Qənirə Paşayeva tovuzlulara səsləndi - “Gəlin, “Turan”ın yanında olaq” - VİDEO

Hit: 677
Qənirə Paşayeva tovuzlulara səsləndi - “Gəlin, “Turan”ın yanında olaq” - VİDEO

“Azərbaycan I divizionunun çempionu olan “Turan Tovuz” komandasını təbrik edirəm. Çünki bu qələbə futbolsevərləri sevindirən bir xəbər oldu”.

Faktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

Futbol üzrə Azərbaycan I divizionunda “Turan Tovuz” Premyer Liqaya vəsiqə qazanmaqla yanaşı, yarışın qalibi adını da qazanıb. Tovuzlular sona 2 tur qalmış izləyiciləri üçün əlçatmaz olub və qızıl medalları təmin edib. Bunu münasibətlə komandanı təbrik edən Paşayeva bildirib ki, komandanın güclülər dəstəsinə yenidən qayıdışı möhtəşəm olacaq: “Turan” ölkəmizin köklü klublarından biridi. Hər kəs etiraf edir ki, Tovuz Azərbaycanın futbol ənənələri olan rayonudu. Bəziləri “Turan”ın uğurlu günlərinin bitdiyini, artıq daha da zəifləyəcəyini düşünürdü. Amma komanda bir daha hər kəsə göstərdi ki, bütün maddi problemlərə, çətinliklərə baxmayaraq, Tovuzun futbol ənənəsi yaşayır və “Turan” böyük uğurlara imza atacaq bir klubdu. Onlar bu gün artıq Azərbaycan I divizionunun çempionudular. Bununla “Turan”ın Premyer Liqaya gedən yolu da açılır. İnanırıq ki, komandanın oraya yenidən qayıdışı da möhtəşəm olacaq. Böyük uğurlar qazanacaq. Biz hamımız komandamızın yanındayıq”.

Əslən Tovuzdan olan və bu rayondan deputat seçilən Paşayeva komandanın Premyer Liqada iştirakı üçün iş adamlarına da səslənib. O, feysbuk səhifəsində bildirib ki, “Turan Tovuz”a dəstək olacaqları halda uğurların da ardı gələcək: “Əziz tovuzlular, əziz Tovuzun iş adamları, zəngin və imkanlı insanları, sizin hamınıza çağırış edirəm. Gəlin, hamımız daha çox “Turan”ın yanında olaq. Çünki onlar bir daha göstərdi ki, əgər komandanın yanında dəstəyimizlə bir az olarıqsa, o çox böyük uğurlar qazanar. Ona görə də mən sizin hamınızı “Turan”a dəstək olmağa çağırıram. Çünki onların qələbəsi, zəfəri, inkişafı Azərbaycan futbolunun da inkişafıdı”.  

Qeyd edək ki, idman prinsipləri ilə Premyer Liqaya yüksələn qərblilər orada çıxış etmək üçün lisenziya almalıdı. Buna isə gələn ayın əvvəlində aydınlıq gələcək.









Redaktorun seçimi