81 ildə 1 qələbəsi olan “Baltsan” - "Keşlə"nin rəqibini tanıyaq

Hit: 395
81 ildə 1 qələbəsi olan “Baltsan” - "Keşlə"nin rəqibini tanıyaq

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Maltanın “Baltsan” klubunun 81 yaşı var.

Faktor.az xəbər verir ki, eyniadlı şəhəri təmsil edən komanda 1937-ci ildə yaradılsa da, ciddi uğuru yoxdu.

Onlar I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar. Şəhərin gənclərindən təşkil olunan komandasının Malta Premyer Liqasında debütü 2003-cü ilə təsadüf edib. Lakin həmin mövsüm yarışda 9-cu yeri tutaraq I diviziona qayıdıblar.

“Baltsan”ın yüksək liqaya qayıdışı 7 mövsümdən sonra reallaşıb və komanda 2012-ci ildə 6-cı olub. Onların ölkə kubokunda ən yaxşı göstəricisi isə ötən mövsümə təsadüf edib. “Baltsan” yarımfinala qədər irəliləməyi bacarıb. Komanda çempionatı da 2-ci sırada tamamlamaqla, ən yaxşı nəticəsini müəyyənləşdirib.

“Keşlə”nin rəqibi avrokubokda 2015-16 mövsümündə debüt edib. Lakin Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna (0:2, 0:1) uduzub. 2016-17 mövsümündə bu komanda Bakıya səfər edib. Çünki Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”yə rəqib olub. Bu dəfə isə ümumi hesabda 2:3 məğlub olub – 0:2, 2:1. Ötən mövsüm eyni turnirdə bu dəfə “Videoton” maltalıların önünü kəsib – 3:3, 2:0. Avrokuboklarda ümumilikdə keçirdiyi 6 matçın cəmi 1-də (“Neftçi” üzərində) qələbə üzü görən “Baltsan” 5 qol vurub, 11-ni buraxıb.

Prezidenti Anton Taqliaferro olan klubu serbiyalı mütəxəssis Marko Miçoviç çalışdırır. Komanda oyunlarını 17 min tamaşaçı tutumuna malik “Ta Kali” stadionunda keçirir. “Baltsan” ev oyununda qırmızı, səfər matçlarında isə qara və ağ formalardan istifadə edir.

Qeyd edək ki, iyulun 12-də “Baltsan”ın qonağı olacaq “Keşlə” ayın 19-da rəqibini qəbul edəcək.









Redaktorun seçimi