Rəşad Sadıqov: Bayrağı təxribatçıdan almaq üçün ona tərəf qaçdım

Hit: 273
Rəşad Sadıqov: Bayrağı təxribatçıdan almaq üçün ona tərəf qaçdım
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının "Arsenal”la Londonda keçirilmiş görüşü haqda fikirlərini bildirib.
 
 
Faktor.az  xəbər verir ki, o, Oxu.Az-a açıqlamasında görüşü dəyərləndirib:
 
"Bilirdik ki, bizi çətin matç gözləyir. Rəqibin ərazi üstünlüyü vardı. Biz də müdafiəni yaxşı qurmağa çalışdıq. Rəqibin üstünlüyünə baxmayaraq, qapımızda çoxlu qol vəziyyətlərinin yaradılmasına imkan vermədik. Onlar iki dəfə yüz faizlik şans yaratdılar. Birincisi qol oldu, ikincisi də 88-ci dəqiqədə baş verdi.
 
Qolda müdafiədən çıxmaqda səhv etdik. İkinci epizodda isə bizi əks-hücumda yaxaladılar. Mövqe hücumu zamanı rəqibə qapımıza təhlükə yaratmağa imkan verməməyə çalışdıq. Rəqibin müdafiədə boşluq buraxmasını gözlədik. 
 
Geryenin künc zərbəsindən sonra yaxşı imkanı vardı. Əgər o top çərçivəyə getsəydi, qol olacaqdı. Araz Abdullayevin zərbə anına çıxması epizodunu da yada salmaq olar. Təəssüf ki, Araz onu qola çevirə bilmədi.   
 
Avrokubokdakı son matçımızda layiqli futbol sərgiləməyə çalışdıq. Xüsusən "Sportinq”ə ağır məğlubiyyətdən sonra psixoloji baxımdan bu matç bizim üçün vacib oyun idi. Fikrimcə, bizdə alındı. Məşhur kluba qarşı layiqli mübarizə apardıq. Bəli, heç-heçə etmək daha yaxşı olardı, amma təəssüf ki, alınmadı”.
 
Rəşad Sadıqov görüşün 90+3-cü dəqiqəsində qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə meydana çıxmış erməni azarkeşə tərəf qaçaraq ona sərt şəkildə etirazını bildirdi.
 
Sadıqov həmin durumda hər bir vətənpərvər azərbaycanlının belə edəcəyini qeyd etdi:
 
"Bu, erməni təxribatı idi. Birdən gördüm ki, "Arsenal”ın qapısı tərəfdən bir təxribatçı azarkeş qondarma "respublika bayrağı” ilə qaçır. Onu saxlamaq və o əskini əlindən almaq üçün o tərəfə qaçdım. Ancaq məni mühafizəçilər saxladı və ona yaxınlaşmağıma imkan vermədilər. Bu, bir təxribat idi. Bu haqda çox danışmaq istəmirəm. Ürəkdən nə gəlibsə, həmin an onu yerində etmişəm. Olan oldu, keçən keçdi. Allah nəsib etsə, yenidən onlarla görüşəcəyik”.








Redaktorun seçimi