Yığmamız Rusiyada 4-cü oldu

Hit: 237
Yığmamız Rusiyada 4-cü oldu

Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə qarışıq komandalar arasında Avropa çempionatı keçirilir.

Faktor.az xəbər verir ki, yarışa qatılan Azərbaycan yığması çıxışını başa vurub.

Çempionata Telman Vəliyev (73 kq), Tural Səfquliyev (90 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +90 kq), İçinxorlu Munxtsedev (57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi 70 kq) və İrina Kindzerskadan (+70 kq) ibarət heyətlə yollanan millimiz 5 qarşılaşmada qüvvəsini sınayıb.

1/16 finalda Polşanı 4:2 hesabı ilə məğlub edən Azərbaycan cüdoçuları növbəti raundda Hollandiya ilə qarşılaşıb. Bu dəfə eyni hesablı qələbəyə rəqibimiz sevinib.

“Narıncılar” yarımfinala yüksəldiyi üçün komandamız təsəlliverici döyüşlərdə mübarizə şansı qazanıb. Rumıniyanı 4:0, Avstriyanı 4:1 hesabı ilə məğlub edən millimiz bürünc medal uğrunda mübarizə şansı qazanıb.

Cüdoçularımız üçüncülük uğrunda meydan sahibi Rusiya ilə üz-üzə gəlib. Görüş rusların qələbəsi ilə nəticələnib – 4:0. Bununla da komandamız yarışı 4-cü pillədə başa vurub.

Qeyd edək ki, yarışa ümumilikdə 21 ölkədən 166 (84 kişi, 82 qadın) cüdoçu qatılıb. Kişilər 73 kq, 90 kq, +90 kq, qadınlar 57 kq, 70 kq və +70 kq çəki dərəcələrində mübarizə aparıb.









Redaktorun seçimi