“Kukesi” "Qarabağ" üçün asan rəqib, yoxsa başağrısı?

Hit: 572
“Kukesi” "Qarabağ" üçün asan rəqib, yoxsa başağrısı?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksələn “Qarabağ” bu raundda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

Faktor.az xəbər verir ki, bu duel iki ölkə təmsilçilərinin qitə miqyaslı yarışlarda 3-cü qarşıdurması olacaq.

İlk baxışdan çətin rəqib görünməyən albaniyalılar təmsilçilərimiz üçün əsl başağrısıdı. Belə ki, Azərbaycan komandaları indiyədək bu ölkədən olan rəqiblərinə qalib gələ bilməyib.

Artıq gələn həftə “Kukesi”nin qonağı olacaq “Qarabağ” ilk qələbənin müəllifi ola bilər. Əvvəlki iki duel çərçivəsindəki 4 matçda albaniyalılar yenilməz olub.

2013/14 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” “Skenderbeu” səddinə ilişib. Bakıdakı qolsuz bərabərlikdən sona səfərdəki matçın əlavə vaxtında meydan sahibləri qol sevinci yaşayıb.

İki il sonra “İnter”, indiki “Keşlə” “Laçi” ilə üz-üzə gəlib. Avropa Liqasının 1-ci təsnifat mərhələsində cütün qalibi təmsilçimiz olub. Lakin bakılılar qələbəsiz mərhələ adlayıb. Səfərdə Nika Kvekveskirinin qolu ilə əldə olunan 1:1 hesablı bərabərlik “İnter”in xeyrinə olub. Bakıdakı 0:0-dan sonra təmsilçimiz səfər qolu ilə mərhələ adlayıb.

Göründüyü kimi, albaniyalılarla 4 oyundan heç birində 90 dəqiqədə qalib müəyyənləşməyib. Amma matçların biri əlavə vaxtda rəqibin qələbəsi ilə başa çatıb. Top fərqində geridə olan (1-2) klublarımız iki cəhddən birində mərhələni adlayıb.









Redaktorun seçimi