"Final oyununda favorit olmur" - İlqar Qurbanov

Xəbər verdiyimiz kimi Azərbaycan kubokunda final oyununu mayın 19-da Naxçıvan Muxtar Respublikası Stadionunda "Qəbələ" və "Sumqayıt" klubları arasında keçiriləcək.
Faktor.az xəbər verir ki, mövsümün son oyunu olan final qarşılaşmasından öncə "Qəbələ" klubunun futbolçusu bu oyun haqqında fikirlərini bizimlə bölüşüb. Təcrübəli futbolçunun özəl müsahibəsini sizə təqdim edirik:
- Əvvəlcə final oyunu ilə bağlı fikirlərinizi bilmək istərdik. Komandanın hazırlığı necə gedir?
- Hər zaman olduğu kimi, bu oyuna ciddi hazırlaşırıq. Bu oyunun əhəmiyyətinin nə dərəcədə böyük olduğunu bilirik. Çünki kuboku qazanan komanda Azərbaycanı Avroliqada təmsil edəcək. Ona görə də mayın 17-si Naxçıvana gedib hazırlıqlarımızı orda davam etdirəcəyik.
- Finalın Naxçıvanda saat 16:30-da başlamasına münasibətin necədi? Nəzərə alsaq ki, həmin saatda havanın isti olması komandanın futbolçuların oyununa necə təsir edəcək?
- Azərbaycanın hər bir bölgəsində futbolun olması sevindirici haldır. Biz 2017-ci ildə bir dəfə Naxçıvanda final oynamışıq. Düzdü o zaman "Qarabağ"a məğlub olmuşduq. İnşallah bu dəfə də azarkeşlər maraqlı bir oyun izləyərlər. Düzünü desəm final oyunu günü havanın necə olacağını indidən deyə bilmərəm. Düşünürəm ki, hava şəraiti komandaların oyununa heç bir təsir etməyəcək. Hər iki komanda üçün də şərtlər eynidir.
- Sizcə, bu final ötən ilki finaldan nə ilə fərqlənəcək? Çünki keçən ilki finalda Qəbələdə də sizin komanda fovarit göstərilirdi, indi də...
- Fərqləniriləcək bir şey yoxdur məncə. Adı üstündə final oyunudur. Hər bir final oyunu vacibdir. Finallarda favorit sözünü xoşlamıram. Düşünürəm ki, final oyununda favorit olmur. Finala çıxan hər bir komanda istəyir ki, kuboku qazansın. Sonda isə kubokun bir qalibi olur.
- Çempionatın son turunda Sumqayıta minimal hesabla məğlub oldunuz. Necə düşünürsən bu məğlubiyyət final oyununda komandaya necə təsir edəcək?
- Bəli çempionatın son turunda "Sumqayıt"a məğlub olduq. Amma düşünmürəm ki, bu məğlubiyyətin final oyununda bizə hər hansı bir pis təsiri olsun. Çünki dediyim kimi final oyunu tam fərqli bir atmosferdə olur.
Orxan Hacı / Faktor.az


