Proqres” ciddi komandadı” - Sənan Qurbanov

98 dəfə oxunub
Proqres” ciddi komandadı” - Sənan Qurbanov

“Yenidən bu ab-havanı yaşamaq çox xoşdu. Başqa bir həyəcandı. Bizim üçün futbol bayramıdı”.

Faktor.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında Lüksemburq təmsilçisi “Proqres”lə qarşılaşacaq “qırmızı-qaralar”ın çalışdırıcısı oyundan əvvəl mətbuat konfransı keçirib.

O, sabahkı qarşılaşma ilə bağlı bunları deyib: “Komandada əhval-ruhiyyə əladı. Bu gün son hazırlıqlarımızı gördük”.

- Cavid Hüseynov oynamayacaq. Kapitansız heyəti necə quracaqsınız?

- Cavidin yoxluğu bizim üçün yaxşı hal deyil. O, bizim üçün önəmli oyunçudu. Məşqlərə Cavidsiz başlamışdıq, zədəli olduğu üçün toplanışı buraxdı. Amma düşünürəm ki, kapitanın meydanda yerini dolduracaq oyunçularımız var.

- Komanda fasilədə 3 oyunçu ilə gücləndi. Yeni gələnlərin uyğunlaşma prosesi necə keçib?

- Lilay komandaya digərlərindən daha tez qoşulmuşdu. O biri iki oyunçu birbaşa Sloveniyaya gəldi. Futbolçular özləri də etiraf etdi ki, kollektivdəki ab-hava elə gözəl qurulub ki, komandaya tez uyğunlaşdılar. Oyun baxımından isə təbii ki, bir az vaxt lazım olacaq. Amma tezliklə hər şeyin yoluna düşəcəyini gözləyirəm.

- İlk oyunda hədəfiniz nədir?

- “Qəbələ” olaraq hədəfimiz ancaq qələbədir. Rəqibimiz ciddi komandadı. Analiz etmişik, çalışacağıq həm evdə həm də səfərdə qələbə qazanaq.

- “Qəbələ” rəqibdən nədə üstündür?

- Rəqibi çempionat və ötənilki Avrokubok matçından təhlil etmişik. Nizam-intizamlı komandadı. Müdafiədə kompakt oynayıb, hücuma sürətli çıxırlar. Biz də işimizi buna uyğun qurmuşuq.

- Oyun üslubunuz necə olacaq?

- “Qəbələ” iddialı klubdu, çalışırıq ki, meydandakı oyunumuz da buna uyğun olsun. Həm hücum, həm də müdafiədə uğurlu çıxış etməyi hədəfləyirik.

- Yoxlama oyunlarında sanki elə təsəvvür yarandı ki, hücumda, son nöqtəni qoymaqda problem yaşayırsız. Bunu həll edə bilmisiz?

- Adından bəlli olduğu kimi onlar yoxlama oyunlarıdı. Bəzi amillər var ki, onları rəsmi matçlarda futbolçulardan tələb edə bilmirik. Amma sınaq matçlarında bunu edirik. Qol imkanlarımızı əldən verməyimiz problem var demək deyil. Məncə, qarşıdakı oyunlarda bu cür çətinliklər yaşamayacağıq.



Redaktorun seçimi