalı İsgәndәrin hakimiyyәti altına keçib. Elә bu dövrlәrdә xristianlıq yayılmağa başlayıb. Lakin islam dini yarandıqdan sonra müsәlmanlar 642-ci ildә Kәrkükü әlә keçiriblәr, elə o zamandan xalq islam dinini sevәrәk qәbul edib.

Әmәvilәr vә Abbasilәrin dövründә çoxlu sayda türk bu ərazilərə yerlәşdirilib Hәmәdanların idarәsindәn sonra şəhər böyük Sәlcuqların hakimiyyәtinә keçdi. Kәrkük Qaraqoyunlu, Ağqoyunlu vә Sәfәvi dövlәtlәrinin torpağı olaraq, bu dövlәtlәrin tәrkibindә idi. Ancaq sonralar Yavuz Sultan Sәlim Anadolu diyarını, Mardin şәhәri ilә bәrabәr Kәrkükü dә zәbt edir,  bununla da Kәrkük Osmanlı hakimiyyәtinә keçdi. 1534-cü ildә Sultan Süleyman 24 gün Kәrkükdә qaldı vә oranı cәnubdan gәlәn hücümlara qarşı bir mәrkәzә çevirdi. Kәrkükün Mosul ilә Bağdad arasında ticarәt mәrkәzinә çevrilmәsindә rolu böyükdür.

1624-cü ildә Bağdadı alan Sәfәvi dövlәti Kәrkükü yenidәn fәth edib. Ancaq bu dәfә dә Osmanlı hakimiyyәti Xosrov Paşa tәrәfindәn zәbt edilib. 1732-ci ildә isә Osmanlılar Nadir şaha təslim olaraq Kәrkükü itirdilər.

1746-cı ildә isə Kәrkük anlaşma әsasında Osmanlı dövlәtinә aid edilib.

I Dünya müharibәsindәn sonra 1918-ci il 7 noyabrda ingilislәr Kәrkükü işğal ediblәr, ancaq çox az müddәtdәn sonra 27 mayda Osmanlılar Kәrkükü geri qaytardılar. 28 oktyabr 1918-ci ildә ingilislәrin hücumundan sonra Osmanlılar Kәrkükdәn çәkildilər, belәcә Kәrkük yenә ingilislәr tәrәfindәn işğal olundu.

5 iyun 1926-cı ildә Ankarada, İngiltәrә, İraq, Türkiyә arasında imzalanan "sәrhәd vә qonşuluq münasibәtlәri" müqaviləsindә Kәrkük İraq Dövlәtinә verildi.

Tarixi qədimlərə söykənən Kərkük torpaqları bu gün İŞİD-in növbəti hədəfinə çevrilib. Bizimlə eyni candan, eyni qandan olan türkmənlərin gözü yardım gözləyir. İraq Türkmən Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşad Salihi daha əvvəl İlham Əliyevdən kömək də istəmişdi.

Bəs biz necə, qardaşlıq borcumuzu yerinə yetirə bilirikmi? Bakıdan Kərkükə səsimiz çatırmı?

Bu mövzuda fəlsəfə doktoru Şəmil Sadiqin fikirlərini öyrəndik. Kərkük türklərindən ürək ağrısı ilə danışan Şəmil Sadiq fikrini belə ifadə etdi:

“Bakıdan səsimiz Dərbəndə, Gürcüstana, Təbrizə çatanda Kərkükə də çatar...Çatmır da, vəfasız millətik...Vəfasız xalqıq..Qardaşlarımızdan həmişə umuruq, amma özümüz bu məsələlərdə laqeyd oluruq. Bir zamanlar, 90-cı illərdə Türkiyənin bizə göstərdiyi laqeydliyi indi biz Kərkükə göstəririk. Zaman gəlib indi də Kərküklər bizdən yardım gözləyir. Dünyada siyasi proseslər elə bir formada gedir ki, hərdən böyük təhlükələrdən qurtulmaq üçün qardaşınla da yaxınlıq edə bilmirsən. Mən əminəm ki, görünməyən tərəflərdən Kərkükə böyük dəstək var. Amma bunu bəzən açıqlamaq olmur. Xalq olaraq hamının səsi var.  Bildiyim qədərilə hesablar açılıb, maliyyə yardımına başlanılıb. Bunun özü də o deməkdir ki, səsimizi çatdırmaq istəyirik”.

Soydaşlarımıza səsimizin çatmaması səbəbini şərqşünas Qəzənfər Paşayev belə izah etdi:

“Nə səfirliyimiz var, nə konsulluğumuz. Siyasi əlaqələrimiz yoxdur ki, bizim səsimiz də çata. Ədəbi əlaqələrdə səsimiz çatır. Ancaq siyasi əlaqələr üçün bizim orda nə səfirliyimiz, nə də konsulluğumuz olmadığından biz bu məsələyə qarışa bilmərik. Bu artıq başqa dövlətin daxili işlərinə qarışmaqdır”.

Mövzu ilə bağlı ictimai xadim Sabir Rüstəmxanlının da fikirlərini aldıq:

“Türkmənlər bu dəqiqə şiə-sünni davasının hədəfinə çevrilib. Yaxın Şərqdə bir tərəfdən Amerika qüvvələri, bir tərəfdən İŞİD, digər tərəfdən PKK yerləşdirlib. Bütün bu silahlı qüvvələrin ortasında qalan, əzilən türkmənlərdir. Azərbaycan bu işə tam biganədir. Bu məsələ məni də düşündürür. Videolentlərdə  vuruşan kərküklərin bəzilərinin əlində Azərbaycan bayrağı gördüm. Onlar Azərbaycanın bir parçasıdır, Füzulinin soydaşıdır, bizim millətimizin bir parçasıdır. Təssüf ki, Azərbaycan bir dövlət olaraq bir yandan Qarabaq, digər yandan parçalanmağımız bizi elə bir duruma salıb ki, biz öz vətəndaşlarımızı müdafiə edə bilmirik”.

Türkçü alim Firudin Cəlilov da məsələ ilə bağlı fikirlərini Faktor.az-la bölüşdü:

“Suriyadır, İraqdır, ordakı türkmənlər əslində azərbaycanlılardır. Bizim kimi danışırlar. Sadəcə yüz illərdir k, ayrı düşmüşük deyə  millət yadlaşıb. Televiziyalarda, saytlarda, qəzetlərdə həmişə təbliğ olunmalıdır bu məsələ... Necə ki, Qarabağda evlərindən didərgin düşənlər , Qərbi Azərbaycandan  köçənlər bizim olduğu kimi, bu gün İraqda, Mosulda, Hələbdə əziyyət çəkən soydaşlarımız da bizimdir. Onlar da bizim dildə, bizim ləhçədə danışırlar. Baxmayaraq ki, 400-500 il Osmanlı imperiyasının tərkibində olublar. Kərkük Füzulin ulu babalarının yaşadığı yerdir.  Sovet ideologiyasi onlara da təsir edib, bu mənada biraz yadlaşma gedib. Onlara heç olmasa humanitar yardım göndərmək olar. Kərkükdə gedən hadisələr bizim üçün önəmli məsələlərdir.  Oranı avtonom bölgə etmək olar. Hesablamalara görə oradakı soydaşlarımız 4 milyondan çoxdur. Bu az rəqəm deyil. Orda yaşayan kürdlərin arxa dayağı var, lakin türkmənlərin yoxdur. Onlara silah verən, yardım edən yoxdur. Bu məsələdə bizim günahlarımız çoxdur. Çünki boynumuza düşən tarixi borcumuzu yerinə yetirmirik”.

Ümid edirik ki, Kərkükdəki soydaşlarımızın səsinə səs verən, onlara dəstək olan tapılar.

Könül Kərimli // Faktor.az









Redaktorun seçimi