Bruslidən daha sürətli Azərbaycanlı İdmançı - VİDEO

Hit: 3131
Bruslidən daha sürətli Azərbaycanlı İdmançı - VİDEO
Türk xalqlarının da müasir bir döyüş növü, idman növü olduğunu qürurla deyə bilərik. Hər yenilik, hər özünəməxsusluqluq fərdlərin cəhdi, iradəsi, zəkası, intuisiyası ilə gerçəkləşir.  Turan Do döyüş  növü də ona, Süleyman Məmmədlliyə  məxsus bir abidədir, əsərdir. Əgər bu idman növünü biz hər hansı bir əsərlə müqayisə etsək, yaxut hər hansı bir əsərə bənzətsək, Turan Do-nu bir epopeya janrı olduğunu qəbul edərik. Özü də, insanlıq, qəhrəmanlıq, mədəniyyətini dərk edən, sevən bir ruhsallıq bu eposun ana xətti olardı. Türkün yeni versiyada Turan Do  eposu. Buyurun, azacıq da olsa,  bu eposun yaradıcısı,  Turan Do idman  növünün yaradicisi süleyman məmmədli nin son dərəcə maraqli fikirləri ilə taniş olun.
 
- Süleyman müəllim, sizinlə bağlı indiyə kimi kifayət qədər çəkilişlər edilib, müsahibələr alınıb, yazılar yazılıb.  Ancaq yenə hiss edirəm ki, sizi çoxları tanımalıdır, nə işlər görmüş olduğunuzdan məlumatı olmalıdır. Ona görə də, Süleyman müəllim, sizin bu döyüş növünün mahiyyəti nədən ibarətdir və başqa döyüş növlərindən fərqi nədir? Burdan başlasaq yaxşı olardı.
 
- Qırx ildən artıqdır ki, idmanla məşğul oluram. Elə döyüş növü və idman sahəsi yoxdur ki, mən onunla məşğul olmayım. Öncəliklə onu qeyd edim ki, hər hansı bir idman növünün qədim olması onun zənginliyinə dəlalət edə bilməz. Ən qədim növlərdə hərəkətlər ibtidai olur. Bəziləri çıxıb məsələn, elan edir ki, bu idman növünün  min, iki min il yaşı var. Çıxıb bir- iki ayaq hərəkətləri göstərməklə kifayətlənir. Tarixçi olmasam da maraqlanmışam, düşündüm ki, yer kürəsində sonuncu sivilizasiya türklərdən, şumerlərdən başlayıb. Hindu deyirsən, o da türk çıxır, qədim məbədlərdəki mumiyalanmış məzarlardan fironları deyirsən, türk çıxır və. s. Mən də fikirləşdim ki, bu necə olur və niyə belədir?  Türklərin qədim döyüş növləri olub. Hətta Osmanlı tokatı, bəzən şilləsi, silləsi də deyirlər. Ancaq şilləsi daha doğru səslənir. Bu millətin əl döyüşü də, silahla olan döyüş növü də olub. Bir daha müasir döyüş növlərinə diqqətlə baxdım, gördüm ki, çoxlu boşluqlar var. 
- Demək, əvvəlcə döyüş növlərini incələdiniz və onlarda boşluqları gördünüz, sonra da qərar verdiniz ki,......
- Bəli, sonra da Turan Do-nu yaratdım. Bu döyüş növünün iki üsulunu formalaşdırdım. Biri həyatı bir tərzdir: burda hər şey var. Vurmaq, yıxmaq, sındırmaq, müxtəlif silahlarla işləmək. Biri də idman mövü olaraq beynəlxalq səviyyədə illərdir dünyanın bir çox  ölkələrində saysız - hesabsız yarışlar keçirmişəm. Turan Do idman növündə həm özüm, həm də tələbələrim beynəlxalq yarışlara qatılıb, heç bir vaxt da uğursuzluğumuz olmayıb.  
 
- Bildiyimə görə sizin öz döyüş növünüzdən başqa digər döyüş növlərinə heç də yaxşı baxmırsınız?
 
- Bilirsinizmi, insana bu ömür bir dəfə verilir. Nəyə görə insan sakatlıq, şikəstlik, müxtəlif dərəcədə bədən xəsarətləri almalıdır. Bunun harası idman dediyimiz döyüş növü oldu? İdman sağlamlıq, möhgəmlik, ruh yüksəkliyi deməkdir.
- Belə başa düşdüm ki, siz həm də  bu döyüş növü ilə idmandan daha çox mədəniyyətimizə, kültürümüzə, kimliyimizə bir şeylər qazandırmağa çalışmısınız?
- Minnətdaram. Bu şəkildə ifadə elədiyiniz üçün. Bəli, insan nə üçün özünə bu qədər əzab verməlidir. Bu bildiyimiz və gənclərin də çoxunluqla məşğul olduğu idman növləri işgəncədən bşqa bir şey deyil ki. Mən də fikirləşərək təbii hərəkətlər kəşf elədim. Bizim döyüş növündə ayaq hərəkətləri ilə zərbələr var. Bu hərəkətlərin hər biri təbii şəkildə formalaşıb.
 
- Təbii deyərkən nəyi nəzərdə tutursunuz? Yaxud idmanda, bu döyüş növündə təbiilik nədir?
 
- İnsanlar həyatda yeriyir. Addımları necə atır, yerdəyişmələri nə qədərdir, ayaq qabağa gedəndə, məsələn, əl arxaya gedir. Tanrı bizi belə yaradıb. Buna uyğun da olaraq biz o idmanı şəkilləndirdik. İnsan ana bətnindən yaranır. Həmin nahiyələrdən də zərbələri alır, qəbul edir. İnsanın elədiyi hərəkətlərə uyğun olaraq, o idman növünü formalaşdırdıq. Sonra mən yeni qaydalar gətirdim bu idmana. Türk qövmünün törəsində də var bu qaydalar. İnsan basdığını kəsməz, yıxdığını öldürməz, sındırmazmış. Məsələn, hətta, o birini əsir götürərsə, yenə də ona dəyməzmiş.
 
- Yəni burda artıq siz gücün qarşısında bir əxlaq nümayiş etdirirsiniz. Güc hər şey demək deyil. Ancaq güc əsarətə aldığı birni qorumaq zorundadır.
 
- Bəli. Bizdə yıxmaq hərəkətləri var. Cəmi 3 saniyə ərzində tarazlıqdan çıxarıb yıxmaq hərəkətidir. Əgər 3 saniyə ərzində bir şey edə bilməsən, 3 saniyədən sonra hakim döyüşü dayandırır. Həm də yıxdınsa, vura bilməzsən. Vurmaq olur e. Ancaq biz vurmağı yasaqlamışıq. Yıxılan adam əks - hücum edə bilər. Aşağıdan təhlükəlidir. Hər zür zərbə vurmaq olar. Ona görə olmaz. İkinci, bizdə hər cür bildiyiniz hərəkətlər var.  Ancaq bizdə bəzi ayaq hərəkətləri bəzi idman növlərindəki ayaq zərbələrindən fərqlənir. Sonra əl zərbələrimiz də tamami ilə fərqlidir. Vurma yöntəmləri də ayrı cürədir. Yəni başa, gözə xəsarət yetirmək olmaz bizim yaratdığımız bu idman növündə. Durmağın özündə belə bizdə fərq özünü açıq-aşikar göstərir. Ayağı açaraq durmaq kimi hərəkət təbiətdə heç nədə, heç bir şeydə yoxdur, rast gələ bilməzsiniz. Yenə təkrar edirəm, bizim bu döyüş üsulu təbiətdən və insanın təbii hərəkətlərindən alınmışdır. 
 
- Bütün dünyada idman fiziki güc üzərində qurulub, şəkillənib və nümayiş də olunur. Ancaq sizin idman döyüş növünüzdə hardasa dərin bir incəlik var ki, orda başqa faktorlar da yerini alır. Burda energetik hərəkətlər rol oynayırmı? Zamanlama məsələsi önəmlidirmi? Niyə sordum bunu? Biz idmanı adətən sabah-sabah edirik.  Məsələn, sizin döyüş növü və bu kimi idmanda bəlkə günün hər saatı yarışmaq olmaz? Belə bir şey varmı?
 
- Bizdə belədir ki, insan bədəni hər an reaksiya verməyə hazır olmalıdır. Yoxsa, ay mən dayanım, bədəni qızışdırım, isidim, sonra başlayaram döyüşə, belə şey yoxdur. Əyani şəkildə sən döyüşə hər an hazırsan. Çünki məşq zamanı bütün bu kimi durumları mən öyrədirəm.
 
- Sizin bu döyüş növünün adları da olduqca maraqlıdır. Adsız heç nə mümkün deyil. Həm də bu adlar ilk dəfədir ki, bu xalqın dilində olan adlardır.
 
- Bu idman növünü yaradarkən hər birinə bir ad qoydum. Birinin adını Atila, birinin adını Mete, Alpər Tonqa, Dədə Qorqut və. S. Bizim idman növü yeddi qolludur. Bir də bu idaman növünün digər və əsas özəlliyi odur ki, kim bu idmandan imtahan versə, gərək o idmandan özü də nəsə əlavə edə, özü də yarada bilə. Yoxsa bu sayılmaz, hesaba alınmaz, ümumiyyətlə qəbul edilməz. Yəni bu idmanla məşğul olanın öz dərrakəsi olmalı, başa düşəcəyi müəyyən nüanslar olmalı, hərəkət edərkən özünün kəşf edə biləcəyi manevrlər mütləq göstərməlidir. Başqa idman növləriylə məşğul olmağa nə var ki. Bir dənədir, həm də hazırdır, bildiyin bir şeydir, öyrənib göstərirsən qəbul olunur. Bizimkində isə, hər bu idmanla məşğul olan insan,  bu növdə özünün yaradıcı gücünü, istedadını nümaytiş etdirmək məcburiyyətindədir. Yoxsa onun bu idman sahəsində heç bir funksionallığı ola bilməz. Bu idmanın yeddisinin də hər birinə oxşar olan ən azından bir hərəkət olmalıdır. 
- Siz bu TURAN DO-nu yaradarkən bizə məlum olan hansı idman növlərindən əsasən bəhrələnmisiniz? 
- Mən əsasən Koreya döyüş növündən də bəhrələnmişəm. Bir dəfə Koreya döyüş növünün tanınmışlarından biri dedi ki, Süleyman bizdəndir, bizə oxşayır. Dedim tarix hardan başlayır. Dedi, Altaydan. Dedim, orda kimlər yaşayır. Dedi, türklər. Dedim, o zaman kim kimə oxşayır. Dedi, biz sizə. Gəlib məni qucaqladı. Mən Koreyada çox olmuşam. O qədər kəndlərini gəzib dolaşmışam ki. Onlarda evin quruluşu, qadınların bellərinə şal bağlamaları, hər şey bizimkilərə çox oxşayır. Hə, əsas hərəkətləri götürmüşəm. Karatedən də götürdüklərimiz olub.  Məhşur yapon tarixçisi var, adı yadımda deyil, o da yazır ki, biz döyüşü türkdən öyrənmişik. Yaponların öz döyüş növü yoxdur. Mən çox axtardım, araşdırdım, ancaq tapmadım. Götürüblər Okinovadan. Sonra da dəyişdiriblər özününkləşdirblər. Onların yalnız samurayları olub. Mən əsas bu idman növünü Koreya döyüş növündən götürmüşəm və təbiləşdirmişəm. İndi tamami ilə fərqli -fərqli idman növüdür. İstər zərbə, istər zərbənin sürəti tamami ilə fərqlidir. Bu yaxınlarda zərbə sayısını və zərbə sürətini ölçüb göndərdik Ginnesə. Hələ cavab gəlməyib. İdmanda da başqa sahələrdə olduğu kimi dəhşətli ayrı-seçgilik qoyurlar. Türk və müsəlman olduğumuzudan bəzi məsələləri  nəzərə almırlar. Özünü tərifləmək kimi çıxmasın, mən hələ inanmıram ki, dünyada məndən sürətlisi zərbədə tapıla bilsin. Əlimin sürəti təxminən saatda 500 - 600 km. 
- Sizə qədər heyrətləndirici  başqa göstəricilər olubmu ?
- Mən bir dəfə hardasa oxudum ki, Bruslinin əlinin sürəti saniyədə 20 km-dir. Məni kompüterlə çəkib təxmini hesabladırlar ki, məndə sürət saniyədə 150 -200 mt çıxır. Bunu isə km-rə çevirəndə 600-700 km edir. 
 
- Süleyman müəllim, indiyə kimi bir çox xarici ölkələrdə oldunuz, yarışlara qatıldınız. Yüksək səviyyədə qəbul edildiniz. Hər halda sizin bu yaradıcı işlərinizi görənlər, başa düşənlər, dəyərləndirənlər omamış deyil.Bu günə qədər  sizi heyrətləndirən hər hansı bir təklif olubmu? Yaxut deyən olubmu ki, gəlin, bu idman növünü hər cür şərait yaradaq, bizdə davam elətdirin? Mən belə baxıram, sizin istedadınızla imkanlarınız üst üstə düşmür.
 
- Əlbəttə, bu elə bir şeydir ki, mütləq arxasında dövlət durmalıdır. Himayədar olmalıdır. Elə ölkələr var ki, baxırsan, idman növü var, amma mahiyyətcə heç nədir. Ancaq nə edəsən ki, arxasında dövləti durur. İmkan yaradırlar, tanıda bilirlər, yayırlar, reklam edirlər. Mən isə isbat eləmişəm ki, bu idman növü dünyada digər döyüş növlərinin hamısından hər baxımdan üstündür. Xüsusi ilə “kombat Turan Do” ilə dövlətin xüsusi təyinatlıları da  məşğul ola bilirlər. Turan Do sovetdən qalama bütün hərəkətləri dəfələrlə üstələyir. Onların indi məşğul olduğu idman növü köhnə hərəkətlərdən ibarətdir. Ordakı xeyli hərəkət var ki, konkret bir hadisə zamanı reallığa tətbiq etmək mümkün deyil. Sadəcə göstəridir. Turan Do hamısını üstələyir. Təssüflər olsun ki, arxasında himayədar, maliyyə yoxdur. Mən bu sahənin dərsini də öyrədirəm. İndi kitabını yazmışam. İçində həm də əlavə olaraq disk olacaq ki, əyani şəkildə dediyimiz nə varsa, hamısını birbəbir göstərəcəm. Bu hərbiçilər, Daxili İşlər Nazirliyi üçün nəzərdə tutulacaq.  Hamı üçün ola bilməz. Orda elə hərəkətlər var ki, məsələn, adi bıçaq hərəkətidir, 50-60 hərəkət göstərərək qarşındakını tikə-tikə eləmək olar. Yəni belə şeylər var. 
 
- Ola bilərmi ki, sabah sizin tələbələrinizdən biri yaratdığınız bu idman növünü qalxıb dəyişdirsin, ya təkmilləşdirsin, ya nələrsə əlavə eləsin? Bu idman növü açıqdırmı belə məsəllərə, yoxsa qapalı bir sistemi var?
 
- Kombatı (Turan Do döyüş üsuludur:-x.t.) inanmıram kimsə dəyişə bilə. Çünki o mənim beynimdən gəlib, özüm qurmuşam. Tələbələrim var. Bu idman növünü yüksək səviyyədə öyrənirlər. Vidadi, Orxan adlı tələbələrimin adını çəkə bilərəm, 0nlar bu döyüş növüylə ciddi məşğul olurlar. Turan Do-nu hələlik maddi çətinlikdən dolayı dayandırmışıq.Uşaqlar yarışlara gedəndə mən onları Turan- Do əsasında hazırlayıram. Yarışa gedəndə həmin növ üzrə (hansı idman növündə yarış tələb olunursa) çıxır. Ancaq bizim döyüşçülərin idmanda göstərdikləri hərəkət,yarışda təqdim elədikləri döyüşün növünün özəyi Turan Do-dan olur. 
- Sizin özünüzün iştirak etdiyiniz yarışlarda nəticələr nə şəkildə olub. Həm özünüz, həm də şagirdləriniz beynəlxalq yarışlara qatılırsınızmı?
- Koreya əsilli Osiman Ki Amerikada mənə dedi ki, göstər görək nə bilirsən.Taikvandonun yaradıcılarından biridir. Hazırda yaşayır. Mən də Turan Do-dan başladım göstərməyə. Baxan kimi bildi və sonra da etiraf elədi ki, Turan Do başqa şeydir. Üstünlükləri daha çoxdur, həm də zəngindir. 
 
- Yarışlarda sonuc nə şəkildə olur? Məğlubiyyətlər olurmu heç?
 
- Mən 40 - dan çox yarışa qatılmışam. Bir məğlubiyyət yoxdur. Yarışlara bu idman növüylə qatılıram. Son yarışma bu yaxınlarda İltaliyada oldu. Yenə də məğlubiyyət olmadı.
- Bəs fərqli idman növlərinə necə icazə verilir yarışda qarşılaşmağa?
- Biz yaxın idman növləriylə yarışa çıxa bilirik. Bu tek-vandodur. Mən Turan Do -yla çıxıram. 
- Məğlubiyyət olmur da sizdə deyirsiniz?
- Demək olar ki, indiyə kimi heç bir məğlubiyyətimiz yoxdur. Edəndə haqsızlıq edə bilirlər. Bir də gördün finala italiyanlar çıxır. Gəlib deyirlər ki, sən gözlə. Politika çox edirlər idmanda. Bu yaxınlarda İtaliyadan 5 qızıl, 3 gümüş medal gətirdim. 
- Tək sizmi qazandınız?
- Bəli, tək mən qazandım.
- Bəs tələbələrinizin bu yöndə göstəriciləri varmı?
- Var, olmağına. Ancaq tələbələrin çoxu orda - burda işləyirlər. Daxili İşlər Nazirliyində də işləyən tələbələrim var. Müəyyən səbəblərdən çoxu yarışa gedə bilmir. Həm də iş maliyyəyə bağlı olduğundan, bu işdə çətinliklərimizi etiraf etmək məcburiyyətindəyəm. 
- İdmanla əsasən günün hansı saatlarında məşğul olursunuz?
- Hərəkət insan həyatının bir hissəsi olmalıdır. Mən ömrün, günün vaxt bölgüsünü qəbul etmirəm. Bir də gördün, içimdən gəldi, çıxıram həyətə idmanla başlayıram məşğul olmğa. Hər şey təbii olmalıdır. İdman əslində sağlamlıq deyil. Başdan ayağa zədədir. Gözünüzün qabağında Məhəmməd Əlini görmüsünüz. Aldığı zədələrin təsirindən o günə düşmüşdü. Sağlamlıq üçün, bədən tərbiyəsi başqa şeydir. Məndə idman həyatımın bir hissəsidir. İçimdən gəlir və qalxıb təbii olaraq məşq edirəm. Ona görə də bizim idmanla başqa idman üsullarını qarışdırmaq lazım deyil. Mütləq fərqi görmək lazımdır.
 
- Sizin bu mükəmməl idman növünü hansısa bir proyekt, ideya şəklində olmazmı təqdim edilə dövlətə? Azərbaycan gəncliyinə  zədə gətirən, xəsarət verən başqa idman növlərindənsə, bu idman növü kütləvi şəkildə öyrədilə bilməzmi?
 
- Bu çox vacib və yaxşı sualdır. Mənə illərdir və dəfələrlə dedilər ki, bu idman növünü dəstəkləyəcəyik, hətta olimpiadaya da salacağıq, nə bilim nə. Ancaq təəssüf ki, deyilən
heç bir söz, verilən heç bir vəd tutulmadı, yerinə yetirilmədi. Dediyim kimi, dövlətlər var ki, millətlər var ki, onların döyüş növləri heç nədir. Ancaq o döyüş növlərinə elə dəstək dururlar ki, elə tanıdırlar ki, adamda bu haqda dəyişik, böyük fikirlər yaranır. Məsələn,  90-cı illərdə iki nəfər yaxınlaşdı mənə. Fransada. Təklif etdilər ki, bizim bu “sabote “ idmam növüylə siz məşğul olun və bizdə fəaliyyət göstərin. Dedim ki, o idman növünü görmüşəm. Bu idman növü kin-boksdan da çox aşağıdır. Turan Do - nun yanında isə heç nədir. Heç cürə müqayisəyə gəlmir.  Di gəl ki, dövlət durur arxalarında. Təbii ki, mən o zaman o təklifləri rədd etdim, qəbul etmədim. 
 
Söhbətləşdi: Xanəmir Telmanoğlu
 
Qeyd
Turan Do qədim Türk döyüş sənətləri üzərində qurularaq, müasir idman tələbinə müvafiq hərəkətlərlə zənginləşdirilmişdir. İstifadə olunan hərəkətləri daha da çevik, mütəhərrik, sürətli etmək üçün çoxlu sayıda silahlardan istifadə edilir. Yığcam, mütəşəkkil, dolğun, yüksək, dinamik və sürətli olmasına görə digər növlərdən ciddi surətdə fərqlənir. Turan Do iki istiqamətdə - idman və real döyüş (kombat) üsulunda öyrədilir. Bu döyüş sənətinin yaradıcısı döyüş sənətlərinin fəlsəfəsi üzrə doktor, professor olan Beynəlxalq dərəcəli təlimatçı və hakim Süleyman Məmmədlidir.
**
Turan Do döyüş sənəti 2003-2004-ci illəri ərzində bu daha da təkmilləşdirdi. Turan Do bir idman növü kimi Beynəlxalq Döyüş sənətlərindən qeydiyyat keçib qəbul olundu. 2004-cü il Avqust ayını Turan Do döyüş sənətinin yeni bir idman növünün yaranması tarixi qəbul etmək olar. 2004-cü il ayından Dünya Turan Do Assosiasiyası fəaliyyət göstərməyə başladı. Yapon Çin Koreya tarixçiləri Türk döyüş sənətinin onların döyüş növlərinin inkişafında böyük rol oynadıqlarını qeyd edirlər. Yapon tarixçisi yazır: "Biz döyüşü Türklərdən öyrənmişik. Ümid edirik Turan Do müasir idman növü özünə dünyada layiqli yer tutacaqdır.”
 








Redaktorun seçimi