"Rusiyada məşq etmək məcburiyyətindəyik"

Hit: 593
"Rusiyada məşq etmək məcburiyyətindəyik"
XXIV dəfə keçiriləcək qış olimpiadasında Azərbaycan nümayəndə heyətinin tərkibi ümumilikdə 10-12 nəfərdən ibarət olacaq.
 
"Report"un məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Çin gəncləri" qəzetinə müsahibəsində açıqlama verib.
 
Ç.Hüseynzadə bildirib ki, bura şef de-mission Anar Bağırov, fiqurlu konkisürənlər Yekaterina Ryabova və Vladimir Litvintsev, onların məşqçiləri, Gənclər və İdman Nazirliyinin nümayəndələri, o cümlədən, gənclər və idman naziri Fərid Qayıbov, baş nazirin müavini Əli Əhmədov daxildir.
 
MOK rəsmisi Azərbaycan idmançılarının şanslarını da dəyərləndirib: "Ryabova 2020-ci ildə İsveçrənin Lozanna şəhərində keçirilmiş Gənclərin Qış Oyunlarında iştirak edib və 7-ci yeri tutub. Bu, Gənclərin Qış Olimpiya Oyunlarında ilk iştirakımız idi. Ryabovanın sonuncu turniri 12 - 16 yanvarda Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatı olub. Həmin yarışda qadın idmançımız yenə 7-ci yeri tutub. Gördüyünüz kimi, o, reytinqə görə Avropanın ilk on idmançısı sırasındadır. Düşünürəm ki, Ryabova Pekin olimpiadasında yaxşı nəticə göstərməyə çalışacaq. Litvintsev isə böyük idmanda ilk addımlarını atır. Çox güman ki, bu Olimpiada onun ilk ciddi sınağı, ilk böyük beynəlxalq turniri olacaq. Beləliklə, biz onun debütünü Pekində görəcəyik".
 
Ç.Hüseynzadə hər iki fiqurlu konkisürənin olimpiadaya Rusiyada hazırlaşdıqlarını bildirib. O, səbəb kimi, Azərbaycanda keyfiyyətli buz meydançalarının olmamasını göstərib: "Ölkəmizdə hərtərəfli məşq prosesini həyata keçirmək çox çətindir. Məhz bu səbəbdən, Rusiyada məşq etmək məcburiyyətindəyik. Hazırda təmsilçilərimizin fiziki hazırlığı normaldır və məşqlər plan üzrə davam edir. Məşq və hazırlıq prosesini davamı Pekində olacaq. Təbii ki, medal gözləntilərimiz böyük deyil. Biz çox gözəl başa düşürük ki, Qış Olimpiya Oyunlarının bir hissəsiyik. Axı olimpiya şüarında qeyd olunduğu kimi, əsas belə mötəbər yarışlarda iştirak etməkdir və ümumilikdə Azərbaycanın Olimpiya Oyunlarında iştirakı çox vacibdir. Ümid edirik ki, təmsilçilərimiz yaxşı mübarizə aparacaqlar və çıxışları uğurlu olacaq".
 
Azərbaycanın Qış Olimpiya Oyunlarında hələ medal qazana bilməməsinə təəssüflənən vitse-prezident ölkədə qış idman növlərinin o qədər də inkişaf etmədiyini diqqətə çatdırıb: "Biz Cənubi Qafqaz ölkəsiyik, yəni bizdə qar çox olmur. Qış mövsümü də demək olar ki, şaxtalı keçmir. Yəni, respublikamızda qış idman növləri o qədər də inkişaf etməyib. Lakin buna baxmayaraq, biz qış idman növlərini də inkişaf etdirməyə çalışırıq".
 
Bizim Telegram kanalımıza abunə olun








Redaktorun seçimi