Daha bir idmançımız Olimpiadaya vəsiqə qazanıb

Hit: 470
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazanıb

Dünən Rusiyanın paytaxtı Moskvada Gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış baş tutub.

Bütün diqqətlərin yönəldiyi bu turnirdə təmsilçimiz Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq məhz bu oyunlara lisenziyanı əldə edib. 

Gimnastımız böyük uğura hər dörd çıxışına görə ümumilikdə 53.30 xal toplamaqla nail olub.

Yarışlarda ölkəmizi digər bədii gimnastımız Yelizaveta Luzan da təmsil edərək, 43.60 xal toplayıb.

Xatırladaq ki, qaydalara əsasən, hər ölkədən yalnız bir gimnastın lisenziya qazanmaq şansı olub.

Millimizin baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, bu il bədii gimnastika üzrə qaydalara yeni dəyişikliklər əlavə olunub və bu turnir yeni düzəlişlər əsasında baş tutub. Buna görə də həm gimnastlar, həm də məşqçilər üçün yarışlar çətin və həyəcanlı keçib.

“Gənclər arasında Yay Olimpiya Oyunlarına ilk Azərbaycan gimnastının lisenziya qazanması bizi çox sevindirir. Nəzərə almalıyıq ki, ölkəmizi təmsil edən hər iki gimnastımız öz həmyaşıdlarından daha az təcrübəyə malik idi.

Buna baxmayaraq, Dərya bu işin öhdəsindən layiqincə gəldi. Əlbəttə, yarışlardan sonra hər iki gimnastla çıxışlarını analiz etdik və özümüz üçün qeydlər apardıq. Əsas odur ki, onların yaxşı çıxışları layiqli xallarla qiymətləndirildi”, – deyə bolqarıstanlı məşqçi bildirib.

Bu uğurun gimnastlarımız üçün böyük stimul olduğunu qeyd edən Vasileva qarşıda onları daha məsuliyyətli yarışların gözlədiyini vurğulayıb.

Qeyd edək ki, qalibləri həmyerlimiz, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov mükafatlandırıb. 

Xatırladaq ki, Dərya Farşbafşəhriyariyədək Fatimə Alkərimova (üzgüçülük) və Ninq Jinq (stolüstü tennis) də oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. / Oxu.az









Redaktorun seçimi