Sloveniya ilə 7-ci duel: İlk dəfə çempionlar

Hit: 465
Sloveniya ilə 7-ci duel: İlk dəfə çempionlar

Çempionlar Liqasının bugünkü püşkatmasında Azərbaycan təmsilçisi “Qarabağ”ın ilk rəqibi Sloveniya “Olimpiya”sı olub.

Faktor.az xəbər verir ki, I təsnifat mərhələsindəki qarşılaşmalar iki ölkə təmsilçiləri arasında 7-ci dueli kimi taricə düşəcək.

Belə ki, Azərbaycan klublarının avrokuboklardakı yolları 6 dəfə sloveniyalılarla kəsişib. İndiyədək yalnız Avropa Liqası (əvvəllər UEFA kuboku) çərçivəsində görüşən iki ölkə komandaları ilk dəfə çempionlar səviyyəsində münasibətlərini aydınlaşdıracaq.

Bu, həm “Qarabağ”, həm də “Olimpiya” üçün Azərbaycan-Sloveniya duellərində ilk sınaq olacaq. Düzdü, Lyublyana “Olimpiya”sı ilə bir dəfə qarşılaşmışıq. 2001/02 mövsümündə “Şəfa”ya Avropaya çıxmağa bu eyni şəhərin elə eyni adı daşıyan komandası peşman edib.

4:0 və 3:0 hesablı qələbələr qazanan “Olimpiya”nın məyus etdiyi komandada hazırda “Qarabağ”da çalışan Elxan Həsənov, Elçin Rəhmanov və Zaur Tağızadə də olub. Lakin o “Olimpiya” bu “Olimpiya deyil. Baxmayaraq ki, hər ikisi eyni şəhəri təmsil edir və eyni adı daşıyır.

Məsələ ondadı ki, Sloveniya futbolunun nəhəngi maliyyə problemləri üzündən fəaliyyətini dayandırıb. Əvəzində eyniadlı başqa komanda yaradılıb. Bəlkə də, kimlərsə bu iki “Olimpiya”nı səhv sala bilər. Necə ki, ölkəmizdə hələ də “Turan”ın “Turan-T” və “Turan Tovuz”, “MKT-Araz”ın “Mil-Muğan” (siyahını uzatmaq da olar) olduğunu düşünənlər var.

İki ölkə təmsilçilərinin 6 duelinə gəlincə, 4 dəfə Sloveniya, 2 dəfə Azərbaycan klubları mərhələni adlayan tərəf olub. “Neftçi” 3 cəhddən birində, “Qəbələ” yeganə duelində mərhələ keçibsə, “Şəfa” və “Bakı” sloveniyalılarla bacarmayıb. Lakin son iki duel klublarımızın lehinə olub.

6 duel çərçivəsindəki 12 matçda 7 dəfə sloveniyalılar, 3 dəfə bizimkilər qalib gəlibsə, 2 heç-heçə qeydə alınıb. Top fərqi balkanlıların xeyrinədi – 17:8.

2000/01 mövsümü, UEFA kuboku

Neftçi - HİT Qoritsa (Sloveniya) – 1:0, 1:3

2001/02 mövsümü, UEFA kuboku

Neftçi - HİT Qoritsa (Sloveniya) – 0:0, 0:1

Olimpiya (Sloveniya) - Şəfa – 4:0, 3:0

2012/13 mövsümü, Avropa Liqası

Bakı - Mura (Sloveniya) – 0:0, 0:2

2014/15 mövsümü, Avropa Liqası

Neftçi - Koper (Sloveniya) – 1:2, 2:0

2016/17 mövsümü, Avropa Liqası

Qəbələ - Maribor (Sloveniya) – 3:1, 0:1









Redaktorun seçimi