“Qəbələ”nin 99 yaşlı rəqibini yaxından tanıyaq

Hit: 464
“Qəbələ”nin 99 yaşlı rəqibini yaxından tanıyaq

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Proqres” 1919-cu ildə yaradılıb.

Faktor.az xəbər verir ki, 99 yaşlı Lüksemburq klubu Niderkorn şəhərini təmsil edir.

Almaniyanın II dünya müharibəsinin gedişində Lüksemburqu işğal etməsi nəticəsində “Proqres” 1942-43 mövsümündə “Niderkorn” adı altında Qauliqada (Prussiyanın Reyn bölgəsinin mərkəzi və cənubi bölgələrinin çempionatı) iştirak edib və ikinci pilləni tutub. Üç dəfə Lüksemburq çempionatının, dörd dəfə isə ölkə kubokunun qalibi olan “sarı-qaralar” ən yaxşı dövrlərini 1970-ci illərin sonu, 80-lərin əvvəllərində yaşayıblar. Komanda 1981-ci ildən bəri çempion ola bilmir. “Proqres” son mövsümü çempion “Düdelanj”ın 5 xal gerisində, ikinci pillədə bitirib.

“Proqres” ev oyunlarını 4 min 830 nəfər azarkeş tutumuna malik “Yos Haupert” stadionunda keçirir. Niderkorn təmsilçisinin oyunlarını ortalama 710 azarkeş izləyir.

İndiyə kimi avrokuboklarda 15 oyun keçirən “Proqres”in aktivində 1 qələbə, 2 heç-heçə, 12 məğlubiyyət var. 3 dəfə fərqlənən komanda qapısında 42 qol görüb. “Proqres” avrokuboklardakı yeganə qələbəsini “Reyncers” üzərində qazanıb. Lüksemburq klubu ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində səfərdə 0:1 məğlub olduğu Qlazqo təmsilçisinə doğma meydanda 2:0 hesabı ilə qalib gələrək mübarizədən kənarlaşdırmışdı.

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi ev oyunlarında sarı, səfər görüşlərində isə yaşıl rəngli formadan istifadə edir.

Komandanın əsasını lüksemburqlu futbolçular təşkil edir. Onlarla yanaşı, “Proqres”in heyətində fransız, portuqal, alman, belçikalı və erməni legionerlərə də rast gəlmək mümkündü.

Prezidenti Fabio Maroçi olan “Proqres”i 1996-1998-ci illərdə Lüksemburq millisinin şərəfini qorumuş Paolo Amodio çalışdırır.









Redaktorun seçimi