"Reqbinin inkişaf etdirilməsini qarşıya məqsəd qoymuşuq"

Hit: 644
"Reqbinin inkişaf etdirilməsini qarşıya məqsəd qoymuşuq"
Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Reqbi Federasiyasının (ARF) rəsmiləri arasında görüş olub.
 
Federasiyadan Faktor.az-a verilən məlumata görə, görüşdə MPK-nın prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, ARF-nin prezidenti Elşən Abbasov, birinci vitse-prezident Elvar Osmanov, vitse-prezident Müşfiq Cəfərov, baş katib Samirə Allahverdiyeva və digərləri iştirak ediblər.
 
Qonaqları salamlayan İ.Rəhimov Paralimpiya hərəkatının inkişafı, əldə olunan nailiyyətlər, idmançıların Tokio-2020 Yay Paralimpiya Oyunlarında uğurlu çıxışı barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq: "Bu, ölkədə idmana göstərilən dövlət qayğısının bariz nümunəsədir. Qarşıda bizi daha ciddi sınaqlar gözləyir. İnanıram ki, Tokioda əldə olunan uğuru paralimpiyaçılarımız Paris-2024 Yay Paralimpiya Oyunlarında da davam etdirəcəklər".
 
Azərbaycan Reqbi Federasiyasının prezidenti E.Abbasov idmanın bu növünün inkişaf etdirilməsi, kütləviləşməsi və təbliği istiqamətində görülən işlərdən söz açıb.
 
Ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu idman siyasətindən danışan federasiya rəsmisi qeyd edib ki, reqbi dünyada prestijli idman növlərindən biri hesab olunur: "Ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsini qarşıya məqsəd qoymuşuq. Paytaxtda və regionlarda reqbi klubları fəaliyyət göstərir. Reqbinin kütləviləşməsi istiqamətində Bakıda və regionlarda mütəmadi görüşlər təşkil olunur, mütəxəssislər üçün təlimlər keçirilir. Əsas hədəfimiz irimiqyaslı turnirlərdə iştirak etmək və mükafatçılar sırasında yer almaqdır".
 
Görüşdə əlil arabasında reqbi idman növünün inkişaf perspektivləri müzakirə olunub.
 
Sonda qurumlar arasında qarşılıqlı əməkdaşlıq məsələləri istiqamətində fikir mübadiləsi aparılıb.








Redaktorun seçimi