Dünyanın idman siyasətində aparıcı rol oynayan beynəlxalq təşkilat…

Hit: 1049
Dünyanın idman siyasətində aparıcı rol oynayan beynəlxalq təşkilat…

Bu gün söz açdığımız beynəlxalq qurum dünyada idman siyasətinə istiqamət verən, idman növünü fənn kimi beynəlxalq aləmdə tanınmasını təmin edən, inkişaf etməkdə olan idman təşkilatlarının beynəlxalq standartlarını müəyyənləşdirən, müvafiq təşkilatlar arasında əməkdaşlığı inkişaf etdirən, bir sözlə idmanın BMT-si saya biləcəyimiz bir təşkilatdır. Bu qurum Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyasıdır.

Bu fikirləri Faktor.az-a açıqlamasında politoloq Pərvin Mehdiyev son zamanlar dünya idman siyasətini istiqamətləndirən təşkilat haqqında danışarkən bildirib. 

Dünyada idman siyasətinin məqsəd və hədəflərini müəyyənləşdirən bir sıra təşkilatlar vardır. Bunlardan ən əsası dünya idmanına öz töhvəsini verən Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyasıdır (eng. Global Association of International Sports Federations). Bu qurum müxtəlif idman növləri üzrə beynəlxalq federasiyaları (Olimpiya Oyunlarının proqramına daxil olan və daxil olmayan), multi-idman oyunlarının komitələrini və müxtəlif idman təşkilatlarını bir çətir altında birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın 115 üzvündən 95 -i tam üzvlüyə malikdir. 

Təşkilat 21 aprel 1967 -ci ildə İsveçrənin Lozanna şəhərində 26 beynəlxalq idman federasiyasının iştirakı ilə təşkil edilən Ümumi Yığıncaqda (GAISF) Beynəlxalq İdman Federasiyalarının Baş Assambleyası adı ilə yaradılmışdır.

Qurumun ofisi 1976-cı ildə Lozannadan Monakoya köçürülmüş və həmin vaxtdan adı Beynəlxalq İdman Federasiyalarının Baş Assosiasiyası (eng. General Association of International Sports Federations) olaraq dəyişdirilmişdir. 2009-cu ilin mart ayında Denverdə keçirilən 7-ci Beynəlxalq görüşdə təşkilatın adı yenidən dəyişdirilərək Beynəlxalq Konvensiya olaraq, "Sport-Akkord" adlandırıldı və Qərargah yenidən Lozannaya qaytarılmışdır. 2017-ci ilin aprelində Danimarkanın Orxus şəhərində keçirilən növbəti Ümumi Yığıncaqda zamanın tələbinə uyğun olaraq, yenidən ad dəyişimi baş tutmuşdur. Beləliklə, təşkilatın Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyası (eng. Global Association of International Sports Federations) kimi adlandırılması qərara alınmış və GAISF orijinal ixtisar adı bərpa edilmişdir.

Assosiasiyanın İdarəetmə orqanı, üzvləri dörd il müddətinə seçilən icra komitəsi sayılır. Hal-hazırda təşkilatın prezidenti Beynəlxalq Motorlu Qayıqlar İdmanı Birliyinin prezidenti Rafael Kyullidir.

Assosiasiyaya üzv olan idman federasiya rəhbərlərinin təşəbbüsü ilə öz idman növlərinin tədbirlər planından kənar müntəzəm olaraq multi-idman tədbirlərinin keçirilməsi qərara alınaraq uğurla təşkil edilməkdədir.

Bunlar Dünya Döyüş Oyunları "GAISF" (World Combat Games) 2010-cu ildən, Dünya Zəka Oyunları "GAISF" (World Mind Games) 2011-ci ildən, Dünya Çimərlik Oyunları "GAISF" (World Beach Games) 2013-cü ildən, Dünya Biznes və İdman Sammiti "GAISF" (International Convention) ASOIF (Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyası) və AIOWF (Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyası) ilə birlikdə 2013-cü ildən, Dünya Şəhər Oyunları "GAISF" (World Urban Games) 2019-cu ildən etibarən keçirilən tədbirlərdir.

Qeyd edilən tədbirlərin proqramına daxil edilən idman növləri dünya idmanın əsas prioritetlərinin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirir. Bu da dünya dövlətlərinin yeni reallığa əsaslanaraq, regional təbii imkan və şəraitinə uyğun öz idman siyasətlərinə yenidən baxmasına imkan yaradır.  

Göründüyü kimi ölkələrin təbii şəraiti nəzərə alınmaqla məqsəd və hədəflərindən yaranan milli strateji planlamalar çağdaş tələblərlə ahəngdarlıq təşkil etdiyi halda dövlətin beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsi mümkündür. Ölkəmiz də bu tendensiyalardan kənarda qalmamalı, müasir idman çağırışlarını öz milli maraqlarına uyğun dəyərləndirməlidir.

 









Redaktorun seçimi