“Qızıl dubl”: Modriç, yoxsa Varan?

141 dəfə oxunub
“Qızıl dubl”: Modriç, yoxsa Varan?

DÇ-2018-də UEFA-nın “Qızıl dubl”u qeydə alınacaq.

Faktor.az xəbər verir ki, bunun gerçəkləşməsinə yarımfinal oyunlarının nəticələri səbəb olub.

Söhbət bir ildə əvvəl Çempionlar Liqasının, ardınca dünya çempionatının finalında qələbə qazanan oyunçulardan gedir. UEFA-nın qurduğu bu rəmzi klubda yalnız 8 futbolçu yer alıb. Sonuncu xoşbəxt Roberto Karlos olub. O, 2002-ci ildə “Real”la Çempionlar Liqasını, Braziliya ilə DÇ-ni qazanıb. 1998-ci ildə Kristian Karambö “Real” və Fransa yığması ilə qalib gəlib. 1974-cü ildə isə “Bavariya” və Almaniya ilə dubla imza atanların sayı 6 nəfər olub. Bunlar Zepp Mayer, Pol Braytner, Hans-Georg Şvartsenbek, Frants Bekkenbauer, Herd Müller və Uli Hönessdi.

Finala Fransa və Xorvatiyanın çıxması sayəsində 2002-ci ildən sonra ilk dəfə “Qızıl dubl” gerçəkləşəcək. Çünki hər iki komandanın heyətində “Real”la Çempionlar Liqasını qazanan futbolçu var.

Xorvatiyada Luka Modriç və Mateo Kovaçiç, Fransada isə Rafael Varan “Real”ın üzvüdü. Lakin onlardan yalnız ikisi “Qızıl dubl” müəllifi ola bilər. Çünki UEFA-nın rəmzi klubunda yalnız finalda meydana çıxanlar yer alır. Kovaçiç isə Çempionlar Liqasında finalda meydana çıxmayıb. Varanla Modriçdən biri isə “Real”dakı zəfəri millidə də qazanacaq. Həmin oyunçu tarixə 9-cu dubl müəllifi kimi düşəcək.



Redaktorun seçimi