Millimiz Kosovoya böyük hesabla uduzdu - YENİLƏNİB
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxıb.
Faktor.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin 6-cı turunda Kosovonun qonağı olub. Priştinadakı “Fadil Vokrri” stadionunda keçirilən görüş saat 23:45-də start götürüb.
Kosovo yığması hazırda 11 xalla 1-ci pillədəydi. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C Liqasına və pley-offa yüksəlmək üçün bu oyunda mütləq qələbə qazanmalıydı. Əks halda, milli komanda Millətlər Liqası yolu ilə AÇ-2020-yə vəsiqə qazanmaq şansını itirəcəkdi.
Təəssüf ki, yığma komanda bəslənilən ümidləri doğrulda bilməyib. Rəqib meydanında elə ilk dəqiqələrdən dizləri əsməyə başlayan azərbaycanlı futbolçular bunun məntiqi nəticəsi kimi 2-ci dəqiqədə yenidən mərkəzə dəvət olunublar. Qalan dəqiqələrdə daha 3 qol buraxan milli komanda biabırçı məğlubiyyətlə barışmalı olub.
Qrupun digər matçında isə Malta öz meydanında Farer adaları yığmasını qəbul edib. Bu oyunda isə heç-heçə qeydə alınıb - 1:1.
UEFA Millətlər Liqası
6-cı tur
20 noyabr
D Liqası, 3-cü qrup
Kosovo - Azərbaycan - 4:0
Qollar: Arber Zeneli, 2; 50; 76. Amir Rrahmani, 61.
Baş hakim: Benua Miyo
Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed
Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)
Priştina. “Fadil Vokrri” stadionu