AMADA-nın direktoru monitorinq qrupuna rəhbərlik edib

Hit: 526
AMADA-nın direktoru monitorinq qrupuna rəhbərlik edib
Beynəlxalq müstəvidə antidopinq prosesində fəal iştirak edən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) bu sahəyə öz töhfələrini verməkdə davam edir. AMADA-nın direktoru Şəfəq Hüseynli antidopinq tarixində ilk dəfə dövlətlərin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun monitorinq qrupuna rəhbərlik edib.
 
AMADA-dan Faktor.az-a bildiriblər ki, dövlətlərin yerli qanunvericiliyinin və fəaliyyətinin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun yoxlanılması çərçivəsində Niderlandda monitorinq həyata keçirilib. Azərbaycan nümayəndəsi, AMADA-nın direktoru Ş.Hüseynlinin rəhbərlik etdiyi monitorinqin nəticələri Avropa Şurası tərəfindən təsdiqlənib.
 
Qeyd edək ki, ötən ilin sentyabrında Niderlandın Konvensiyaya uyğunluğunu yoxlamaq məqsədilə Avropa Şurası tərəfindən 7 nəfərdən ibarət qiymətləndirmə qrupu yaradılmışdı. AMADA-nın direktoru Ş.Hüseynlinin rəhbərlik etdiyi qrupda Avropa Şurasının İdman Konvensiyalarının rəhbəri Sofie Kvasni, Avropa Şurasının baş mütəxəssisi Liene Kozlovska, Fransanın antidopinq təşkilatının baş hüquqşünası Floriane Kavel, Polşa antidopinq təşkilatının direktor müavini Hubert Dziudzik, Estoniyanın Mədəniyyət Nazirliyinin baş müşaviri Kaarel Nestor və Böyük Britaniyadan olan mütəxəssis və məruzəçi Qraham Artur yer almışdı. Monitorinq Qrupu Niderlanda qiymətləndirmə səfəri edib, bu ölkənin İdman Nazirliyi, milli antidopinq təşkilatı, Milli Olimpiya Komitəsi, hüquq-mühafizə orqanları, milli federasiyalar və idman mübahisələrinin həlli üzrə yaradılmış xüsusi qurumla ikitərəfli görüşlər keçirib, onların dopinqlə mübarizə sahəsində fəaliyyətinin Antidopinq Konvensiyasına və Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluğu yoxlayıb. Səfərin nəticəsi olaraq bir sıra istiqamətlərdə Niderland dövlətinə tövsiyələr verilib.
 
Ötən il dekabrın 14 də isə AMADA-nın direktoru Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun 54-cü iclasında rəhbərlik etdiyi monitorinq barədə yekun qiymətləndirmə hesabatı ilə çıxış etmişdi. Daha sonra hesabat münasibət bildirilməsi üçün üzv ölkələrə təqdim edilmiş və bütün ölkələr tərəfindən təsdiqlənmişdi.








Redaktorun seçimi