Respublika stadionunun 70 illiyi münasibətilə yoldaşlıq görüşü keçirilib - FOTOLAR

Hit: 654
Respublika stadionunun 70 illiyi münasibətilə yoldaşlıq görüşü keçirilib - FOTOLAR
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) və Futbol Veteranları İttifaqının (FVİ) yığma komandaları Tofiq Bəhramov adına Respublika stadionunun 70 illik yubileyi münasibətilə yoldaşlıq görüşündə üz-üzə gəliblər.
 
Respublika stadionunun qapalı meydançasında keçirilmiş oyundan öncə rəsmi mərasim təşkil olunub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov tədbirin Vətən müharibəsinin ildönümü günlərinə təsadüf etməsinin rəmzi anlamından danışıb. O bildirib ki, Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan haqq savaşı nəticəsində torpaqlarımız işğaldan azad olunub. Vətən müharibəsində canlarından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla anılıb, qazilərə tezliklə sağalmaları arzulanıb.
E.Məmmədov qeyd edib ki, döyüş meydanındakı zəfərlə yanaşı, komandalarımız da beynəlxalq oyunlarda bir çox qələbəmizə imza atıblar. Bu baxımdan, Ağdam rayonunun timsalında 30 ilədək işğal altında olmuş ərazilərimizi təmsil edən "Qarabağ"ın qələbələri xüsusi vurğulanmalıdır: "O "Qarabağ" ki 8 ildir avrokubokların qrup mərhələsində çıxış edir. O "Qarabağ" ki hazırda ev oyunlarını bu arenada keçirir, azarkeşləri möhtəşəm qələbələri ilə sevindirir. Bu stadion həm də "Neftçi"nin qələbələrinə ev sahibliyi edib. Elə bugünkü yoldaşlıq görüşündə də əksəriyyəti "Qarabağ" və "Neftçi"nin veteran futbolçularından ibarət heyət iştirak edir. Fürsətdən istifadə edərək. onlara belə bir unudulmaz görüşün keçirilməsinə razılıq verdikləri üçün təşəkkürümüzü bildiririk".
 
Daha sonra təbrik üçün söz Gənclər və İdman Nazirliyinin Futbol sektorunun müdiri Fikrət Hüseynova verilib. O, Respublika stadionunun rəhbərliyini və əməkdaşlarını 70 illik yubiley münasibətilə təbrik edərək, daha böyük nailiyyətlər arzulayıb.
 
Veteran futbolçular adından çıxış edən Maşallah Əhmədov isə Respublika stadionunda unudulmaz qələbələr qazandıqlarını və yenə bu arenanın diqqət mərkəzində olduğunu vurğulayıb. O, veteran futbolçuların imzaladığı topu stadion direktoru Şamil Quliyevə hədiyyə edib.
AİJF prezidenti, əməkdar jurnalist Qabil Mehdiyev də Respublika stadionunun rəhbərliyini və kollektivini təbrik edib. O, idman jurnalistlərinin təkcə qələmlə deyil, müxtəlif idman növləri ilə məşğul olduqlarını, futbola isə xüsusi diqqət göstərdiklərini söyləyib. Q.Mehdiyev jurnalistlərin beynəlxalq arenada da Azərbaycanı həvəskar futbolçu kimi təmsil etdiklərini vurğulayıb: "Bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisidə Kote Maxaradzenin xatirəsinə həsr olunmuş II Beynəlxalq turnir keçiriləcək. Bizim yığma komandamız ölkəmizi həmin turnirdə təmsil edəcək".
Daha sonra AİJF prezidenti stadionun direktoru Şamil Quliyevə Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə və Respublika stadionunun 70 illik yubileyi münasibətilə xatirə diplomu təqdim
edib.
 
Öz növbəsində, stadionun direktoru Şamil Quliyev arenanın keçdiyi yola nəzər salıb, idman qurğusunun daim dövlətin diqqət və qayğısı ilə əhatələndiyini bildirib. Ş.Quliyev bu stadionda bir çox böyük idman tədbirlərinin keçirildiyini, əlamətdar qələbələrin qazanıldığını diqqətə çatdırıb. "Hörmətli tədbir iştirakçıları, bildiyiniz kimi bu ay Tofiq Bəhramov adına Respublika stadionunun 70 yaşı tamam olur. Bu keçən dövr ərzində mərkəzi arena ölkəmizdə, eləcə də beynəlxalq aləmdə müxtəlif möhtəşəm idman yarışlarına imza atıb, bir çox əlamətdar qələbələr qazanılıb. Stadion bir sıra özəl xüsusiyyətləri və ənənələri ilə seçilmiş şərəfli tarixə malikdir. Respublikanın ilk kütləvi idman tədbirləri məkanı və unikal arxitektura abidəsi sayılan stadion ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. Keçən 70 il ərzində Respublikanın mərkəzi arenası sayılan stadion ictimaiyyətimizin, eləcə də yerli və xarici idmansevərlərin daim diqqət mərkəzində olub və olmaqdadır".
Ş.Quliyev deyib ki, stadionda futbol veteranlarının böyük xatirələri var: "Vaxtilə peşəkar futbolçu kimi bu stadionda dəfələrlə oyun keçiriblər və xalqımıza qələbə sevinci yaşadıblar. Jurnalistlər də stadionumuzu daim diqqətdə saxlayıb və bizimlə birlikdə çalışıblar. Stadionun fəaliyyətini daim işıqlandırdıqları və hər zaman xüsusi diqqət dairəsində saxladıqları üçün onlara öz təşəkkürümü bildirirəm. Bu gün bu tədbirdə keçiriləcək oyunun təşkilinə dəstək verdikləri üçün Azərbaycan İdman Jurnalistləri Federasiyasına və Futbol Veteranları İttifaqına öz dərin minnətdarlığımızı bildiririk".
Ş.Quliyev yubiley tədbirinin təşkilinə dəstək olduqları üçün FVİ-yə və AİJF-yə diplom, E.Məmmədova isə forma hədiyyə edib.
 
Bundan sonra komandalar meydana daxil olublar. Oyun Vətən müharibəsi qazisi, baş leytenant Anar Əhmədov və I Qarabağ müharibəsinin iştirakçısı, veteran futbolçu Novruz Əzimovun topa ilk toxunuşu etməsi ilə başlayıb. Görüş FVİ-nin 6:4 hesablı qələbəsi ilə ilə yekunlaşıb. Veteranlardan qolları Vüqar Nadirov (2), Samir Əliyev, Əli Abışov, Paşa Əliyev və İlqar Qurbanov vurublar. AİJF-nin heyətində isə Mirbağırağa Cəfəri (2), Xanoğlan İmanov və Emin Abbasov fərqləniblər.
1
1
1
1
1
1
1
1







Redaktorun seçimi