“Formula-1” zamanı tamaşaçıları nələr gözləyir?

Hit: 157
“Formula-1” zamanı tamaşaçıları nələr gözləyir?
“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin tamaşaçılarını yarış həftəsonu bir-birindən əyləncəli tədbirlər gözləyir.
 
Onların siyahısını təqdim edirik:
 
Bu həftəsonu baş tutacaq yarış çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq.
 
Bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində isə bu zona saat 10:00-dan 19:00-dək fəaliyyətdə olacaq. 
 
“Formula-1” yarış proqramı
 
Sərbəst yürüşlərə sabah start veriləcək. Birinci sərbəst yürüş saat 13:00-dan 14:30-dək, ikinci sərbəst yürüş 17:00-dan 18:30-dək, üçüncü sərbəst yürüş isə aprelin 27-si saat 14:00-dan 15:00-dək davam edəcək. Sıralanma turu aprelin 27-i, saat 17:00 ilə 18:00 arasında baş tutacaq. Yarışa isə bazar günü – aprelin 28-i, saat 16:10-da start veriləcək.
 
“Formula-2” yarışları
 
“Formula-1” təqvimində yer alan ölkələrin böyük qismində bu çempionata paralel olaraq “Formula-2” yarışları da keçirilir. Bir qayda olaraq həmin ölkələrdə “Formula-1” yarışı həftəsonu ərzində “Formula-2” üzrə iki yarış baş tutur. Bakıda keçiriləcək birinci yarış aprelin 27-si, saat 12:00-dan 13:05-dək davam edəcək. İkinci yarış isə aprelin 28-i, saat 13:10-da başlayacaq və saat 14:00-də qurtaracaq.
 
Axşam konsertləri
 
Hər il olduğu kimi, bu il də Azərbaycan Qran-Prisinin yarış həftəsonunun axşam saatlarında dünya ulduzlarının iştirakı ilə möhtəşəm konsert proqramları keçiriləcək. Aprelin 27-də Bakı Kristal Zalında baş tutacaq açılış konsertində səhnəyə britaniyalı ulduz Cessi Cey çıxacaq. Aprelin 28-də isə amerikalı superstar Kardi B bağlanış konserti ilə çıxış edəcək.
 
“Bakı Şəhərinin Sədaları”
 
“Formula-1” yarışı çərçivəsində ənənəvi olaraq keçirilən gecə əyləncə proqramları bu il ilk dəfə olaraq “Bakı Şəhərinin Sədaları” adı altında baş tutacaq. “Elektra Events Hall”da olacaq bu proqramlarda dünyaca məşhur DJ-lər çıxış edəcəklər.
 
Aprelin 26-da səhnəyə Ciqan və Mahmut Orhan, 27-də Robin Şults və 28-də “Lost Frequencies” çıxacaq. Gecə keçirilən bu əyləncə proqramlarında iştirak etmək istəyən hər kəs (“Formula-1” bilet sahibləri də daxil olmaqla) bilet almalıdır. Biletləri şəhərin müvafiq kassalarında günlük 55 manatdan əldə edə bilərsiniz.








Redaktorun seçimi