“Qəbələ” idman klubunun fəaliyyətə başlamasından 15 il ötür

Hit: 984
“Qəbələ” idman klubunun fəaliyyətə başlamasından 15 il ötür
Bu gün “Qəbələ” idman klubunun fəaliyyətə başlamasından 15 il ötür.
 
Faktor.az klubun saytına istinadla xəbər verir ki, 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib.
 
Klub 2005-ci il sentyabrın 5-də AFFA-da qeydiyyatdan keçib. 2005-2006-cı illər mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edən klubun adı 2006-cı ilin əvvəlində dəyişdirilərək “Gilan” qoyulub. Birinci mövsümdə Xanları təmsil edən klub I Dəstənin çempionu adına yiyələnərək, Premyer Liqaya vəsiqə qazanıb.
 
2006-cı ilin yayında Xanlardan Qəbələyə köçən komanda 2007-ci il avqustun 31-də “Gilan” adını “Qəbələ” ilə əvəzləyib.
 
Premyer Liqada 15-ci mövsümünü keçirən klub bu müddətdə dəfələrlə mükafatçılar sırasında yer alıb. Komanda2013-2014-cü, 2014-2015-ci, 2015-2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən “Qəbələ” 2016-2017-ci və 2017-2018-ci illər mövsümlərində gümüş medal qazanıb. “Qəbələ”nin futbolçuları da Azərbaycan çempionatının bombardiri adına yiyələnib. 2016-2017-ci mövsümündə Filip Ozobiç 11, 2017-2018 mövsümündə isə Baqali Dabo 13 topla mükafata sahib çıxıb. Komandanın uğurları ölkə kubokunda da əksini tapıb. 2018-2019-cu illər mövsümünün Naxçıvanda təşkil olunan final matçında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ilk tituluna yiyələnib. “Qırmızı-qaralar” 2013-2014-cü, 2016-2017-ci, 2017-2018-ci illər mövsümlərində kubokun finalına qədər irəliləyib.
 
2014-cü ilin yayında avrokuboklarda debüt edən komandamız ardıcıl 6 dəfə qitəmiqyaslı turnirdə qüvvəsini sınayıb. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən “Qəbələ” 2015-2016-cı illər mövsümündə UEFA Avropa Liqasında qrup həyəcanı yaşayıb. Komandamız növbəti mövsümdə də eyni uğura imza ataraq turnirin tarixində ardıcıl iki dəfə 4 mərhələ adlayan ilk iştirakçı olub. 2017-ci ilin yayında isə “Qəbələ” bu turnirdə III təsnifat mərhələsinədək irəliləyib.
 
“Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Əsasən aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klubumuz ölkənin əsas millisində də təmsil olunub. Həmçinin futbolçularımız Avropa və Afrikanın müxtəlif ölkələrinin yığmalarında da çıxış ediblər. Üç futbolçumuz - Rəşad Sadiqov, Tellur Mütəllimov, Elvin Camalov U-21 millisinin heyətində İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. Azərbaycanın əsas yığmasında “Qəbələ”ni 26 oyunçu təmsil edib. Cavid Hüseynov daha çox – 16 matça çıxıb. Mahir Şükürov “qırmızı-qara” forma geyindiyi dövrdə yığmada daha çox – 3 top vurub.
 
Akademiyanın müxtəlif yaş qrupları üzrə komandaları AFFA-nın təşkil etdiyi liqalarda uğur qazanıb. Otuz iki dəfə Azərbaycan çempionu olan təmsilçilərimiz 21 gümüş və 11 bürünc medal da əldə edib. Ötən mövsüm U-19, U-16 və U-15 qızıl medallara sahib olub. U-19 komandamız ölkə çempionu kimi 2016-cı ildə UEFA Gənclər Liqasında debüt edib. İki ildən sonra “Qəbələ” bu turnirdə mərhələ adlayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Bu il komandamız tarixində 4-cü dəfə bu yarışa qatılacaq. Bundan başqa, əvəzedicilərdən ibarət komandamız da ölkə birinciliyində uğurla çıxış edib. 2015-2016-cı illər mövsümünün çempionu olan “qırmızı-qaralar” 4 gümüş və 2 bürünc medal da qazanıb.
 
Qəbələ şəhər stadionu iki dəfə Azərbaycan kubokunun final oyununa ev sahibliyi edib. Bu, 2014-2015-ci və 2017-2018-ci illər mövsümlərinə təsadüf edib. Avrokubokların təsnifat görüşlərini qəbul edən arenada əsas komandanın iştirakı ilə beynəlxalq “Jalə” kuboku, 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib. Burada Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarının, həmçinin Premyer Liqa klublarının təlim-məşq toplanışları və yoxlama oyunları da keçirilib.
 
2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. İdmançılarımız bu müddətdə Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Komandamızı “Bakı-2015” birinci Avropa Oyunlarında təmsil edən idmançılarımız ikisi qızıl olmaqla 5 medala sahib çıxıb. Braziliyanın Rio-de-Janeyro şəhərindəki Yay Olimpiya Oyunlarında boksçulardan Lorenso Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medal qazanıbsa, taekvondoçu Milad Beiqi Harçeqani də üçüncü yeri tutub. 2017-ci ildə Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında 19 medal qazanan “Qəbələ” idmançıları 8 çempionluq sevinci yaşayıblar. Qəbələ Atıcılıq Klubu da bir sıra beynəlxalq yarışlara, o cümlədən Dünya Kubokunun final mərhələsi, Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələlərə ev sahibliyi edib.
 
Qeyd edək ki, “Qəbələ”nin prezidenti Fariz Nəcəfovdur. 2008-ci ildən vitse-prezident kimi fəaliyyət göstərən F.Nəcəfov ötən ilin aprelindən klubun rəhbəridir. Buna qədər isə kluba Tale Heydərov rəhbərlik edib. Klubun inkişafında, Azərbaycan futboluna verdiyi töhfədə bu iki şəxsin müstəsna xidmətləri olub.








Redaktorun seçimi