Yelkənçilərimiz Türkiyədə keçirilən yarışı qələbə ilə başa vurublar

Hit: 506
Yelkənçilərimiz Türkiyədə keçirilən yarışı qələbə ilə başa vurublar
Dörd ölkənin 14 yelkən klubundan 156 peşəkar yelkənçinin iştirak etdiyi, Türkiyə Yelkənli İdman Federasiyasının, Bodrum Bələdiyyəsinin ev sahibliyi ilə keçirilən yarış Azərbaycan yelkənçiləri üçün qələbə ilə sona çatıb. Azərbaycan, Türkiyə, Rusiya və Ukrayna yelkənçilərinin iştirakı ilə “Optimist” və “Laser 4.7”, “Laser Radial” sinifləri üzrə 3 gün ərzində 8 yarış keçirilib. Yüksək dərəcə əldə etmək məqsədilə fədakarlıq nümayiş etdirən yelkənçilər qələbə uğrunda fəal mübarizə aparıblar.
 
Azərbaycan Yelkənli İdman Federasiyasından Faktor.az-a bildiriblər ki, yarışda Azərbaycanı Yelkənli İdman Federasiyasının heyət rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, məşqçi Anton Vilyayev, yelkənçilər Ayla Babayeva, Murad İsmayıl, İsmayıl Kərimov, Səxavət Əzimov, Fidan Ağazadə, Timur Sikaçevskiy, Murad Allahverdi, Murad Hacızadə, Bahadır Məmmədli təmsil ediblər. Yarışlarda yüksək nəticə əldə edən Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri "Laser 4.7" sinfi üzrə ilk medallarını qazanıblar.
 
Ayla Babayeva "Laser 4.7" sinfi üzrə qadınlar qrupunda 1-ci yerə, Murad İsmayıl "Laser 4.7" sinfi üzrə kiçik yaş qrupunda 2-ci yerə, İsmayıl Kərimov isə "Laser 4.7" sinfi üzrə ümumi nəticədə 4-cü yerə layiq görülüb.
 
Dünya və Avropa çempionatlarında dəfələrlə iştirak edən yelkənçilərimiz ən çətin şərtlər altında, pis hava şəraitlərində belə illərin təcrübəsinə malik peşəkar idmançılarla əzmlə mübarizə apararaq hər zaman yüksək nəticələr əldə ediblər. Xatırladaq ki, ötən ilin fevral ayında 23 ölkədən 156 idmançının iştirak etdiyi, Omanda təşkil edilən Beynəlxalq yarışda 12 yaşlı qızlar arasında 68 nəfərin apardığı gərgin yarışda “Optimist” sinfi üzrə Azərbaycanı təmsil edən Fidan Ağazadə 3-cü yerin qalibi olmuşdu. Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova isə 2018-ci ildə Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4-cü yerdə qərarlaşaraq yüksək nəticə göstərmişdi. Bu dəfə isə “Optimist” sinfindən sonra “Laser 4.7” sinfinə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçilərinin qısa müddətdə yeni sinif üzrə yüksək nəticə göstərməsi Beynəlxalq məşqçilərin də xüsusi rəğbəti ilə qarşılanıb. Bu da Azərbaycanda yelkənli idman növünün sürətlə inkişaf etməsinin göstəricisi kimi dəyərləndirilib.
 
Qeyd edək ki, bu ilin ilk günlərində Bodrumda yarışların keçirilməsi 2020-ci ilin mart ayında Türkiyədə təşkil olunacaq beynəlxalq yarışlara və İtaliyanın Qarda gölündə “Optimist” sinfi üzrə keçiriləcək dünya çempionatına, Portuqaliyada “Laser 4.7” sinfi üzrə keçiriləcək Avropa çempionatına, eyni zamanda, 2021-ci ildə Bodrumda “Optimist” sinfi üzrə keçirilməsi planlaşdırılan dünya çempionatına hazırlıq məqsədi daşıyırdı.
 
Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7-15 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 15 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.
 
Məlumat üçün bildirək ki, “Optimist” 1974-cü ildə yaradılan yelkən növüdür. Yelkən siniflərinin arasında ilk olan “Optimist”, 8-15 yaşlı yeniyetmələr üçün nəzərdə tutulub. “Optimist” Beynəlxalq Yelkənli İdman Federasiyasının “16 yaşdan aşağı sinfi” olaraq rəsmən təsdiq edilən yeganə sinifdir. Optimist uşaqların 15 yaşına qədər çempionata hazırlıqlarını artırmaq və yelkənə məhəbbət yaratmaqdan ibarətdir. Yelkən sahəsi 4.7 m² olan “Laser 4.7” sinfi isə “Optimist” sinfindən sonra başlanğıc üçün “Laser”in ən uyğun sinfidir. “Laser 4.7” “Laser Radial”dan sonra meydana çıxıb. “Laser” firmasının ölçülərində istifadəçinin 35 ilə 50 kiloqram olması ideal çəki kimi göstərilir.
 
Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandaların məşqləri keçirilir. Təlim-məşq düşərgələrində iştirakın əsas məqsədi isə idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.








Redaktorun seçimi