"Qarabağ"a xüsusi hörmətimiz var" - Paulo Souza

Hit: 581
"Qarabağ"a xüsusi hörmətimiz var" - Paulo Souza

UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu 6-cı turunda sabah “Qarabağ”ın rəqibi olacaq “Fiorentina”nın baş məşqçisi Paulo Souza oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Mətbuat konfransının əvvəlində klubun nümayəndəsi oyunöncəsi məşqin ilk 15 dəqiqəsinin yox, bütün məşqin jurnalistlər üçün açıq olacağını bildirib.

Faktor.az xəbər verir ki, portuqaliyalı mütəxəssis öncə bu məsələyə aydınlıq gətirib:

- Bütün rəqiblərə hörmətlə yanaşırıq. Həmçinin “Qarabağ”a. Bu komanda güclü baş məşqçiyə, yaxşı yerli və əcnəbi oyunçulara malikdi. Təkcə bu gün yox, biz həmişə jurnalistlərə oyunöncəsi məşqimizi sonadək izləməyə icazə veririk.

Daha sonra isə Paulo Souza jurnalistlərin suallarını cavablandırıb:

- PAOK-a məğlubiyyətdən sonra daha çox italyan azarkeşlərə görə üzülürdünüz, yoxsa həmin vaxt azərbaycanlı azarkeşlərin hansı vəziyyətdə olması barədə düşünürdüz?

- Biz həmişə qalib gəlmək üçün oynayırıq. Həmin oyunda da yaxşı hazırlaşmışdıq. Ancaq təəssüf ki, məğlub olduq. Bu, bizim əlimizdə olan bir şey deyildi.

- “Qarabağ” ilk oyunda bu komanda böyük hesabla uduzsa da, ilk 15-20 dəqiqədə yaxşı təsir bağışlamışdı...

- “Qarabağ” yaxşı komandadı. Bu komandaya qarşı İtaliyadakı oyunun ilk 15-20 dəqiqəsində bizə çox çətinlik yaratdı. Ancaq həmin oyunda qalib gəlməyi bacardıq. Sabahkı oyunda çalışacağıq ki, topsuz vəziyyətdə də üstünlük əldə edək.

- Komanda son oyunlarda son dəqiqələrdə qol buraxır. Bu, nə ilə bağlıdı?

- Bu, futboldu. Futbolun əsas gözəlliyi də burda hər an hər şeyin ola biləcəyidi.

- Sabah qapıda Tataruşanu olacaq?

- Buna hələ qərar verməmişik. Hər şeyə sabah aydınlıq gələcək.

- Sabah meydana hansı heyətlə çıxacaqsız? Bunu açıqlaya bilərsiz?

- İtalyan həmkarlarınızdan soruşsaz, onlar sizə bu barədə məlumat verə bilərlər. Hər oyundan öncə bu barədə məlumat verirlər.

- “Qarabağ” adının azərbaycanlılar üçün əhəmiyyətini bilirsiz?

- Yox, təəssüf ki, bu barədə heç nə bilmirəm. Bildiyim bir şey odu ki, bu komanda Avropada sərgilədiyi oyunla özünü yaxşı mənada tanıdıb.









Redaktorun seçimi