"Qarabağ" ittihamlara belə cavab verdi - FOTO

Hit: 491
"Qarabağ" ittihamlara belə cavab verdi - FOTO

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Ağdam klubunu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sına qarşı ilk oyunda meydana qara sarğı ilə çıxmamaqda, 1 dəqiqəlik sükut üçün UEFA-ya müraciət etməməkdə ittiham edənlərə cavab verib.

Faktor.az xəbər verir ki, klub rəsmisi bu ittihamlara cavab olaraq hətta UEFA ilə yazışmalarını əks etdirən məktubun surətini də sosial şəbəkədəki hesabında paylaşıb. O, bir neçə gün öncə ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın xatirəsinin sözügedən matçda anılması üçün çalışdıqlarını, amma qitə futbol qurumundan müsbət cavab almadıqlarını belə diqqətə çatdırıb:

"Fotoda gördüyünüz yazışma UEFA ilə klub əməkdaşı arasındadı. UEFA-nın digər beynəlxalq qurumlar kimi ölkəmizə qarşı məlum standartlarını nəzərə alıb olduqca həssas yazılmış məktubdu. Necə?

1. Məktubda müharibə sözü yoxdu 
2. Ermənistan sözü çəkilməyib.

Məqsədimiz Zəhranın şəhadətinin yad edilməsinə daha incə üslübla nail olmaq idi. Nəticə nə oldu? Futbola aid hadisə olmadığı üçün "təbii ki olmaz" cavabı. Hətta, bizdən qabaq "İnter"in bu haqda müraciət etdiyini vurğulayaraq dolayısıyla hadisənin mahiyyətinə qədər bildiklərini, amma məlum standardların dəyəşməyəcəyini göstərdilər.

"İmarət"in məlum banneriylə bağlı bəzi ittihamlara gəlincə. Bu qurum ictimai yüklü, azərbaycançılığa xidmət edən dəyərlərlə fərqlənib. Klub hər zaman istər "İmarət", istərsə də baş azarkeş qrupunun istənilən nəcib ideyasının reallaşmasına maksimum dəstək olmağa çalışıb. Hətta "İmarət"in olayla bağlı məlum açıqlamasında klubun bannerin əleyhinə olmadığı vurğulanıb. Ki, bəzi yazılmayacaq səbəbləri istisna etsək, həqiqətən də klub olaraq istər əlavə edilmiş məktub, bannerin açılmasının əleyhinə olmaması və ən azından oyun günü "qol-tune"lar xaric heç bir musiqinin səslənməməsi klubun Zəhra məsləsində həssasiyyətini göstərir...

Bilməyənlər üçün bildirim ki, "Qarabağ"ın oyununa gələn UEFA təmsilçisi (nümayəndəsi) hansı komandanın matçına getməsi haqqında xüsusi olaraq məlumatlandırılır. Müharibə, işğal söhbətinin qurumu "aşmama"sı üçün UEFA iclasında klub və mühafizə orqanlarına xüsusi bildirir, yumşaq desək, incə olaraq təhdid edir.

Və məncə o banner açılmasa da, hamımızın könlündə öz yerini həmişəlik tutdu. Ən azından dəyərimizi göstərdik, cəhd etdik. Haqq nazilər, amma üzülməz. Nə zamansa mütləq Zəhralarımıza görə üzülməyəcəyik".









Redaktorun seçimi