"Neftçi"ni çempionluqdan edən 5 səbəb

179 dəfə oxunub
"Neftçi"ni çempionluqdan edən 5 səbəb

"Qarabağ"ın 6-cı dəfə ölkə çempionatının qalibi olması təəccüb doğurmadı. Ancaq bu mövsüm "Neftçi"nin ortaya qoyduğu istək 8 komandalı elitaya sözün əsl mənasında rəng qatdı. Yekunda "köhlən atlar" bu kəndin kəndxudasının kim olduğunu isbatlasa belə... Səbəblər haqda düşünən çoxdu. Biz də Fanat.Az olaraq geridə qalan çempionluq mübarizəsi haqda bir neçə kəlmə yazmaq istədik. Daha doğrusu, niyə uzun sürən həsrətin vüsalla yekunlaşmadığını aydınlaşdırmağa çalışdıq.

1.Çempionluq üçün güclü mütəxəssis və bir neçə "açar oyunçu” transferi vacib idi. Roberto Bordin məntiqlə, pis seçim deyildi. Lakin hələ "Şerif”də çalışdığı dönəmdə "Qarabağ”la bacarmayan italyanın Azərbaycan birinciliyində "ağ-qaralar”ı qələbəyə daşıyacağı inandırıcı görünmürdü. Bir neçə həlledici görüşdə hesabı qorxaq futbolla qorumaq çabasında bulunduğunu, taktiki xətalarını qabartmaq başqa söhbətin mövzusudu. Bu yazıda bir qədər fərqli prizmadan yanaşmağı məqsədəuyğun hesab edirik.

Düzdü, "Neftçi” qış fasiləsinə ağdamlılardan öndə yollanmağı bacardı. Lakin bunu daha çox Qurban Qurbanovun komandasının Avroliqa oyunlarına böyük güc sərf etməsi və məlum texniki məğlubiyyətlə əlaqələndirmək olar. Bakılıların köhnə-yeni çempion üzərindəki qələbəsi də həmin dönəmə təsadüf etdi. Qışdan sonra sürət yığan ağdamlılar öz oyununu sərgiləməyə başlayınca Bordinin futbol fəlsəfəsinin "qızıl”a yetməyəcəyi aşkar sezildi. Eyni sözləri yeni transferlər haqda da demək olar. Nə qışda heyətə qatılan Vangelis Platellas komandanı nəzərəçarpan dərəcədə gücləndirə bildi, nə də italyan Canluka Sansone. Qoleadorluq məharətini göstərə bilməyən Sansonedən daha çox top vuran müdafiəçi Mamadu Mbodjun mövqe səhvlərini isə videotəkrarlarda izləmək bəs edər. Müdafiəçi vurduğu qollarla "gümüş”ə töhfə versə də, "arxa cəbhə”də arzulanan oyunu göstərmədi.

2.Yerli lider anlayışı olduqca həssas məsələdi. "Neftçi”də yerli "qaymaqlar”ın olmaması mütləq qabardılmalıdı. Zədə üzündən mövsümü boşa verən Ruslan Abışov ona bəslənilən ümidləri doğrultmadısa, qapıçı Səlahət Ağayevdə xüsusi xarizma müşahidə olunmadı.Paltardəyişmə otağında yerli lider yoxdusa, komandanın kapitanı – Emin Mahmudov Rusiyada böyümüş "uşaq”dısa, "qızıl”ı boyundan asmaq çətin məsələdi.

3.Klub "Qarabağ”la son çempionat oyununda biletlərin qiymətini 50 manata qaldıraraq ictimai qınağa tuş gəldi. Təbii, idarəçilər öz hüquqlarından faydalanmışdılar, qanunsuz nəsə axtarmağa dəyməz. Ancaq bu və buna bənzər qıcıqdoğurucu hərəkətlərin arxasından həm də naşı rəhbərlərin siması boylanır. Rəhbərlik "Neftçi” adlı mənəvi dəyəri kiçiltməli, neytral tərəfdarların antipatiyasını qazanmalı deyildi. Həmin bilet olayında təcrübəli "Qarabağ” rəhbərliyinin 35 min manatlıq bilet alıb azarkeşlərinə paylaması hara, Kamran Quliyevin başqanı olduğu klubun acizanə addımı hara... Cılızlıqla çempionluq tərs mütənasibdi. Eləcə də fanatlara qarşı çıxmaq, yanlış siyasət nəticəsində tərəfdarları stadionlardan soyutmaq yolverilməz idi. Ümid edək ki, belə xırdalıqlar növbəti mövsümdə nəzərə alınacaq.

4.Transfer xəbərlərinin kluba yaxın mətbuat orqanlarına vaxtından əvvəl ötürülməsi, komanda daxilində baş verən olayların mediaya dərhal çatması da ümumi ab-havanın pozulmasını şərtləndirən amillərdən oldu. Möhkəm ailə ruhlu kollektiv formalaşdırmaq vacib şərtdi. Bəlli məsələdir ki, klubun içindəki "casuslar” ümumi hədəflərdən çox öz gələcəyini düşünür. Biri şəxsi münasibətləri qorumaq xatirinə mətbuata işləyir, digəri "Neftçi” adının ağırlığını dərk etmədiyinə görə xəbərçilik edir. Tahir Süleymanov Bakı klubunda vitse-prezident qismində çalışdığı dönəmdə belə məsələlərə şəxsən nəzarət edir, klubdan kənara xəbər ötürənlər müəyyənləşdirilərək cəzalandırılırdı. Ardıcıl çempionluqların, Avroliqanın qrupuna ilk Azərbaycan təmsilçisi adıyla yüksəlməyin, eləcə də digər nailiyyətlərin hər birində bu məqamın da payı var idi.

5.Bakı təmsilçisinin belə desək, çempionatda at oynatdığı dönəmdə klubun öz yetirmələrinə dəyər verilirdi. Araz Abdullayev, Elvin Yunuszadə və adıçəkilənlərin timsalında daha 7-8 gənc flavinyoların, vobayların təcrübəsindən faydalanır, "artırırdı”. Bu gün isə Mirabdulla Abbasov kimi ən istedadlı yerli gənc əcnəbi burulğanında boğulmamaq üçün ona şans və dəyər verəcək mütəxəssisin yanına yollanmaq istəyir.

Son söz əvəzi

Sadaladıqlarımızla səbəblər bitmir. Biz sadəcə sizləri uzunçuluqla yormamaq üçün 5 məqama toxunduq. Premyer Liqamızda ürəkaçan rəqabət, qızğın çempionluq mübarizələri izləmək üçün nöqsanları xatırlatmağı özümüzə borc bilirik. Hər şey özünütənqiddən başlayır. Bir vaxtlar heç nə bilmədiyi təqdirdə özünü hamıdan ağıllı sayan Elnur Məmmədovun – cahanşümül şuralaşma ideyasının ilk meyvəsinin məkan və yerli futbol mentaliteti ilə uzlaşmayan addımlarının nə ilə nəticələndiyini hamı bilir. Öyrənmək və yenə də öyrənmək lazımdı. "Neftçi”nin tarixinə, adına, ağ-qara rənglərə könül verən azarkeşlərə sayğı duya-duya.



Redaktorun seçimi