1-ci MDB Oyunlarında çıxış edəcək güləşçilərimiz müəyyənləşib

Hit: 686
1-ci MDB Oyunlarında çıxış edəcək güləşçilərimiz müəyyənləşib
Sentyabrın 3-dən 11-dək Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları keçiriləcək. İlk dəfə keçiriləcək oyunlarda 16 idman növü üzrə 1172 idmançı mübarizə aparacaq. 14-23 yaş arası idmançıların iştirak edəcəyi MDB Oyunlarının proqramında güləş də yer alıb.
 
Sərbəst və qadın güləşi üzrə yarışlarda 23 yaşadək idmançılar çıxış edəcəklər. Yunan-Roma güləşi üzrə mübarizə isə 20 yaşadək olan pəhləvanlar arasında baş tutacaq.
 
Sentyabrın 3-də klassik güləşlə məşğul olanlar xalça üzərinə çıxacaqlar. Növbəti gün isə sərbəst və qadın güləşçilər qüvvələrini sınayacaqlar. Görüşlər Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 16:00-da start götürəcək.
 
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət millimiz böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparacaqlar. Heyətdə Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ümidəli Musayev (63 kq), Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (72 kq), Elcan Məmmədov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıblar.
 
Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) sərbəst güləş üzrə yarışda uğur qazanmağa çalışacaqlar.
 
Qadınlara gəlincə, məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Yasəmən Məcidli (55 kq), Jalə Əliyeva (59 kq) və Birgül Soltanova (62 kq) Kazanda çıxış edəcəklər.
 
Qeyd edək ki, komandalarımız bu gün səhər saatlarında Rusiyaya yollanıblar. Beynəlxalq dərəcəli hakimlərimizdən Vüqar Şükürov və Əli Babayev birinci MDB Oyunlarında ədaləti qoruyacaqlar.








Redaktorun seçimi