Azərbaycan idmanının dünəni, bu günü, sabahı

Hit: 830
Azərbaycan idmanının dünəni, bu günü, sabahı
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizə hələ birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, idmanın da inkişafına xüsusi diqqət göstərmişdir. Məhz ötən əsrin 70-ci illərində Ulu Öndər tərəfindən bu sahənin maddi-texniki bazasının yaradılmasına başlanıldı və qısa müddət ərzində böyük işlər görüldü.

Belə ki, həmin dövrdə paytaxtla yanaşı ölkənin bütün regionlarında idman kompleksləri, stadionlar, məşq bazaları, zallar tikilmişdir. Gələcək prespektivlər nəzərə alınmaqla hər bir regionda idman məktəbləri, şahmat məktəbləri yaradılaraq istifadəyə verilmişdir. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə ilk illərdə o zamankı iqtidarın yarıtmaz, xəyanətkar siyasəti, Ermənistanın əsassız ərazi iddiaları bütün sahələrdə olduğu kimi idman sahəsində də durğunluğa, diqqətsizliyə yol açmışdır. Ölkəmizin keçmiş SSRİ və dünyada tanınan adlı-sanlı idmançılarının, məşqçilərinin böyük əksəriyyəti laqeyd münasibət, diqqətsizlik, dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. Bütün sahələr kimi ölkə idmanı da ögey, laqeyd münasibət nəticəsində məhvə məhkum edilmişdi. Təsadüfi deyil ki, acınacaqlı vəziyyət gənclərimizin qeyri-sağlam həyat tərzinə, bir sözlə, mənəvi aşınmasına səbəb olmuş, tarixən qarşımızda duruş gətirə bilməyən düşmənlə müharibə şəraitində nə qədər acı da olsa fərarilik hallarının  çoxalmasına rəvac vermişdir. Digər tərəfdən laqeyd münasibət nəticəsində Ulu Öndərin bir vaxtlar böyük fədakarlıqla qurub-yaratdığı idman infrastrukturu baxımsızlıqdan məhv olurdu.

Fəqət Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı həyatın bütün sahələrində olduğu kimi idman sahəsində də köklü dəyişikliklərə səbəb oldu. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Vaxtilə yüksək inkişafa, tərəqqiyə nail olmuş, lakin düzgün münasibət göstərilmədiyi üçün çox qısa zaman kəsiyində məhvə məhkum edilmiş idmanımızın üzləşdiyi problemlərin aradan qaldırılması, ölkəni tərk etmiş idmançıların geri qaytarılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək yarışlarda qələbələr əldə etmələri üçün stimul verilməsi istiqamətində məqsəd və məramlar müəyyən edildi. Dövlətin idman siyasətini planlı, məqsədli şəkildə həyata keçirmək üçün Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndər idmanın dövlət siyasətinin bir hissəsi olduğunu, bunun da müstəsna əhəmiyyətini önə çəkərək deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”. Azərbaycanda idman sahəsi 1997-ci ildən etibarən tamamilə yeni eraya, yeni mərhələyə qədəm qoydu. Məhz bu gün Azərbaycanı dünyanın sayılıb-seçilən, hörmət edilən ölkəsinə çevirən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ölkə idmanının tarixinə əlamətdar hadisə kimi yazıldı.

Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin inkişafı, tərəqqisi istiqamətində həyata keçirdiyi işləri, uzunmüddətli prespektivə hesablanmış layihələri Azərbaycanın idman sahəsində bu günkü uğurlarını şərtləndirdi. Görülən işlər  çox qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. Əlbəttə ki, idmançılardan yüksək nəticələr tələb edilirsə ilk növbədə onlar üçün müasir tələblərə cavab verən şərait yaradılmalıdır. Bu mənada ilk növbədə maddi-texniki bazanın günümüz səviyyəsində qurulması prioritet kimi qəbul edildi. Çox qısa zamanda Azərbaycanın demək olar ki, əksər bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başlandı. Görülən işlər əlbəttə ki, Azərbaycanın dünyadakı idman imicinin yüksəlməsinə rəvac verdi. Bu gün idmanın bütün sahələrində qazanılmış uğurlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda dövlət idman siyasətinin düzgün qurulduğunu bir daha təsdiq edir.

Ürəyi Vətən sevgisi ilə coşub-daşan idmançılarımız Respublikamızın idman şərəfini uca tutur, istənilən beynəlxalq səviyyəli turnir və yarışlarda, Avropa, Dünya çempionatlarında, böyükdən-kiçiyə hər kəsin dörd ildən bir səbrsizliklə gözlədiyi Olimpiya oyunlarında üçrəngli bayrağımızı göylərə qaldırır, dövlət himnimizi səsləndirirlər. Düzgün aparılan siyasət nəticəsində beynəlxalq idman qurumlarının ölkəmizə marağı artır. Bura ölkə idmançılarının yarışlarda əldə etdikləri uğurlu nəticələrlə yanaşı Müzəffər Prezidentimizin rəhbərliyi ilə idmana göstərilən yüksək dövlət qayğısını qeyd etməliyik. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası regionun lider dövləti kimi öz tarixinin ən şərəfli, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi siyasət bu gün onun layiqli varisi- Müzəffər Prezident cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf  etdirilir. Bütün sahələrdə olduğu kimi ölkə idmanı da, tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan idmançıları bu gün tatamiyə, döşəyə, rinqə, müxtəlif arena və meydanlara artıq Qalib ölkənin idmançıları kimi çıxırlar. Azərbaycan xalqı bundan sonra da ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarımızdan böyük uğurlar, nailiyyətlər gözləyir, onları yeni-yeni qələbələrə səsləyir!
 
Əliheydər Qarayev;
Neftçala rayon sakini
 








Redaktorun seçimi