Stadionda "İstefa" deyə qışqıranlar hara yoxa çıxdılar?

387 dəfə oxunub
Stadionda "İstefa" deyə qışqıranlar hara yoxa çıxdılar?

Ötən gün futbolmuz növbəti “qara gecə”sini yaşadı. Macarıstan məğlubiyyətinin yarası sağalmamış dünən millimiz bizi növbəti dəfə “sevindirdi”. Budəfəki məğlubiyyətin acısı daha ağır oldu. Macarlardan fərqli olaraq, slovaklar daha acımasız oldular. Vurduğumuz 1 qolun qarşılığında millimiz qapısına 5 qol gördü.

Təbii ki, futbolda istənilən nəticə qeydə alına bilər. Amma gərək uduzanda da formanın, himnin, bayrağın haqqını verəsən. Yəni ki, milli ruhun olsun. Lakin dünən baş verənlər biabırçılığın son həddi idi. 1-2 futbolçudan başqa, digərləri meydana sanki 90 dəqiqəni yola vermək və yekunda da böyük hesabla uduzmaq üçün çıxmışdılar.

Futbol da bir dünyadır... Amma bu dünyada belə rəzil oyun göstərən ikinci bir komanda yoxdur. Dünyanın ən kiçik ölkəsindən böyüyünədək, hər kəs bizdən daha yaxşı vəziyyətdədir. Hətta Ermənistan futbolçuları belə səfərdə Avropa çempionu olan Yunanıstanı 3-2 hesabı ilə məğlub etdi. Yəni bizdə heçmi milli ruh yoxdur? Bəlkə də bacarmırıq, bəlkə də heç vaxt bacarmayacağıq. Ancaq bütün bunların məsələyə heç bir aidiyyəti yoxdur. Bunlar artıq heç kimə maraqlı deyil. Əvəzində isə hamıya maraqlı olan tək bir şey var: Federasiya rəhbərliyi nə vaxt istefa verəcək?

Hələ Macarıstan məğlubiyyətindən sonra “Milli dəstə” və digər fan-klub üzvləri slovaklarla oyunda yalnız "istefa" şüarlarını səsləndirəcəklərini və AFFA rəhbərliyini istefa verməyə çağıracaqlarını bildirmişdilər. Amma AFFA-nın başbilənləri buna da çarə tapdılar. Qurumun rəsmiləri oyun günü bütün biletlərin satıldığını bildirdilər. Amma oyun zamanı tribunaların boş qaldığını da aydın görmək olurdu. Bundan başqa, oyun zamanı tribunada fan-klub üzvlərindən heç biri yox idi. Bu da başadüşüləndi. Stadionda "istefa" şüarı səslənməsin.

Slovakiya milli komandasının 3-cü qolundan sonra stadionda "istefa" şüarları səslənməyə başladı. Amma ikinci hissədən etibarən qışqıranların sayı azaldı. Çünki "istefa" deyə qışqıranları arenadan çıxardırdılar. Stadionda olan azarkeşlərdən birinin saytımıza verdiyi məlumata görə, ən azı 26 nəfəri arenadan məcburi çıxardıblar. 

Bir şeyi anlamaq lazımdır ki, o insanlar, eləcə də sosial şəbəkələrdə etiraz edənlər özləri AFFA-nı idarə etməyi düşünmürlər. Onlar illərdi millimizin davamlı normal oyun sərgiləməsini, inkişaf etməsini, güclənməsini, son illər ən təmtəraqlı idman oyunlarına ev sahibliyi edən Azərbaycanın adına layiq oyun oynamasını istəyirlər. Bu istək normal deyilmi, sizcə? Niyə qarşısını almağa çalışırsınız ki? 

Təbii ki, sizdən sonra kimlərin gələcəyi, nə cür uğurlu işlərin görüləcəyi də şübhəlidir. Ancaq bir şey hər kəsə məlumdur ki, sizin tutduğunuz yol Azərbaycan futbolunu uğura aparmadı. Ardıcıl biabırçı məğlubiyyətlərimiz bizi gülüş hədəfinə çevirdi. Xalqın dərdi futbolun inkişafıdır, sizin şəxsiniz deyil. Etiraz edənlər şəxsinizə deyil, qazandırdığınız uğursuzluqlara qarşı çıxırlar. Və inanırlar ki, futbolumuza tək xidmət yolunuz qalıb: İstefa. Bu da bir mədəniyyətdir!

Orxan Hacı / Faktor.az



Redaktorun seçimi