İsveç futbolunda SƏS-KÜY SALAN AZƏRBAYCANLI - FOTOLAR

56 dəfə oxunub
İsveç futbolunda SƏS-KÜY SALAN AZƏRBAYCANLI - FOTOLAR

Bu gün xarici ölkələrdə uğur qazanan soydaşlarımızın fəaliyyəti digər soydaşlarımızın fəaliyyətinə böyük stimul verir.

Gələcəkdə onların qazandıqları nüfuz güclü lobbimizin yaranmasına təsir göstərəcək. Artıq xaricdə yaşayıb uğur qazanan soydaşlarımızın sayı getdikcə artır.

Bu gün istər idman, istər, mədəniyyət, istərsə də, başqa sahələrdə uğur qazanmış soydaşlarımız çoxluq təşkil edirlər. Belə uğur qazananlardan biri də İsveçin “Savedalen IF U-19” (yəni 19 yaşlılar) komandasında oynayan Ayxan Cabbarlıdır.

Ayxan Cabbarlı kimdir? Ayxan Cabbarlı 2003-cü ildə Azərbaycanda anadan olub. 6 yaşından futbolla məşğul olmağa başlayıb. İlk komandası Bakıda “Türk Futbol Klubu“ olub. Sonralar “Bakı”, “Nefçi” futbol klublarında oynayıb. 2012-ci ildən İsveçdə yaşayır. Burada da bir neçə klubda məşqlər və oyunlar keçirib. Hazırda İsveçin “Savedalen IF U-19” klubunda oynayır. Bu il klubu oynadıqları liqanın çempionu olub və əsas liqaya yüksəlib. Əsasən sağ və sol yarımmüdafiəçi mövqeyində oynayır. Ayxan klubunda ən gənc oyunçudur. İndi liqa oyunlarında fasilə yarandığından,”İsveç“ kuboku oyunlarında oynayır. Qrup oyunlarında yaxşı nəticə göstərdiklərinə görə, növbəti mərhələyə keçiblər.

Bu il sınaq imtahanlarından sonra İsveçin ikinci böyuk futbol məktəbinə qəbul olub. Ən əsası isə ölkəmizin millisinə (2-il öncə) dəvət alıb və oyunundan razı qalıblar. 16 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində bir neçə beynəlxalq oyunlarda iştirak edib. Millidə ilk məşqçisi Vüqar müəllim olub. İndi isə məşqçisi Azər müəllimdir. Ayxan milliyə dəvət olunması ilə bağlı öz təəssüratlarını bölüşüb: “Məni öz ölkəmin millisinə dəvət etdiklərinə görə, AFFA rəhbərliyinə və məşqçi korpusuna minnətdarlığımı bildirirəm. İsveçdə də çalışıram ki, ölkəmin adını və şərəfini layiqincə təmsil edim.

Yeri gəlmişkən, bir məsələni sizlərə xatırlatmaq istəyirəm. Azərbaycan millisində oynamaq atamın ən böyük arzusu idi. Mənim Azərbaycan millisinin formasını geyinib və dövlət himnimizi oxumaq atamın böyük arzusu olub. Mən də atamın arzusunu reallaşdırdığıma görə çox sevindim. Doğrudan da çox böyük məsuliyyət və qürurdur. İsveçdə bir neçə klub mənimlə maraqlanır. Bundan əlavə, Türkiyənin “Beşiktaş “ klubunun diqqətindəyəm. Yəqin ki, 2019-cu ilin may ayında Türkiyədə baxışda olacam. Hələlik qərar verməyə vaxtım var.

Futboldan başqa dərslərimlə də ciddi məşğulam. Gələn il idman gimnaziyasına qəbul olacağam. İnşallah, gələcəkdə Çempionlar Liqasında oynamağı arzulayıram. Əlbəttə ki, Azərbaycan millisində də öz mövqeyimi möhkəmləndirəcəm. Çünki mən azərbaycanlıyam”.

Elnur Eltürk

1
1
1



Redaktorun seçimi