“Avro-2020 Könüllü Kuboku” yarışının püşkatma mərasimi keçirildi

Hit: 595
“Avro-2020 Könüllü Kuboku” yarışının püşkatma mərasimi keçirildi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Azərbaycan könüllüləri arasında futbol üzrə “Avro-2020 Könüllü Kuboku” yarışının püşkatma mərasimi keçirilib.
 
Mərasim “Avro-2020”nin Bakıda keçiriləcək oyunlarının rəsmi səfiri, Azərbaycanın əfsanəvi futbolçusu, futbol veteranı Vəli Qasımov və “Avro 2020”nin Bakı Könüllülük Proqramının səfiri, tanınmış aktyor və rejissor Taleh Yüzbəyovun çıxışları ilə başlayıb. Qonaqlar çıxışlarında gənclər arasında fəal həyat tərzinin təbliği məqsədilə bu cür idman tədbirlərinin davamlı olaraq keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb, iştirakçı komandalara uğurlar arzu ediblər.
 
Daha sonra çıxış edən “AFFA və Avro-2020” Könüllülər Proqramının meneceri Yusif Vəliyev iştirakçıları yarışın təqvimi və qaydaları ilə tanış edib. Fəxri qonaqların iştirakı ilə keçirilən püşkatmanın nəticələrinə uyğun olaraq 1/4 final mərhələsində rəqib olacaq komandalar müəyyənləşdirilib.
 
Qeyd edək ki, 20 apreldən etibarən start götürəcək yarışda Azərbaycan könüllülərindən ibarət, 16 fərqli təşkilatı təmsil edən komandalar mübarizə aparacaq. Turnirin qalibləri AFFA tərəfindən dəyərli hədiyyələr, eləcə də kubok və medallarla mükafatlandırılacaqlar.








Redaktorun seçimi