Formula 1 Azərbaycan Qran Prisi 2020 üçün marşalların qəbuluna başlanıb

Hit: 519
Formula 1 Azərbaycan Qran Prisi 2020 üçün marşalların qəbuluna başlanıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 5-7 iyun 2020-ci il tarixlərindəBakıda növbəti dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisininin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verib.

Növbəti yarışın Marşal Proqramına 100-ü xarici olmaqla ümumilikdə 1300-ə yaxın marşalın cəlb olunması nəzərdə tutulur. Proqramda yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs iştirak edə bilər.Qoşulmaq istəyənlər bu keçidə daxil olaraq əlaqədar formanı doldurub təsdiq etməlidirlər.

BŞH-nin İdman Əməliyyatları şöbəsinin və BMK-nin rəhbəri Çingiz Mehdiyev marşallıq fəaliyyətində indiyədək böyük uğur qazandıqlarını bildirib: “İlk dəfə fəaliyyətimizə 2016-cı ildə 100 nəfərlik yerli marşal heyəti ilə başlamışıq və artıq klubumuzun üzvlərinin sayı 1800-ə çatıb. Bu, çox qürurverici haldır.

Bu günədək Marşal proqramları çərçivəsində təşkil etdiyimiz intensiv təlimlər nəticəsində yüksək peşəkarlığa nail olan yerli marşallarımız hər il həm Bakıda baş tutan, həm də dünyanın dörd bir yanında keçirilən bir sıra Formula 1 Qran Pri yarışında iştirak edərək avtoidman dünyasına xüsusi qatqı göstəriblər.

Nəticədə bir vaxtlar bizim üçün əlçatmaz görünən zirvələrə proqram iştirakçılarımızın həvəs və əzmkarlığı sayəsindəartıq çıxa bilmişik. Bu il daha böyük uğurlara imza atacağımıza inanırıq və fürsətdən istifadə edərək marşal adını qazananların hər birini şəxsən təbrik edir, maraqlı olan hər kəsi bu proqrama gecikmədən qoşulmağa dəvət edirəm”.

Proqrama cəlb olunmuş marşallar Formula 1 Azərbaycan Qran Prisi 2020-nin əvəzolunmaz bir hissəsi olmaq, eyni zamanda yarış həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar. Həmçinin Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) marşallıq fəaliyyətinə dair beynəlxalq lisenziyası təqdim olunacaq. Marşal Proqramı haqqında ətraflı məlumatı klubun rəsmi vebsaytı və Facebooksəhifəsindən əldə edə bilərsiniz.

 









Redaktorun seçimi