Azərbaycanda reqbinin tərəqqisi üçün federasiya rəhbərliyi əlindən gələni edəcək

Hit: 641
Azərbaycanda reqbinin tərəqqisi üçün federasiya rəhbərliyi əlindən gələni edəcək
Dünyada populyar idman növlərindən biri olan reqbi Azərbaycanda da inkişaf etməyə başlayıb.
 
Azərbaycanda bu idman növünün inkişaf etdirilməsinə 2005-ci ildə start verilib. Məhz həmin il Azərbaycan Reqbi Federasiyası fəaliyyətə başlayıb. Federasiyanın birinci vitse-prezidenti, sambo üzrə dünya, Avropa çempionatlarının mükafatçısı, “Gəncə” İdman Klubu İctimai Birliyinin sədri Elvar Osmanov AZƏRTAC-a məxsusi müsahibəsində reqbinin ölkəmizdə inkişafı, kütləviləşməsi və daha geniş coğrafiyada yayılması üçün görülən işlər və qarşıdakı perspektivlər barədə məlumat verib.
 
Federasiya rəsmisi yaxın gələcəkdə idmanın bu növü üzrə yeniyetmələrdən ibarət komanda formalaşdırmağın əsas prioritetlər arasında olduğunu bildirib. O, qeyd edib ki, reqbinin ölkəmizin bütün regionlarında inkişaf etdirilməsi istiqamətində federasiya tərəfindən məqsədyönlü işlər görülür.
 
Reqbinin təkcə paytaxt Bakıda yox, eləcə də
 
bütün regionlarda inkişafı diqqət mərkəzindədir
 
Reqbi üzrə 2021-ci ildə Şəmkirdə keçirilən ilk Azərbaycan birinciliyində 8 komanda mübarizə aparıb. Ümumilikdə, ötən il 3 yaş qrupu üzrə ölkə birincilikləri keçirilib. Azərbaycan birinciliyinə qədər isə respublikamızda açıq turnirlər, Bakı şəhər birincilikləri və çempionatları təşkil edilib.
 
Elvar Osmanov ilk dəfə kubok yarışının da regionda baş tutduğunu bildirib: “Bütün regionlarda reqbinin inkişaf etməsi xüsusilə diqqət mərkəzindədir. İlk dəfə kubok yarışı Gəncədə 2020-ci ildə təşkil edilib. Kubok yarışının startı sentyabrın 27-nə - 44 günlük Vətən müharibəsinin ilk gününə – Zəfərə gedən yolun başlanğıcına təsadüf etdi. Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək ölkəmizin işğaldan azad olunan ərazilərini elan etdikdən dərhal sonra yarışı dayandırıb bu barədə iştirakçılara məlumat verdik. Həmin vaxt yarış iştirakçılarının keçirdiyi sevinc və qürur hisslərini sözlə ifadə etmək çox çətindir. Bundan sonra komandalar daha yüksək ruhla mübarizəyə davam etdilər. Qəbələ, Şəki, Sumqayıt və Gəncə komandalarının qatıldıqları yarışın qalibi Sumqayıt komandası oldu.
 
Yarışlarla yanaşı, təlim-məşq toplanışlarının və seminarların keçirilməsi məsələsi də federasiyanın diqqət mərkəzindədir. Bu yaxınlarda regionlar üzrə məşqçilər üçün seminar keçirdik. “Qəbələ” idman klubunun bazasında təşkil olunan tədbirə 13 rayonu təmsil edən məşqçilər qatıldı. Burada, eyni zamanda, təlim-məşq toplanışı da keçirildi. Təqdirəlayiq haldır ki, artıq Azərbaycanda reqbi klublarının sayı 15-ə çatıb”.
 
Əsas hədəf reqbiçilərimizin Yeniyetmələrin
 
Olimpiya Oyunlarında çıxışını təmin etməkdir
 
Elvar Osmanov bu idman növünün kütləviləşməsi istiqamətində atılan ilk addımların onun əsasən, orta məktəblərdə uşaqlar arasında inkişaf etdirilməsi üçün görülən tədbirlər olduğunu bildirib. Belə ki, son illər ərzində artıq uşaqlar arasında reqbinin inkişaf etdirilməsi üçün federasiya bir çox işlər görüb: “Orta məktəblər, təhsil şöbələri və idarələrlə danışıqlar aparılıb. Bəzi məktəblərdə təlimlər üçün artıq bir məşqçi də ayrılıb. Həmin müəllimlərlə seminar keçirməyi planlaşdırırıq. Bununla bağlı xaricdən mütəxəssis dəvət etməyi də nəzərdə tutmuşuq. Kütləviliyi formalaşdırdıqdan sonra uşaq gənclər və idman məktəblərində reqbi bölmələrinin açılmasına da nail ola bilərik. Əsas hədəf reqbiçilərimizin 2023-cü ildə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarında çıxışını təmin etməkdir. Bunun üçün də mütləq uşaqlar arasında reqbinin yüksək səviyyədə təbliğinə və yaxın zamanlarda güclü komandanın formalaşdırılmasına nail olmalıyıq.
 
Dekabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi ilə görüşündə ölkəmizdə idmanın bütün növlərinin, eyni zamanda, reqbinin inkişafının vacibliyini də vurğuladı. Nazir qeyd etdi ki, özünəməxsus özəllikləri ilə fərqlənən bu idman növü maraqlı olsa da, ölkəmizdə geniş yayılması üçün təbliğ olunmasına ehtiyac var.
 
Bu yaxınlarda reqbinin inkişafı ilə bağlı müəyyən tədbirlər planı işləyib hazırlayırıq. Ümid edirik ki, federasiya gənclər və idman naziri Fərid Qayıbovun da dəstəyi ilə bütün bu işlərin öhdəsindən layiqincə gələrək reqbinin yüksək səviyyədə inkişafına nail olacaq”.
 
Olimpiya idman növü olan reqbi-7 üzrə
 
beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub
 
Federasiya rəsmisi Olimpiya idman növü olan reqbi-7 üzrə beynəlxalq yarışlarda iştirak etmək üçün bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirib. Amma bununla belə, reqbi-7 üzrə beynəlxalq yarışlarda milli komandamızın təmsil olunması üçün bir sıra şərtlərin yerinə yetirilməsinin vacib olduğunu da vurğulayıb: “Beynəlxalq Reqbi Federasiyası reqbi-15-i inkişaf etdirmədən reqbi-7 üzrə komandaları qəbul etməyəcəyini bildirib.
 
Belə ki, milli federasiyalar reqbi-15 üzrə böyüklərdən ibarət 11 kişi, 3 qadın komandası formalaşdırmalı və onların yarışlarda iştirakını təmin etməlidir. Həmin komandalara Beynəlxalq Reqbi Federasiyasının nümayəndələri baxış keçirməli, bu istiqamətdə inkişafı qiymətləndirməlidir. Bununla belə, reqbi klublarının nəzdində, həm də aşağı yaş qrupları üzrə komandalar olmalıdır. Bundan başqa, istər reqbi-7, istərsə də reqbi-15-i inkişaf etdirmək üçün, məktəblilər arasında nəzərdə tutulmuş reqbi-5 üzrə komandalar da yaratmalıyıq. Bütün bu məsələlər reqbinin inkişafına kompleks yanaşma tələb edir. Qarşıda duran əsas məqsədlərdən biri də, uşaqlar arasında bacarıqlı reqbiçilər yetişdirməkdir. Düşünürük ki, reqbiçilərimizi 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaya biləcəyik”.
 
Komanda idman növü kimi reqbinin inkişafı uşaq və yeniyetmələr üçün çox faydalıdır
 
Komanda idman növü kimi də reqbinin inkişafının uşaq və yeniyetmələr üçün çox faydalı olduğunu bildirən federasiya rəsmisi qeyd edib ki, kollektiv idman növləri rəqabətdən daha çox əməkdaşlığa söykənir və uşaqlarda nizam-intizam vərdişinin formalaşmasında xüsusi rol oynayır: “Komanda idman növü ilə məşğul olan hər bir kəs qaydalara məsuliyyətlə yanaşmasa, o zaman komanda zərər görəcək. Beləliklə, oğlanlar və qızlar bir qrup şəklində işləməyi, başqalarına güvənməyin vacibliyini və başqalarının onlara etibar etdiyini öyrənir və birgə onlar üçün çox mühüm olan nailiyyətə imza atırlar. Bundan başqa, komandanın uğur qazanmasında həyatın bütün sahələrində çox vacib olan həmrəylik də əsas rol oynayır. Digər ən vacib şərt isə komanda idmanı təcrübəsinin üzvlərdən birinin liderliyini inkişaf etdirmək üçün şərait yaratmasıdır. Diqqət etsək görərik ki, elə uşaqların özləri də fərdi idman növlərindən daha çox komanda idman növlərinə meyil edir və beləliklə, kollektiv şəkildə qazanılan qələbə onlar üçün daha qiymətli olur.
 
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda reqbinin də tərəqqisi üçün federasiya rəhbərliyi əlindən gələni edəcək. Əsas məqsədimiz reqbini Azərbaycanda ən populyar idman növlərindən birinə çevirməkdir.







Redaktorun seçimi