Dan Mason azərbaycanlı tələbələr üçün onlayn dərs keçir

Hit: 1275
Dan Mason azərbaycanlı tələbələr üçün onlayn dərs keçir
İdman Jurnalistikası Magistr Proqramı çərçivəsində dərslər online şəkildə davam etdirilir. Məlum olduğu kimi hazırda bütün dünyada, o cümlədən, ölkəmizdə koronavirusla mübarizə və mühafizə məqsədilə çox ciddi tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də təlim-tədris müəssisələrində tədris prosesinin müvəqqəti olaraq dayandırılmasıdır. Lakin internet dövründə yaşadığımızdan bir sıra sahələrdə olduğu kimi, tədris sahəsində də innovativ imkanlar mövcuddur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Jurnalistikası Magistr Proqramının tələbələri və müəllimləri də məhz bu imkanlardan faydalanaraq tədris prosesini davam etdirirlər. Belə ki, magistr proqramın rəhbəri, Britaniya Konsulluğu, Thomson Foundation və s. kimi bir sıra beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik etmiş, media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason magistrantlarla dərsləri online şəkildə, xüsusi tədris-kommunikasiya platformaları üzərindən həyata keçirir. "İdman Jurnalistikası Magistr Proqramı yarandığı gündən rəqəmsallıq, innovativlik və mobillik onun əsasını təşkil edib. Hazırda koronavirus bütün dünya üçün böyük çətinliklər yaratsa da, online tədris texnologiyalarından istifadə edərək tələbələrimizin öyrənmək istəyini qarşılaya bilirik. Online tədris prosesini, əsasən, Google Classroom, Google Drive və Zoom platformaları üzərindən reallaşdırırıq" - deyə Dan Mason bildirib. Dan Mason həmçinin qeyd edib ki, bu təhlükəsiz və inteqrasiya olunmuş kommunikasiya vasitələrindən, yeni media alətlərindən istifadə edərək, tələbələr kompüter, o cümlədən, mobil tətbiqetmələr vasitəsilə istənilən yerdən tədris prosesinə qoşula bilərlər. İdman Jurnalistikası Magistr Proqramının meneceri Ellada Mustafayeva isə əlavə edib ki, hazırda tədrisi online şəkildə davam etdirirlər: "Bu həftə tələbələrimiz internet üzərindən canlı yayımlar həyata keçirib, podkast hazırlamağı, onlayn reportajlar yazmağı öyrəniblər. Biz təsadüfən #MediaAndMore həştəqini seçməmişik. Koronavirus bəlası ilə mübarizə dövrü nə qədər çətin olsa da, bu həm də yenilik və yaradıcı həllərin tətbiq olunması üçün bir zamandır" - deyə E.Mustafayeva bildirib. Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan, tədrisi ingilis dilində aparılan, modul tipli İdman Jurnalistikası Magistr Proqramı 2017-ci ildən tədris olunmaqdadır. Bu proqram nəinki ölkəmizdə, o cümlədən, Qafqaz regionunda bir ilkdir. Yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində tələbələr PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnir, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanırlar.








Redaktorun seçimi