Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb

Hit: 702
Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman tədbirlərinin keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransında çıxış etmək üçün Bakıya səfər edən Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri Bakı Konqres Mərkəzində Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb.
 
BŞH-dən Faktor.az-a bildiriblər ki, qonaq görüş iştirakçılarına həyat təcrübəsindən danışaraq şəxsi inkişafa dair zəruri məsləhətlər verib.
Görüş zamanı yarışın könüllüləri və marşalları Ç.Keri ilə sual-cavab edərək beynəlxalq təcrübəli iş adamının biznesə və şəxsi inkişafa dair fikirlərinə, həmçinin uşaqlıq illərindən etibarən indiyədək yaşadığı önəmli həyat təcrübəsinə yaxından bələd olublar.
 
BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İrana Əhmədova Formula 1-in ali rəsmisi ilə görüşün çox səmərəli keçdiyini bildirib: “Biz hər il minlərlə gənclə işləyirik və korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində bir sıra tədbirlər həyata keçiririk. Bu gün yenə eyni məqsədlə bir araya gəldik. Ç.Keri ilə bir yerdə olmaq və onun dəyərli məsləhətlərini eşitmək olduqca faydalı idi. Bütün iştirakçılarımız bu görüşdən çox böyük zövq aldılar və hərtərəfli şəkildə faydalandılar.
 
Gənclərin inkişafı bizim sosial məsuliyyət strategiyamızın tərkib hissəsidir. Mən fəxrlə deyə bilərəm ki, Formula 1 yarışının könüllüləri və marşalları irimiqyaslı tədbirlərin bir parçası olmaqla özlərini qabiliyyətli, yaradıcı və savadlı gənclər kimi isbat ediblər”.
 
Görüşdə Formula 1 Azərbaycan Qran-Prisinin 250-yə yaxın könüllü və marşalı iştirak edib.







Redaktorun seçimi