Ayxan Tağızadə: "Bundan sonra çıxacağım bütün yarışlarımı ona həsr edəcəm" - FOTOLAR

Hit: 3413
Ayxan Tağızadə: "Bundan sonra çıxacağım bütün yarışlarımı ona həsr edəcəm" - FOTOLAR

“Ən böyük arzum Olimpiya oyunlarına vəsiqə qazanmaqdır”

Faktor.az-ın müsahibi I Avropa Oyunlarının, İslam Oyunlarının qalibi, Dünya və Avropa çempionatlarının mükafatçısı Ayxan Tağızadədir.

-İdmana marağınız nə vaxt, necə yaranıb?

-Düzünü desəm, idmanın bu növünə marağım yox idi. Sadəcə atam taekvando müəllimi olduğuna görə mən də məcbur bu idmanla məşğul olmağa başladım. 6 yaşımda qara kəmər sahibi oldum, 8 yaşımda isə 3 dan aldım. Bundan başqa Respublika daxili yarışlarda çıxış etdim və uğur qazandım. Bütün bunlar məni bu idman dövünə daha da çox bağladı.

-Ümumiyyətlə, Taekvondo nədir? Nə üçün məhz bu idman növünü seçdiniz?

-Koreya döyüş sənəti olan taekvondonun xarakterik xüsusiyyəti döyüşdə ayaqlardan və əllərdən fəal istifadə olunmasıdır. "Taekvondo" kəlməsi 3 sözdən ibarətdir: "the" — ayaq, "kvon" — yumruq (əl), "-do" — yol deməkdir. Bu idmanı seçməyimdə əsas rol məhz atamın taekvando müəllimi olmasıdır. Əslində uşaqlıqdan mənim marağım futbola olub. Hətta, məktəbdə oxuyarkən taekvondo ilə yanaşı, futbolla da məşğul olurdum. Sonradan dərslərimlə əlaqədar çatdıra bilmədiyim üçün futbolu atmalı oldum.

-Seçdiyiniz idman növü döyüş olduğuna görə ciddi zədələr də qaçılmazdır. Bəs sizi bu idmandan uzaqlaşdırmaq istəyən kimsə olub heç?

-Düzünü desəm, belə bir şey olmayıb. Çünki bizim evdə atamın sözü keçirdi. Sadəcə bu idmanla məşğul olmağı özüm istəməmişəm. Belə olanda isə yanımda anam olurdu. O deyirdi ki, əgər istəmirsə getməsin bu idmana. Amma həmişə atamın dediyi olurdu. Düz deyirsiz ki, bu idman növündə tez-tez zədələr olur. Hətta 2017-ci il İslam Oyunlarında yarımfinal döyüşündə dizimdən zədə aldım və dizimdə ikinci dərəcəli yırtıq əmələ gəldi. Əgər bu zədə üçüncü dərəcəli olsaydı o zaman əməliyyat olacaqdım və ən azı altı ay idmandan uzaq qalacaqdım.

-İstərdik bir az da peşəkar kariyeranız haqqında məlumat verəsiniz. Beynəlxalq arenalarda hansı uğurları qazanmısınız?

-Altı dəfə çıxdığım Respublika çempionatının yalnız birində mükafat qazana bilməmişəm. Beynəlxalq arenadakı ilk uğurum isə 2013-cü ildə Portuqaliyanın Portu şəhərində Gənclər arasında keçirilən Avropa Çempionatı olub. Həmin yarışda mən öz səhvlərimə görmə yalnız finalda məğlub olaraq gümüş medal qazandım.

-Heç vaxt unuda bilməyəcəyiniz yarışınız və döyüşünüz hansı olub?

-Çoxları düşünə bilər ki, final döyüşləri unudulmaz olur. Amma mən belə düşünmürəm. Mənə görə unudulmaz döyüşüm hesabda geriyə düşdüyüm zaman əzimkarlıqla qazandığım döyüş olub. Elə bu yaxınlarda Belçikada keçirilən yarışda Dünya reytinqində 1-ci yerdə olan xorvatiyalı rəqiblə keçirilən döyüşdə 10:0 hesabı ilə geridə idim. Lakin mən özümdə güc tapıb həmin döyüşü 14:12 hesablı qələbə ilə başa vurdum. Həmin o döyüş mənim üçün unudulmazdır.

-Demək olar ki, uşaqlıqdan bu idman növü ilə məşğul olursuz və çıxdığınız bütün yarışlarda medal qazanırsınız. Bütün bu gücü hardan alırsız? Sizə xüsusi motivasiya verən biri varmı?

-İnsan üçün ən əsas motivasiya elə onun özüdür. Təbii ki, insan özü istədikdən sonra hər şeyi bacara bilər. Sadəcə insanın özünə inamı olmalıdır. Daha sonra isə ailən və dostlardır sənə motivasiya verən.

-Bilirik ki, uşaqlıqdan sizi yarışlara həm pisixoloji həm də ki, taktiki hazırlaşdıran ilk olaraq atanız Əvəz müəllim olub. Bir il olar ki, o dünyasını dəyişib. Atanızın vaxtsız ölümündən sonra yarışlara hazırlaşmaq sizin üçün çətin olmur?

-Artıq 11 aydır ki, atamı itirmişəm. Təbii ki, bu mənim üçün ağır zərbə oldu. Atam həmişə məndən Olipimpiya medalımı gözləyirdi. Həmişə deyirdi ki, 2020-ci ildə bunu görəcəm. Amma qismət olmadı. Mən yenə də atama söz vermişəm ki, çalışacam o medalı qazanım. Bundan sonra çıxacağım bütün yarışlarımı atama həsr edəcəm.

-Bu günlərdə Ukraynada keçirilən beynəlxalq yarışdan vətənə medalla qayıtmısız. İstərdik bu yarış haqqında danışasız...

-Ukraynada keçirilən beynəlxalq kubok idi. 2020-ci il Olimpiya oyunların reytinq xalı verən bir yarış idi. Elə buna görə də, ciddi hazırlaşmışdıq. Komanda olaraq çox uğurlu çıxış etdik. İdmançılarımız hamısı uğurlu nəticələr qazandı. Mən də həmin yarışda vətənə bürünc medalla qayıtdım.

-Ölkəmizdə keçirilən Avropa Oyunlarında, İslam Oyunlarında da qalib olmusuz. Doğma öılkədə qalib gəlməklə, xarici ölkədə qələbə arasında nə kimi fərq var? Hansı daha məsuliyyətlidir?

-Təbii ki, doğma ölkədə, vətənində çıxış etmək daha çətindi və insanda ikiqat məsuliyyət olur. Mən elə bir idmançıyam ki, dəstəkləyən çox olanda daha çox həvəslənirəm. Şükürlər olsun ki, həm 2015 Avropa Oyunlarında, həm də ki, 2017 İslam Oyunlarında doğma azarkeşlərin də dəstəyi ilə qızıl medal qazanmağı bacardım.

-Ayxan özünü taekvondo başqa hansı idman növündə görür və düşünür ki, həmin idmanda da uğur qazanardı?

-Özümü taekvondodan başqa futbolda görürəm. Çünki uşaqlıqdan futbolçu olmaq istəmişəm. Amma atamın istəyi mənim futboldan uzaqlaşmağıma gətirib çıxarıb. Məşq zamanı arada uşaqlarla fubol oynayıram. İnanıram ki, əgər futbolu seçsəydim, uğurlar qazanardım.

-Qarşıda hansı yarışlar sizi gözləyir? Ən böyük arzunuz, qarşınıza qoyduğunu məqsəd nədir?

Qarşıda bizi gələn ay ən əsas yarış -Dünya çempionatı gözləyir. İki ildən bir keçirilən bu yarışa çox ciddi hazırlaşırıq. Hər gün gündə iki dəfə olmaqla məşqlər edirik. Çünki Dünya çempionatında uğur qazanmaqla ,2020-ci il Olimpiya oyunlarına lisenziya xallaraı qazana bilərik. Bundan başqa Qran-piri yarışları da var. Ən böyük arzum isə Olimpiya oyunlarına vəsiqə qazanmaq və ölkəmizi layiqincə təmsil etməkdir. Əsas məqsədim də budur. Çünki mən atama söz vermişəm.

-Sonda bu idmanla məşqul olmaq istəyən gənclərə nə məsləhət verərdiniz?

-Əgər bu idman növünü seçiblərsə məsləhət görərdim ki, məşqlərinə ciddi şəkildə davam etsinlər,  məsuliyyətsiz yanaşmasınlar. Əgər özlərinə inamları olsa, o zaman mütləq uğur qazanacaqlar.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik. Gələcək kariyeranızda uğurlar!

-Çox sağ olun. Mən də sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

Orxan Hacı / Faktor.az

1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi