Uğurlu dövlət siyasətinin nəticəsi olan Azərbaycan idmanı

Hit: 852
Uğurlu dövlət siyasətinin nəticəsi olan Azərbaycan idmanı
Prezident İlham Əliyev 08 aprel 2022-ci il tarixdə  Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşüb. 
Görüş zamanı Azərbaycanın beynəlxalq səviyyədə yüksələn və daim inkişaf edən idmanının uğur və nailiyyətlərindən danışılıb. Ölkə başçısı qeyd edib ki, Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər.
 
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı
Bütün zamanlarda hər bir cəmiyyətin dayağını sağlam bədənli və sağlam ruhlu insanlar təşkil etmişlər. Bədən tərbiyəsi və idman insanın kamilləşməsinə və sağlamlığının möhkəmlənməsinə xidmət edir. 
 
Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə, Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir.
 
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
 
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.
 
Ülvi Osmanlı.
Gənc müəllim və idmançı








Redaktorun seçimi