AFFA Qurban Qurbanov haqda - "İki yerdə işləmək..."

Hit: 299
AFFA Qurban Qurbanov haqda - "İki yerdə işləmək..."

AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

Faktor.az xəbər verir ki, o, ilk olaraq, iclasda müzakirə olunan mövzulara toxunub:

- 4 əsas məsələ var idi. Biri milli komandanın son bir ildəki nəticələri idi. Sonra aşağı yaş millilərinin baş məşqçilərininin müqavilələrinə xitam verilməsi ilə bağlı müzakirələr aparıldı. Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin hesabatı dinlənildi. Həmçinin, lisenziyalaşdırma ilə bağlı “A” meyarına uyğun olaraq maliyyə şəffaflığı ilə bağlı müvafiq qərar qəbul edildi. Bildiyiniz kimi, Qurban Qurbanov ötən il milli komandaya baş məşqçi təyin edilmişdi və o, eyni zamanda “Qarabağ”ı da çalışdırırdı. Nəticələr və fəaliyyətə baxıldıqdan sonra qərar qəbul edildi ki, fəaliyyətini bir işdə davam etdirsin və yığma komandanın baş məşqçisi kimi müqaviləsinə xitam verilsin. Bizim üçün “Qarabağ”ın beynəlxalq arenada və daxili çempionatda uğurlu çıxışı və gələcək inkişafı çox vacibdir. Başa düşürük ki, iki komandanın baş məşqçisi olmaq çox ağır yükdür. Ötən il İK qərarı qbul edərkən düşünürdü ki, bu yük və məsuliyyət elə də ağır deyil. Ancaq təcrübə göstərdi ki, 4 fərqli yarışda iştirak etmək çox çətindir. Buna görə də müqaviləyə xitam verildi. AFFA prezidenti və İK üzvləri Qurban müəllimə minnətdarlığını bildirdi. O, son 12 ayda əziyyət çəkdi. Təəssüf ki, Millətlər Liqasında uğurlu nəticə əldə olunmadı, ancaq böyük əziyyətlər oldu. Keçən il aşağı yaş millilərinə də yeni təyinatlar edilmişdi. Yalnız Vüqar Məmməd daha əvvəldən AFFA ilə əməkdaşlıq etmişdi. Biz bu bir ildə məşqçilərdən strategiya gözləyirdik. Ancaq gördük ki, uğursuz nəticələr oldu. Ümumi olaraq uzunmüddətli strategiya və plan təqdim olunmadı. Elit-raunda yüksələn U-19-un çalışdırıcısı Vüqar Məmməd istisna olmaqla, digər yığmaların məşqçiləri ilə müqavilələrə də xitam verildi.

UEFA-nın yeni tələbləri nəzərə alınaraq, klubların daxilində maliyyə şəffaflığı təmin olunmalıdır. İK qərar qəbul etdi ki, klublar ildə bir dəfə gəlirləri ilə bağlı məlumatları şəffaf şəkildə ictimaiyyətə təqdim etməlidi. Xərc hissələri ilə bağlı isə hələlik yalnız uşaq futboluna ayrılan vəsaitlər açıqlanmalıdır. Hakimlər Komitəsinin sədri son 3 ayla bağlı hesabat təqdim etdi. Növbəti 13 aylıq planlar təqdim edildi. Hesabat qəbul olundu.

- Açıqlamlarınız bir-birini vurur. Əgər Qurban Qurbanovla ötən il müqavilə bağlanılıbsa, bu o deməkdir ki, İK-nın üzvləri yanlış qərar veriblər. Bu fikirlə razısınızmı? İkinci məsələ isə Qurban Qurbanov “Qarabağ”a görə göndərilibsə, aşağı yaş qrupularındakı məşqçilər göndərilməməliydi. Ümumi şəkildə hər kəsi göndərirsinizsə, bu, o deməkdir ki, həmin sistemi kənara çıxarırsınız.

- İlk olaraq, birinci verdiyiniz suala cavab verim. İK-nın ötən il qərar qəbul etdiyi amillər var. Hər addım komitədə müzakirə olunmuşdu. Müzakirə olunmuşdu ki, bu, böyük bir yük, ağır bir işdir. İki komandanı idarə etmək, baş məşqçi olmaq çətin işdir. Və iclasda Qurban Qurbanovun da fikri soruşuldu. O da qeyd etdi ki, bu yükü üzərinə götürməyə tam şəkildə hazırdır. Heç kim deyə bilməz ki, İK-da verilən hər qərar yüz faiz düz qərardır. Yəni, bu günkü iclasda bu da müzakirə olundu və bəzi üzvlər tərəfindən etiraf da oldu. Yəni, o vaxt bu məsələyə daha da dərin baxmalıydıq. Unutmayaq ki, ötən mövsüm   milli komandanın 70 faizi “Qarabağ”ın üzvlərindən ibarət idi. Hazırda bu, belə deyil. İkinci suala gəlincə, əsas milli digərlərindən ayrıdı. Digərlərində isə çoxsaylı təlim-məşq toplaışları olur. Demək olar ki, hər ay bunlar təşkil olunub. Ancaq biz gördük ki, bunun faydası yoxdu. Məsələn, U-17 nəticə vermir, həm də intizam yoxdu. Əgər komanda beynəlxalq oyuna çıxırsa və 4 “qırmızı” alırsa, bu, komandanın böyük problemidi. İK da başa düşür ki, bunları həll etməliyik. Söhbət tək nəticədən getmir, qələbə qazanmaq da, məğlub olmaq da olar, feyr-pleyi pozmamalıyıq. Dünyada bunu ciddi təbliğ edirlər. Gənc futbolçularımız da buna uyğun davranmalıdılar. Çünki onlar gələcəkdə əsas komandanın üzvü olacaqlar. U-19-un nəticəsi oldu və Vüqar Məmmədlə yola davam edəcəyik.

- Qurban Qurbanovla qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verildiyi bildirilib. Amma sizin danışığınızdan belə başa düşdük ki, razılıq əsasında yox, istefaya göndərilib.

- Xeyr, qarşılıqlı olub. Mən istefa sözünü deməmişəm. Qurban Qurbanov da iclasa dəvət olundu, onunla da müzakirələr etdik. Və o da bununla razılaşdı.

- Millinin yeni baş məşqçisi əcnəbi olacaq? Onu da nəzərə almaq lazımdır ki, Avropa çempionatının seçmə mərhələsinə çox az vaxt qalıb.

- İcraiyyə Komitəsinin üzvləri və AFFA prezidenti artıq katibliyə tapşırıq verib.  Namizədlərin siyahısı hazırlanmalı və rəhbərliyə təqdim olunmalıdır. Mövzu əcnəbi və yerli mütəxəssisdən getmədi. Namizədləri Məşqçilər Komitəsi ilə müzakirə edəcəyik. Onların fikrini bilmək çox vacibdir. Namizədlərin siyahısı hazırlanacaq və rəhbərliyə təqdim olunacaq.

- İclas nə zaman olacaq?

- İlin sonuna qədər iclası reallaşdıracağıq. AÇ-nın seçmə mərhələsinə az vaxt qalıb və yeni məşqçi komandasını tanımalıdır. İlin sonu və ya yanvar ayının əvvəli növbəti iclasımız olacaq.  

- Uğursuzluqlardan sonra Qurban Qurbanov bildirmişdi ki, hər şeyə yenidən başlamalıyıq. Siz nə düşünürsünüz?

- Təbii ki, baş məşqçi futbol tərəfini fikirləşir. Lakin mən deyə bilmərəm ki, Qurban müəllim nəyi düşünür. 

- Hakimlər Komitəsinin tərkibində kimlər yer alacaq?

- Bütün strukturu təqdim edəcəyik. 

- Millinin uğursuz çıxışından sonra istəs sosial şəbəkələrdə, istərsə də mediada daha çox sizin adınız çəkilir. Niyə çoxları düşünür ki, Elxan Məmmədov Azərbaycan futbolunu məhv edir?

- Növbəti həyatımda futbolçu olmağa çalışaram. Bilirsiniz, süni şəkildə hər şey ola bilər. Sərbəstlikdi, hər insan istədiyi fikri irəli sürə bilər.  Şərt odur ki, təhqir etmədən. Biz sağlam tənqidi alqışlayırıq, bundan nəticə çıxarmağa çalışırıq. İnsanın şəxsi həyatı da belədi. Hər insan sağlam tənqidi qəbul etməlidi. Bu gün AFFA olaraq, bütün milli komandalara dəstək göstərmişik. Elə bir təlim-məşq toplanışı yoxdu ki, subyektiv yanaşaq və onu ləğv edək. Bu, dəfələrlə müzakirə olunur. Biz şərait yaradırıq, uşaq futboluna dəstək veririk.

- Uşaq futboluna diqqət ayrılsa da, heç bir səviyyədə inkişaf olmur. Bunun səbəbi nədir?

- O suala klublar cavab verə bilər.  AFFA bütün yarışları təşkil edir. Ola bilər, səhv etmişik, 7-8 yaşlı uşaqlar üçün yarışlar olmalıdır. UEFA uşaq futboluna görə klublara pul ayırır və bu vəsaitə yaxşı akademiya təşkil etmək olar. 

- Millidəki postundan istefa verən məşqçilər futbolçu qıtlığından şikayətlənirlər. Bu cümlənin işlədilməsində sizin və AFFA-nın günahı nə qədərdi?

- Hazırda çempionatımızda 8 komanda çıxış edir. Limitə uyğun olaraq minimum 5 futbolçu meydanda olmalıdı. Digər 5 nədəf isə ehtiyatda oturmalıdı. Bu, 80-ə yaxın futbolçu edir. "Sumqayıt" daha çox yerli futbolçulara güvənir, futbolçu sayı çoxdur. "Sumqayıt" milliyə düşə biləcək futbolçular güvənir və bu, yaxşı haldı. Keyfiyyətə gəlincə, bunu AFFA və PFL müəyyən edə bilməz.  Ona görə də bu sualları klublara vemrək lazımdır. Ola bilər ki, hardasa səhv var.









Redaktorun seçimi