Formula 1 yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib

Hit: 1341
Formula 1 yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib
“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə faydalı olub.
 
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda baş tutmuş Formula 1 yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın nəticələrini böyük məmnuniyyətlə ictimaiyyətə təqdim edir. Araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, indiyədək Bakıda keçirilmiş Formula 1 yarışları ölkəiqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib. 
 
Bu hesabat Bakıda 2016-cı ilin iyununda baş tutmuş ilk Formula 1 yarışından bu günə qədər olan müddət ərzində Formula 1 Qran Pri yarışına evsahibliyi etməyin ölkəyə qazandırdığı faydaların iqtisadi qiymətləndirilməsini özündə əks etdirir. 
 
Hesabatda 506.3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində Formula 1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. 
 
Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur ki, Bakıda baş tutmuş dörd Qran Pri ərzində qeydə alınmış birbaşa gəlirlərin73.8 milyon dolları məhz bu sektorların payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 300.6 milyon dollar təşkil edib ki, bu göstəriciyə Formula 1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədayaranmış digər gəlirlər daxildir. 
 
İndiyədək Bakıda keçirilmiş dörd Qran Pri ərəfəsində qeydə alınmış dolayı gəlirlər isə ümumilikdə 205.7 milyon dollar təşkil edib. Hesabatda qeyd olunmuş dolayı gəlirlərə Bakıda keçirilmiş Formula 1 Qran Pri yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildir. 
 
Bu gəlirlər sözügedən illər ərzində yerli bizneslərdə xüsusən yarışa yaxın aylarda çox sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7.5 min təşkil edib. 
 
Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da Formula 1 yarışlarının rolu böyük olub. Belə ki, 2018-ci ildə baş tutmuş Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% arataraq 90.2 milyon nəfər təşkil edib. 
 
BŞH-nin icraçı direktoru Arif Rəhimov beynəlxalqq audit şirkətinin araşdırmanın nəticələrinə belə münasibət bildirib: “Biz hər zaman qeyd etmişik ki, Bakıda baş tutan Formula 1 yarışları ölkəyə özlüyündə əyləncədən və yarışdan daha artığını verir. Bu yarışlar ilk növbədə paytaxtda yaşayan və işləyən hər bir kəsə yeni iqtisadi, sosial və mədəni qazanc imkanları təqdim edir. Aparılan son araşdırmanın nəticələri göstərir ki, biz bu baxımdan qarşımıza qoyduğumuz bütün məqsədləri aşmışıq. Ötən il Formula 1 şirkəti ilə imzaladığımız müqavilə əsasında artıq biz azı 2023-cü ilədək Azərbaycan Qran Prisini keçirə biləcəyik və indidən böyük əminlik və inamla çalışırıq ki, növbəti illərdə də möhtəşəm Formula 1 yarışlarına ən yüksək səviyyədə evsahibliyi etməklə ölkəmiz üçün maksimum qazancı təmin edə bilək”.
 
Bu il 5-7 iyun tarixlərində Formula 1-in ən sürətli şəhər trekində baş tutacaq sayca beşinci yarışa biletlər satışdadır. Bu yarışı yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com
Media nümayəndələri daha ətraflı məlumat üçün bizimlə[email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər. 
 







Redaktorun seçimi