"Çətin günlərimdə həyatdan küsmürdüm" - Taleh Orucov

Hit: 2626
"Çətin günlərimdə həyatdan küsmürdüm" - Taleh Orucov

O, hər zaman idmanı sevdi, elə bu sənətə olan sevgisindən də həyatını kapoeyraya bağladı. Kapoeyranın inkişafı yolunda çoxsaylı əziyyətlərə qatlaşdı. Həyatında çətin məqamlarla üz-üzə qalsa da, heç bir zaman əyilmədi, hər zaman mübarizə apardı və bu günkü Taleh Orucov oldu. Faktor. az saytının qonağı Ümumdünya Kapoeyra Federasiyasının Prezidenti, 5-ci Dan qara kəmər sahibi Taleh Orucovdur.

- Taleh bəy, başlayaq elə uşaqlıq illərinizdən...

- 1981-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Uşaqlığım da orada keçib. Təqribən 4-5 yaşlarımdan idmanın karate növü ilə məşğul olmağa başlamışam. 10 yaşımdan başlayaraq isə boksla məşğul olmuşam. 1997-ci ilədək ayrı-ayrı idman növlərində özümü sınamağıma baxmayaraq sonda kapoeyranı seçmişəm. Açığı etiraf edim ki, uşaqlıqda idmançı olmaq məqsədim olmayıb, idmanla sadəcə hobbi kimi məşğul olmuşam. Uşaqlıqda hüquqşünas olmaq istəyirdim. Bu peşəyə olan sevgimdən irəli gəlirdi ki, məktəbi bitirdikdən sonra ali hüquq təhsili aldım.

- Bəs nə üçün kapoeyranı seçdiniz? Necə oldu ki, bu idman növünə gəldiniz ?

- Kapoeyraya gəlişim təsadüfi deyildi. 1997-ci ildə kapoeradan bəhs edən “Yalnız güclülər” filminə baxdıqdan sonra qərar verdim ki, mən bu idman növü ilə məşğul olmalıyam. Beləcə, filmdə olan səhnələri dəqiqliklə izləyir, ordakı hərəkətləri təkrar edirdim. Bütün bunlar mənim kapoeyrada ilk addımlarım idi. Həmin illərdə düşünürdüm ki, kapoeyranı daha çox inkişaf etdirməliyəm. 1999-cu ildə Bakıya gəldim və 2001-ci ildə özümün kapoeyra məktəbini yaradaraq tələbələr yığdım. Elə həmin ildən etibarən telekanallarda çıxışlar da etməyə başladım. 2005-ci ildə müəllifi olduğum “Çempion” verilişi, bir il sonra isə “Kapoeyra vaxtı” adlanan ilk kapoera verilişi efirə getdi. Beləliklə, hər həftə yayımlanan bu verilişin sayəsində kapoeyra ölkəmizdə tanınmağa başladı.

- Növbəti suallarımıza keçməzdən öncə belə bir sual verim: Kapoeyra nədir və tarixçəsi nə zamandan başlayır ?

- Kapoeyra afrikalı qullar tərəfindən 16-cı əsrdə yaradılmış idman növüdür. Tarixdən bizə yaxşı məlumdur ki, 16-cı əsrdə Braziliya Portuqaliyanın müstəmləkəsinə çevrildi. Məhz bu dövrdən başlayaraq Portuqaliya hakimiyyəti yerli hindulardan işçi qüvvəsi kimi istifadə etməyə başladı. Hindular fiziki cəhətdən zəif olduqlarına görə, onların bir qismi ya həlak olurdu, ya da qaçmağa müvəffəq olurdular. Belə olan halda Portuqaliya digər müstəmləkələrindən (Afrika, Mozambik, Qvineya) qullar gətirməyə başladı. Bu qullar özləri ilə birlikdə mədəniyyətlərini də gətirdilər. Nəticə etibarilə Braziliyada afrikalılar tərəfindən kapoeyra yaradıldı. Burada məqsəd isə Portuqaliya əsarətindən qurtulmaq idi.

- Hazırda ölkəmizdə kapoeyranın inkişaf səviyyəsi necədir ?

- Bildiyimiz kimi, 2007-ci ildə Azərbaycanda Kapoeyra Federasiyası yaradıldı. Elə həmin il kapoeyra üzrə ilk Azərbaycan çempionatı keçirildi. 2016-ci ildə isə 10-cu Azərbaycan çempionatı baş tutdu və həmin ildə biz ölkəmizdə kapoeyranın yaranmasının iyirmi illiyi, Kapoeyra Federasiyasının isə on illiyi ilə bağlı tədbir təşkil etdik. Eyni zamanda da bu tədbir mənim Ümumdünya Kapoeyra Federasiyasının prezidenti seçilməyimin təqdimat mərasiminə də həsr olunurdu. Azərbaycanda kapoeyra o zamandan inkişaf etməyə başladı ki, artıq Federasiya yaradılmışdı və lazimi şərait formalaşmışdı. Federasiya yaradıldıqdan sonra bir neçə idmançımızı xarici ölkələrə təcrübə keçməyə göndərdik. Bunun nəticəsində kapoeyra yavaş-yavaş çiçəklənməyə başladı. Bu günün özündə paytaxt Bakıda 20-dən çox idman zalı fəaliyyət göstərir, rayonlarımıza gəldikdə isə artıq 10 rayonda kapoeyra üzrə idman zalları mövcuddur.

- Gəlin, bir az da beynəlxalq uğurlarınızdan danışaq...

- Beynəlxalq səviyyəli nailiyyətlərə gəldikdə isə, ilk olaraq qeyd edim ki, 2009-cu ildə 2-ci Beynəlxalq Kapoeyra forumunun ölkəmizdə keçirilməsi bizim böyük uğurumuz idi. Çünki, forum çərçivəsində Beynəlxalq Kapoeyra Federasiyasının Avrasiya qərargahının Ermənistandan çıxarılaraq Azərbaycanda yerləşdirilməsi haqqında qərar qəbul olundu və mən bu qərargahın rəhbəri seçildim. 2011-ci ildə Beynəlxalq Kapoeyra Federasiyası Ümumdünya Kapoeyra Federasiyasına çevrildi. Elə həmin il ölkəmiz bu quruma üzv oldu. Bundan sonra Azərbaycan dünyada kapoeyranın inkişafına əsaslı təsir göstərməyə başladı. Belə ki, 2013-cü ildə keçirilən dünya çempionatına ölkəmiz ev sahibliyi etdi. Məhz bu çempionatda medalların sayına görə Azərbaycan 1-ci yerdə qərarlaşdı. Daha böyük uğur kimi isə 2016-cı ildə keçirilən seçkilərdə Ümumdünya Kapoeyra Federasiyasının prezidenti vəzifəsinə Azərbaycanlı şəxsin, yəni özümün seçilməsini göstərə bilərəm. Bu həm ölkəmizin, həm də Federasiyamızın ən böyük uğurudur. Çünki, ilk dəfə Azərbaycanlı bir nümayəndə beynəlxalq idman təşkilatına sədrlik edir.

- Bu qədər nailiyyətləriniz var. Uğurlu bir şəxs kimi Taleh bəy uğurun formulunu necə izah edə bilər ?

- İlk növbədə, Allaha təvəkkül, daha sonra özünə inam. Belə bir deyim var: “Ümid yalnız Allahadır”. Allaha sığınmaq, ona güvənmək lazımdır. Qısa bir xatırlatma edəcəm. 1990-cı illərin axırında mən maddi cəhətdən çətin dönəmləri yaşadım. Təsəvvürünüzə gətirin, həmin vaxtda elə günlər olurdu ki, mən metronun qabağında dayanıb gözləyirdim, bəlkə, bir tanış çıxar, jeton ataraq məni metrodan keçirər. Bu çətin günlərimdə həyatdan küsmürdüm. Əksinə, Allahıma sığınaraq yorulmadan çalışırdım. Çünki, qarşımda məqsədlərim var idi. O günlərimin əziyyəti, bu günümün uğuru. Bax, uğurun formulu budur.

- Sonda maraqlıdır, Taleh bəy nə zamansa kapoeyra ilə sağollaşmağı düşünürmü ?

- Düşünürəm. Kapoeyra ilə sağollaşmağı düşünürəm. Ruhum bədəndən çıxanda (gülür).

- Allah ömrünüzü uzun eləsin. Uzun eləsin ki, Azərbaycan kapoeyrası da simanızda daima yüksəklərdə olsun. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.

- Çox xoş oldu. Sizə də işlərinizdə uğurlar arzulayıram.

Rövşən Tahir









Redaktorun seçimi