Avropa Gənclər Olimpiya Festivalı açıq elan edildi

Hit: 314
Avropa Gənclər Olimpiya Festivalı açıq elan edildi

Azərbaycanın tanınmış idmançıları, Olimpiya çempionları olmuş həndbolçular - Rəfiqə Şabanova və Lyudmila Şubina, cüdoçular - Nazim Hüseynov və Elnur Məmmədli, stend atıcısı Zemfira Meftahəddinova və sərbəst güləşçi Namiq Abdullayev Beynəlxalq Olimpiya Komitəsinin bayrağını səhnəyə gətirib və qurumun himninin sədaları altında bayraq qaldırılıb.

Olimpiya oyunlarının ənənəsinə uyğun olaraq idmançılar adından Fəxriyyə Tağızadə və Sabir Cəfərov, hakimlər adından Ələkbər Həsənov və Sədi Quliyev, məşqçilər adından isə Ramiz Ramizzadə və Əsgərxan Novruzov ədalətli oyun naminə obyektivlik və sədaqət andı içiblər.

Nəhayət, səbrsizliklə gözlənilən an yetişib – söhbət yarışın məşəlinin yandırılmasından gedir. Alovu paytaxtın idman obyektlərini gəzərək Kristal Zala Olimpiya çempionu Fərid Mansurov çatdırıb.

 

Beləliklə, XV Avropa Gənclər Olimpiya Festivalının məşəli düz bir həftə bu gözəl arenada alovlanacaq.

Daha sonra əməkdar artist Tünzalə Ağayevanın ifasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı səsləndirilib.

Ardınca açılış mərasiminin bədii hissəsinin “Welcome to Azerbaijan” adlı ilk bölümü başlanıb.

Burda təxminən 500 gəncin gücündən istifadə olunub.

 

20:49

Azərbaycanın paytaxtı Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir Bakı Kristal Zalında təşkil edilib.

Açılış mərasimi iştirakçılarının və qonaqların salamlanması ilə başlayıb. Arenadakı böyük monitorda XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edən Azərbaycan haqda dolğun fikir formalaşdıran video-rolik nümayiş etdirilib.

Ardınca isə tamaşaçıların gur alqışları altında Azərbaycan Milli Qvardiyasının əsgərləri dövlət bayrağımızı səhnəyə gətirib və Azərbaycanın dövlət himni səsləndirilib. Mərasim iştirakçı ölkələrin bayraqlarının gətirilməsi və idmançıların arenaya daxil olması ilə davam edib.

Atletlər paradı müasir Olimpiya oyunlarının vətəni sayılan Yunanıstan təmsilçilərinin gəlişi ilə başlayıb və tamaşaçıların alqışları ilə ev sahibi Azərbaycan komandasının arenaya daxil olması ilə yekunlaşıb. Ölkəmizin bayrağını cüdoçu Vüqar Talıbov daşıyıb.

Sonra Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanez Kotsiyançiç çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Y. Eyyubov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu deyib. O bildirib ki, ölkənin idman siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin bir sıra mötəbər yarışlara ev sahibliyi etdiyini vurğulayan baş nazirinin birinci müavini qeyd edib ki, Azərbaycanın bütün regionlarında idman infrastrukturları mövcuddur.

Y. Kotsiyançiç bildirib ki, Avropa Olimpiya Komitələrinin üzvləri olaraq bizim üçün Bakıya – Odlar Yurdu Azərbaycanın küləklər şəhərinə gəlmək evimizə gəlmək kimi bir hissdir: “Dörd il əvvəl ilk Avropa Oyunlarını sizin köməyinizlə gerçəkləşdirdik. Oyunlar bizə möhtəşəm təcrübə verdi və bu yaxınlarda Minskdə keçirilmiş II Oyunlardan sonra qərara aldıq ki, III Oyunlar Polşanın Krakov şəhərində və Malopolska regionunda təşkil edilsin. Beləcə, yeni ənənəmiz davam etsin. Əminliklə deyə bilərəm ki, sizinlə birgə yeni Avropa Olimpiya İrsinin bünövrəsini qoymuşuq. Sizin təşkilati bacarığınıza və sədaqətinizə heç şübhəmiz yox idi. Qətiyyətiniz və könüllülərinizin iş keyfiyyəti, dostluğunuzdan yaxşı xəbərimiz var. Biz onu da bilirik ki, ölkənin edə biləcəyi ən uğurlu investisiya məhz gənclərə edilən investisiyadır”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.









Redaktorun seçimi