Gözlər tarixi oyunda: Azərbaycan Kosovaya qalib gələ biləcəkmi? - İdman yazarlarının porqnozları

Hit: 2725
Gözlər tarixi oyunda: Azərbaycan Kosovaya qalib gələ biləcəkmi? - İdman yazarlarının porqnozları

Xəbər verdiyimiz kimi, bu gün milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək. Belə ki, D liqasının 3-cü qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri səfərdə Kosovo millisi ilə qarşılaşacaq. Son oyunda qələbə sayəsində play-off mərhələsinə vəsiqə qazanacaq millimizə inam böyükdür.

Elə biz də idman ictimayyətinin millimizlə bağlı fikirlərini öyrənməyə çalışdıq. Həmin fikirləri sizə təqdim edirik:

CBC Sportun şərhçisi Rövşən Binnətli:

"Hər şeyin yaxşı olacağına ümid edirəm. Bəlkə də bu nikbinlik milliyə sonsuz sevgidən qaynaqlanır, deyə bilmərəm. Amma məncə, o tarixi qələbəni qazanacağıq".

"Qafqazinfo.az" saytının idman müxbiri Elsevər Məmmədov:

"Avropa çempionatına vəsiqə qazanmaq üçün hələ pley-off mərhələləri var. Kosovonu udmaqla iş bitmir. Amma bugünki oyunda komandamızdan qalibiyyət gözləyirəm. Sadəcə reallıqla baxsaq, Kosovo daha güclü heyətə malikdir. Bizdə isə əksinə ümidverici məqam Qurban Qurbanov amilidir. Sırf onun bir dəfə qarşlaşdığı rəqiblərlə ikinci oyunlarda daha yaxşı hazırlaşması ümid verir. Düşünürəm ki, komandamız səfərdən qələbə ilə qayıda bilər və AÇ şanslarını saxlaya bilər. Amma çətin olacaq. Kosovo doğma meydanda oynayır və üstəlik, ab-hava əladır. Çünki son matçda Malta üzərində böyükhesablı qələbə qazanıblar. İlk oyundan fərqli Valon Berişa heyətdədir. Formaya düşüblər. Bu səbəbdən çətin oyun keçəcək. Şansları faizlə dəyərləndirsək, Kosovonun bir az üstünlüyünü qeyd etmək olar: 60-40 nisbətində olar şanslar. Yenə də komandamıza güvənək. Əslində komandanın bugünki vəziyyəti, futbolçu potensialı çox da ümidverici deyikl. Lakin yenə deyirəm ortada Qurban Qurbanov amili var".

CBC Sportun şərhçisi Nurlan Valehoğlu:

"Azərbaycan futbol tarixinin ən önəmli oyunlarından biridi Kosovo ilə qarşılaşma. Çünki biz qələbə qazansaq tək liqa adlamayacağıq mənim fikrimcə, həm də futbolumuz bir səviyyə daha yüksələcək. Qarabağın Çempionlar liqasinda iştirakı zamanı daha güclü reqiblərlə oynamasının nə dərəcədə önəmli olduğunu gördük. Şəxsi fikrimə görə Kosovonu minimal hesabla məğlub edəcəyik. O, ki qaldı Avropa çempionatına düşmək məsələsinə. Necə deyərlər "niyə də yox". Pley-off-larda rəqiblərin bizdən daha güclü olduğunu düşünmürəm. Ama tebii ki, hədəflərə pillə-pillə çatmalıyıq. Kosovo səddini inşallah rahat keçək və önümüzü o zaman daha rahat görəcəyik".

İTV idman departamentinin müdiri Kənan Hakimov:

"Hamı kimi bizim də milli komandamıza ümidimiz böyükdür. Qələbə qazanmaqdan başqa bir yolumuz da yoxdur. Düzdür rəqib komandanın futbolçuları Avropanın aparıcı çempionatlarında çıxış edirlər. Amma bizdə də Qurban Qurbanov amili öz sözünü deyəcək. Düşünürəm ki, onun qurduğu təktika həlledici olacaq". Həmkarlarımızın da fikirlərindən görürük ki, milli komandamıza olan inam yüksəkdir. Bir tək o qalır ki, futbolçularımız çıxsın və son damla qanlarına kimi döyüşsülər. Qeyd edək ki, Kosovo - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq".

 CBC Sportun şərhçisi Pərviz Musayev: 

"Azarkeş nöqteyi-nəzərindən cavab versəm, təbii ki qələbə qazanmağı çox arzulayıram və qələbəyə inanıram. Amma ayıq başla məsələyə yanaşdıqda, şansları 50/50-yə dəyərləndirərdim. Hər halda, azarkeşlik istəyim güc gəldiyi üçün qələbə deyirəm".
 
Matç.az saytının əməkdaşı Zaur Xudiyev:
 
"Millimiz axşam bəlkə də müstəqillik tarixinin ən vacib və taleyüklü qarşılaşmasına çıxacaq. Bizi sevindirmək üçün isə yeganə nəticə - qələbə əldə olunmalıdır. Ancaq bu halda xalını 12-yə yüksəldəcək komandamız Kosovo yığmasını qabaqlaya biləcək və 3-cü qrupu lider olaraq başa vuracaq. Bu isə pley-offa yüksəlmək və AÇ-2020-yə yollanmaq üçün "Dördlər finalı"ndan iştirak deməkdir. Matçın əhəmiyyətini komandamız da, oyunçular da, baş məşqçi Qurban Qurbanov da yaxşı anlayır. Rəqib isə sıradan bir komanda deyil. Reytinq olaraq millimizdən alt sıralarda qərarlaşsa da, güclü oyunçuları olan, futbolçuları Almaniya, İngiltərə və digər nüfuzlu çempionatlarda çıxış edən komandadır. Yığmamız topa sahib olmaq, matça diqtə etmək, rəqibin müdafiə xəttində boşluqlar axtarmaq üzərində qurur oyunlarını. Kosovo yığması isə adətən hücum futbolu nümayiş etdirir. Amma rəqibə hətta heç-heçə də sərf edəcəyini nəzərə alsaq, ola bilsin ki, meydan sahibləri ənənəvi taktikalarından bir oyunluq əl çəksinlər. Amma istənilən halda, meydanda sona qədər mübarizə aparan matçın qalibi olacaq. Düşünürəm ki, yığmamızın bu matçda qalib gəlmək və növbəti mərhələyə yüksəlmək şansı var. Çıxa bilməsək, bu, faciədirmi? Məncə, deyil. Hər nə qədər qrupumuz Avropanın ən zəif yığmalarından ibarət olsa da, nəzərə alaq ki, biz də məhz bu liqada, bu qrupdayıqsa, heç kimdən bir baş üstün deyilik".
 
Xəzər Tv idman departamentinin müdiri Sənan abdullayev:
 
 
"Əvvəlcə mən millinin qarşısına "mütləq udmalıyıq" əmrinin qoyulmasına qarşıyam. Udmağı var gücümüzlə başda komandamız olmaqla hər birimiz arzulamalıyıq. Amma bu oyunu dünyanın sonu kimi təqdim etməklə razı deyiləm. Komandanın üzvlərinin oyuna yanaşmaları artıq qürurvericidi. Onlar qələbəni istəyirlər. Azərbaycan yığması Kosovo səfərində qələbəyə əminlik ifadə edirsə, bu artıq beyinlərdəki bəzi hüceyrələrin yaxşı mənada dəyişməsi, qıcıqlanması deməkdi. Qələbəyə mənim də inamım sonsuzdur. Mən də ümid edirəm ki, rəqibin heyətində "Verder", "Herenven", "Latsio", "Muskron", "Rizespor" kimi klubların üzvlərinin oynaması futbolçularımızı qorxutmayacaq. Qələbə qazansaq, əminəm ki, bu, millətlər liqasında sonuncu qalibiyyət olmayacaq".
 
"Sabah FK"-nun mətbuat katibi Elnur Həmidov:
 
 
"Əvvəla onu deyim ki, Kosovonu məğlub etsək belə, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmirik. Bugünkü matçdan qalib ayrılsaq, seçməmizi qarşıda daha 2 ağır oyun gözləyəcək. Düzdü, Millətlər Liqası Azərbaycan kimi kiçik futbol ölkələrinə qitə birinciliyinin final mərhələsinə vəsiqə üçün böyük şans verir. Ancaq nəzərə almalıyıq ki, D divizionunda çıxış edən digər millilər də bu arzudadır. Bu gün rəqibimiz olan Kosovo bizim üçün heç də asan rəqib deyil. Ümumiyyətlə, son dövrlər Avropa futbolunda “asan rəqib” anlayışı demək olar, ortadan qalxıb. Məncə, Kosovo yığması yaxın gələcəkdə Avropanın ortabab millilərindən biri olacaq. Rəqibin öz meydanında çıxış etdiyini nəzərə alsaq, yığmamızın işinin çətin olacağını deyə bilərik. Lakin mümkünsüz heç nə yoxdu. Rəqib hər nə qədər çətin olsa da, fikrimcə, millimiz bu səddi keçə bilər. Axşamkı oyunda yığmamızın ölkə futbol tarixində yeni səhifə açacağına ümid edirəm".

Orxan Hacı// Faktor.az

 









Redaktorun seçimi