“Qəbələ” də heç-heçə ilə başladı

Hit: 234
“Qəbələ” də heç-heçə ilə başladı

İyunun 20-dən Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

Faktor.az xəbər verir ki, səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan “qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşüb. Matç 1:1 hesabıyla başa çatıb.

Bu oyun “Qəbələ”nin Sloveniyada ümumilikdə 10-cu qarşılaşmasıydı. 2012-ci və 2014-cü illərdə də yay təlim-məşq toplanışını bu ölkədə keçirən “qırmızı-qaralar” ümumilikdə 8 yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ”nin Sloveniyadakı daha bir oyunu Avropa Liqasının “Maribor”la duelinə təsadüf edib.

“Qəbələ” Albaniya təmsilçisi ilə indiyədək bir yoxlama oyunu keçirib. 2017-ci ilin qışında Türkiyə toplanışında olan “qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəlib. Yoxlama matçında albaniyalılar qalib gəlib - 2:1.

“Kukesi” 1930-cu ildə yaranıb. Eyniadlı şəhəri təmsil edən komanda 88 illik tarixinin böyük hissəsini aşağı liqalarda keçirib. 2012-ci ildə Superliqada debüt edən bu klub burada 6 mövsüm mübarizə aparıb. “Kukesi” bu qısa müddətdə daimi mükafatçı imicinə yiyələnib. Komanda Superliqada keçirdiyi bütün çempionatları ilk “üçlük”də tamamlayıb. İlk üç mövsümdə (2012/13, 2013/14, 2014/15) qazanılan ardıcıl gümüş medallardan sonra bürünc (2015/16) və çempionluq (2016/17) da əldə edilib. 2017/18 mövsümündə yenidən gümüşə sahib çıxan “Kukesi” UEFA Avropa Liqasına yüksəlib. Aktivində ölkə kuboku (2015/16) və Superkuboku (2016) da olan kukesililər son 5 mövsümdə də avrokuboklarda mübarizə aparıb. Komandanın ən böyük uğuru UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləməkdi.

Xatırladaq ki, “Qəbələ”nin hücumçusu Rauf Əliyevin son klubu “Kukesi” olub. O, ötən mövsümün ilk yarısında çıxış etdiyi komandada keçirdiyi 17 matçda 4 qol vurub.

Yoxlama oyunu

23 iyun

Qəbələ - Kukesi (Albaniya) 1:1

Qol: Stiven Monroz, 79.









Redaktorun seçimi