"Azərbaycan yığması qum torbası deyil" - Robert Prosineçki MÜSAHİBƏ

Hit: 676
"Azərbaycan yığması qum torbası deyil" - Robert Prosineçki  MÜSAHİBƏ

 

“Hamı istəyir ki, bu nağılı, filmi davam etdirək. Optimistəm, düşünürəm ki, bacararıq”.

Faktor.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. DÇ-2018-in seçmə mərhələsində əldə edilən uğurlu nəticələrdən sonra 47 yaşlı məşqçi Azərbaycanla yanaşı, Xorvatiyada da gündəmdən düşmür.

Ölkəsinin mətbuatına müsahibə verən Prosineçki maraqlı fikirlər səsləndirib:

“Uğurlu seriyanı növbəti ayda da davam etdirməyi arzulayıram. Artıq futbolçular özlərinə tam əmindirlər. Bizdən asılı olan hər şeyi edəcəyik. Azərbaycan futbol ölkəsi deyil. Amma onlar idmanda işləməyi, nəticə verməyi bacarırlar. Xüsusilə, ağır atletika, güləş və boksda çoxlu medallar qazanıblar. Uğurlu nəticələrdən sonra Bakıda hamı futboldan danışır. Çünki Azərbaycan tarixi nəticəyə imza atmaq üçün yaxşı şans əldə edib. Bir balaca eyforiya var. Bu, həm yaxşıdır, həm də pis. Bundan sonra hər hansı rəqiblə qarşılaşanda “Azərbaycan yığması daha boks üçün nəzərdə tutulan qum torbası deyil” demələrini istəyirəm”.  

İki qız atası olan Robert Prosineçkinin böyük övladı hazırda babası və nənəsi ilə birlikdə Zaqrebdə yaşayır, orada təhsil alır. Həyat yoldaşı və kiçik qızı isə Prosineçki ilə birlikdə həyatlarını Bakıda davam etdirirlər.

Azərbaycanda yaşamaqdan məmnun olan Prosineçki sözlərinə belə davam edib:

“Bakı əla şəhərdir, hər gün tikinti işləri gedir. Burada yaşamaq təhlükəsizdir, cinayət hadisələri az baş verir. Yaxşı məktəblər var. Çox olmasa da, Bakıda da xorvatlar yaşayır. Mənə başqa nə lazımdır? Azərbaycandakı həyata alışmışam. Burada yaxşı işləməyimiz üçün hər cür şərait yaradılıb. Stadionlar, infrastruktur əla səviyyədədir. Üzərimdə təzyiq hiss etmirəm. İşləməyimə mane olan yoxdur”.

Futbolçu karyerasına da toxunan Prosineçki həmin vaxtdan siqaret çəkdiyini etiraf edib:

“Futbolçu karyeramda da həddindən artıq peşəkar olmuşam və futbolu çox sevmişəm. Haqqımda yayılan bəzi məlumatlar yalandır. Çıxış etdiyim heç bir klubda problemli oyunçu olmamışam. Əgər belə olmasaydım, “Real” və “Barselona” kimi klublarda çıxış etməzdim. Yalnız bir çatışmazlığım var idi, gizlətmirəm, o da siqaret çəkməyim”.

Təcrübəli məşqçi gələcəkdə Xorvatiya klublarında işləmək istəmədiyini də bildirib:

“Zaqrebdə öz ətrafım var, onlarla görüşürəm. Həmin şəxslər futbola bağlı adamlar deyillər. Xorvatiya klublarında işləmək istəmirəm. Çünki onların şansı yoxdur”. 

Faktor.az









Redaktorun seçimi