"İndi elə bir andır ki, qərarı özü verəcək" - Qurban Qurbanov

Hit: 248
"İndi elə bir andır ki, qərarı özü verəcək" - Qurban Qurbanov

UEFA Avropa Liqasının qrup mərhələsinin soncu 6-cı turu çərçivəsində sabah “Fiorentina”nı qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Faktor.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında bunları deyib:

"Qrupda son oyunumuzdu. Hər bir oyun digərindən vacibdi. Bu oyun isə bütün oyunlardan vacibdi. Başa düşürük ki, əlimizdə böyük bir şans var. Bundan istifadə etmək istəyirik. Baxmayaraq ki, rəqib “Fiorentina”dır. Bu komandayla oynamaq çox çətindi. Çox istərdik ki, nəticə bizim xeyrimizə olsun. Diqqətli olmalıyıq. Bu oyunda digər oyunlardan daha diqqətli olmalıyıq. Əvvəlki oyunlardakı səhvləri etməməliyik. Məncə, futbolçuların üzərinə böyük yük düşəcək. Sabaha kimi vaxtımız var. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək".

Daha sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Statistika Azərbaycan komandalarının "böyük beşlik" ölkələrinin təmsilçilərinə qarşı pis oynamadığını göstərir. Sabah "Qarabağ"a nə mane ola bilər?

- Rəqibin daha çox təcrübəli olması. Ümumiyyətlə, "Fiorentina" fərqli oyun nümayiş etdirir. Ola bilsin, hansısa müddətdə istədiyimiz oyunu göstərək. Amma rəqibin gücü və təcrübəsi bizə mane ola bilər. Yeni baş məşqçi gələndən komanda fərqli sistemdə oynayır. Mane ola biləcək tərəflər budur. "Böyük beşlik" ölkələrinə qarşı təcrübəmiz var. Amma mübarizədən qaçmırıq.

- Rəşad Sadıqov sabah meydanda olacaqmı?

- Əvvəlcədən demişdim ki, ehtimal var. İndi elə bir andır ki, qərarı özü verəcək. Çünki Yunanıstan PAOK-u ilə oyunda oynamasını özüm istəmişdim. Çünki onda başqa zədə idi, indi isə zədə dizindəndir. Həkimlər nə qədər razılıq versə də, ehtiyatlı olmaq lazımdır. Mən onun meydanda olmasını istərdim. Amma qərarı öz öhdəsinə buraxacağam. Özü oynamasından əmin olsa, şad olacam.

- Vacib oyun olması komandaya psixoloji baxımdan necə təsir edə bilər?

- Futbol digər idman növlərindən fərqlənir. Çünki yarış davam edir. Nəticə vermək üçün daha çox çalışmalı, diqqətli olmalısan. Komandada hansısa psixoloji hisslər olsa, buna şad olaram. Bu amil mütləq şəkildə təsir edə bilər. Bəzən idmançı məğlub olmaqdan qorxmur. Biz nə qədər çox istəsək də, azarkeşlərimiz daha çox istəyir. Biz də onları üzmək istəmirik və qələbəyə çalışırıq. Məğlub olmaqdan qorxmamışam, sadəcə, azarkeşləri üzməkdən qorxmuşam.

- İki il əvvəl İtaliyanın digər təmsilçisi "İnter"lə qarşılaşdınız. Bu dəfə də həlledici oyun İtaliya komandasına qarşı olacaq...

- Vəziyyət bir az fərqlidir. Çünki "İnter" həmin vaxt növbəti mərhələni təmin etmişdi, amma "Fiorentina" qrup liderliyi üçün yarışacaq. Artıq "İnter"lə oyun yaddan çıxıb. Çünki əvvəlki nəticələri çox da araşdırmırıq.

- İvan Bebekin sabahkı oyuna təyinatını türk klublarına qərəz adlandırmaq olarmı?

- Həmişə hakimlik mövzusundan uzaq olmağa çalışmışam. Səhv etməyən hakim görməmişik.

- Yunanıstandakı PAOK - "Slovan" oyunundan da çox şey asılıdır. Bir gözünüz orda olacaq, yoxsa bütün diqqətiniz öz oyununuza yönələcək?

- İstər-istəməz diqqətim orada olacaq. Amma oradakı hər hansı dəyişikliyi mənə deyəcəklər. Müəyyən şəxslərə tapşıracağam ki, mənə nəticə ilə bağlı məlumat versinlər.

- "Fiorentina" ölkə çempionatındakı son oyunları ilə müqayisədə indi necə təsir bağışlayır?

- Rəqib son vaxtlar daha yaxşı oynayır və bir-birini daha yaxşı başa düşür. Nəticəni dəyişə biləcək potensiallı futbolçuları var.









Redaktorun seçimi