"Ürəyimin səsinə qulaq asdım" - Renat Dadaşov

Hit: 416
"Ürəyimin səsinə qulaq asdım" - Renat Dadaşov

Almaniya mətbuatında futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovla bağlı geniş yazı dərc olunub. 

Faktor.az
 xəbər verir ki, bu barədə "Report" məlumat yayıb. Fnp.de saytında yer alan məqalədə 17 may 1999-cu ildə Almaniyanın Ryudeshaym şəhərində doğulan mərkəz hücumçusunun karyerasına nəzər salınıb.

Hazırda Almaniyanın "Ayntraxt" klubunun U-19 komandasında çıxış edən yığma üzvü 2015-ci ilin iyulundan 2017-ci ilin yanvarınadək "Leyptsiq" komandasında forma geyinsə də, Frankfurt təmsilçisinə geri dönüb.

Dadaşov son vaxtlar formada olduğunu vurduğu qollarla isbatlamaqdadır. Bundesliqanın Cənub Gənclər zonasında XX tur çərçivəsində "Ştutqarter Kikkers"lə görüşdə het-trik edən, ötən həftə isə "Hoffenhaym"la matçda bir qol vuran hücumçu Azərbaycan milli komandasında çıxış etmək üçün uzun müddət düşündüyünü, ailəsi və yaxınları ilə məsləhətləşdiyini söyləyib: "Ürəyimin səsinə qulaq asdım. Doğru bildiyim şeyi edirəm. Azərbaycan yığmasının heyətində debütümü və Almaniya millisinə qarşı oynamağı səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, martın 26-da Bundestimlə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün Azərbaycan milli komandasına çağırılan R.Dadaşov hazırda Almaniyada yaşayır. 18 yaşlı hücumçu 2013-cü ilin fevralından 2014-cü ilin oktyabrınadək Azərbaycan yığmasında forma geyinmiş Rüfət Dadaşovun qardaşıdır. Onun "Ayntraxt" klubunu ilə müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq. 18 yaşlı hücumçu cari mövsümdə klubunun heyətində 11 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, 2016-cı ilin mayında Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında da çıxış edib. Yarış ərzində Dadaşov Almaniya millisinin heyətində Slovakiya (5:1), Avstriya (4:0) və Belçika (1:0) yığmaları ilə görüşlərdə qol vurub və bürünc mükafatçı olub.









Redaktorun seçimi